ALLAH BİZDƏN NECƏ QURBAN İSTƏYİR?

0

Qurban ibadətində əsas olan niyyətdir. İnsan qurban kəsərkən ilk olaraq niyyətini düzgün tutmağa çalışmalı, kəsdiyi qurbanı yalnız Allah rizası üçün kəsməlidir. Uca Allah bu barədə belə buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar“. (Həc, 22/37).

                Qurban yalnız müəyyən heyvanlardan kəsilə bilər. Bunlar dəvə, camış, inək, qoyun və keçidir. Bunların xaricində qalan heyvanlardan qurban kəsilməz. Qurban olaraq kəsilən dəvənin beş, inək və camışın iki, qoyun və keçinin isə bir yaşını doldurması lazımdır. (Əbu Davud, Dəhaya, 5; Nəsai, Dəhaya, 13; İbn Macə, Ədahi, 7). Lakin altı ayını tamamlayan bir qoyun bir yaşını tamamlayan qoyun kimi görünərsə, o halda qurban kəsilə bilər. Bu tətbiqat Həzrət Peyğəmbər (s.ə.s) tərəfindən bu şəkildə həyata keçirilmişdir. (Müslim, Ədahi, 13). Lakin dəvə, inək və keçinin qoyuna qiyas olunaraq (məsələn bir illik bir inəyin iki illik bir inək kimi böyük olması) yaşını doldurmadan kəsilməsi icazəli deyildir. Belə ki, hələ bir yaşını doldurmamış amma bir yaşını doldurmuş böyüklükdə olan bir keçini qurban kəsmək istəyən bir səhabəyə Həzrət Peyğəmbər: “Bu sadəcə sənə məxsusdur. Səndən başqa heç kim belə etməsin” – buyurmuşdur. (Buxari, Ədahi, 8).  

                Qurban olaraq seçilən heyvanın qüsursuz olması lazımdır. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Dörd xüsusiyyət vardır ki, bunlar qurban kəsilən heyvanda olmamalıdır; Açıq-aşkar bilinən korluq, xəstəlik, çolaxlıq, həddən artıq arıqlıq”. (Əbu Davud, Ədahi, 6). Bunlardan başqa alimlər dişləri tökülmüş, qulağı və ya quyruğu kəsilmiş, buynuzu sınmış bir heyvanın Allah üçün qurban edilməyə layiq olmadığını bildirmişlər.

                Həzrət Peyğəmbərin (s.ə.s) sünnəsinə uyğun olaraq kəsilən qurbanın ətini üç yerə ayırmaq və üçdə bir hissəsini ehtiyac sahibi kasıblara, üçdə bir hissəsini qohum və qonşulara paylamaq, üçdə bir hissəsini isə ailə üçün saxlamaq olar. (Əbu Davud, Dəhaya, 10). Lakin qurban kəsən şəxs əgər istəyərsə qurbanın hamısını ehtiyac sahibi insanlara paylaya da bilər.

                Qurbanın əti, südü, içalatı, dərisi, yunu və s. satıla bilməz. Həzrət Peyğəmbər (s.ə.s) bununla bağlı belə buyurmuşdur: “Kim qurbanının dərisini satarsa, onun qurbanı qurban sayılmaz.” (Beyhəqi, “əs-Sünən”, IX, 496). Buna görə də alimlər qurbanın dərisi və ya əti satılarsa, əldə olunan məbləğin sədəqə verilməsi lazım gəldiyin irəli sürüblər. Qurbanın dərisi ehtiyacı olan yoxsul insanlara və ya xeyriyyə təşkilatlarına bağışlana bilər.

                Nəticə olaraq, qurban kəsməyə niyyət edən kimsənin Uca Allahın tələb etdiyi və Rəsulullahın (s.ə.s) bəyan etdiyi bu şərtlərə uyğun olaraq qurbanını kəsməsi lazımdı. Uca Allahın insandan istədiyi qurban məhz bu qurbandır. 

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ QURBAN BAYRAMI İLƏ BAĞLI FƏTVA VERİB

AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na...

Bağla