AĞDAŞDA “MİLLİ TƏHLÜKƏSİZLİYƏ ƏSAS TƏHDİDLƏRDƏN BİRİ – DİNİ EKSTREMİZM” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

0

Oktyabrın 30-da Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Ağdaş, Mingəçevir, Yevlax, Ucar və Kürdəmir rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturlarının məsul nümayəndələri iştirak ediblər.

Əvvəlcə DQİDK-nin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Seminar-müşavirəni açan Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov nümunəvi dövlət-din münasibətlərindən, dövlətin din siyasətindən danışıb. Bildirib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində insanların dini etiqad və vicdan azadlığı təmin olunur, dini ayinləri sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradılır.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dövlətin din siyasətinin əsas prioritet istiqamətlərindən söz açıb. Bildirib ki, dövlətin din siyasətinin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsinin əhəmiyyətindən də danışan sədr müavini qeyd edib ki, Forumun başlıca məqsədi gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaq, mənfi meyillərin qarşısını almaq və dünyada sülhün bərqərar olunmasına töhfə verməkdir. S.Heydərov bildirib ki, Forumdakı çıxışlar zamanı Azərbaycandakı tolerantlıq, multikulturalizm mühitinə böyük dəyər verilməsi, nəzəriyyədən praktikaya keçirilməsi və Azərbaycan modelinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb. Bununla da dünya birliyinin Azərbaycanın tolerantlıq modelinə böyük dəyər verdiyi vurğulanıb.

Ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm mühitindən bəhs edən sədr müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dostluq şəraitində yaşayır. Dövlətin əsas hədəflərindən biri xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanılması və onun beynəlxalq səviyyədə təbliğidir.

Səyavuş Heydərov dini radikalizm və ekstremizmin yaranma səbəblərindən, mahiyyətindən və ona qarşı mübarizə üsullarından da bəhs edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə hökm sürən sabitlik və inkişafı, həmçinin respublikamızın beynəlxalq arenada nüfuzunun artmasını gözü götürməyən bəzi xarici qüvvələr dini zəmində qarşıdurma yaratmağa, Azərbaycana qarşı pozuculuq fəaliyyətinə cəhd edirlər. Sədr müavini bildirib ki, bəzi şəxslər bu qüvvələrin qurbanı olur, onların alətinə çevrilirlər. Radikalizmlə mübarizədə əsas metodlardan birinin maarifləndirmə olduğunu diqqətə çatdıran S.Heydərov din sahəsi üzrə milli kadrların yetişdirilməsinin vacibliyinə toxunub. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətini vurğulayıb. O, həmçinin dini radikalizmlə mübarizənin ümumxalq işi olduğunu diqqətə çatdırıb.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib. R.Məmmədov 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən söz açıb.

Seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev vurğulayıb ki, sabit, tolerant, regionun ən qüdrətli ölkəsi olan Azərbaycan xarici qüvvələrin təhdidlərindən kənarda deyil. O, iştirakçıları ölkəmizdə ekstremist ideyaları yayılması cəhdlərinə, habelə humanitar yardım adı altında fəaliyyət göstərən missionerlərə qarşı ayıq-sayıq olmağı səsləyib.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Əli Məmmədov ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov da iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ MÜSƏLMAN QARDAŞ HƏR GÜN MİNLƏRLƏ FƏHLƏYƏ PULSUZ QİDA PAYLAYIR

Dubayda iş adamı olan qardaşlar Muhamməd və İmran Kərim hər gün 3 min fəhləni qida ilə təmin edir. 

Bağla