ALMA MƏZLUMUN AHINI

0

Tarixin səhifələrini bir anlıq vərəqləsək öz qəddarlığı, zalımlığı, barbarlığı ilə ad salmış neçə nümunələr görə bilərik. Bu nümunələr insanlıq tarixi üçün hər zaman qara ləkə olaraq qalmışdır. Dövr dəyişmiş, insanlıq elm, texnologiya, iqtisadi və hərbi baxımdan böyük məsafələr qət etmişdir. Lakin buna baxmayaraq xəstə təfəkkürə sahib olan bir çox insan kütləsinin düşüncə dünyası inkişaf etmək əvəzinə daha da geriləyərək qəddarlığa, barbarlığa, azğınlığa yönəlmişdir. “Görünən dağ üçün bələdçiyə ehtiyac yoxdur” – demişlər. Görünən odur ki, maddi zənginlik mənəvi zənginliklə yoğrulmadıqca həqiqi inkişafa nail olmaq qeyri-mümkündür. Ədalətin olmadığı, haqq və hüququn tapdandığı, körpə uşaqların amansızcasına qətl edildiyi bir dünyada hansı inkişafdan söz gedə bilər ki!? Bizə bəzədilmiş saxta sözlərlə inkişaf olaraq təqdim olunan “inkişaf etmiş” nümunələr bu gün bir daha ortaya qoydu ki, əslində sadəcə daşı-daş üstünə qoymaqla həqiqi inkişafa nail olmaq mümkün deyildir. Bunu bütün bəşəriyyətin ibrət gözü ilə izləməsi və hər kəsin özünə önəmli dərslər çıxarması lazımdır.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Üç dua vardır ki, onların qəbul olmasında əsla şübhə yoxdur. Zülmə məruz qalanın (məzlumun) duası, səfərdə olanın duası və valideynin övladı üçün etdiyi dua”. (İbn Macə, Dua, 11) Bu gün dünyaya gələr-gəlməz bir zalımın gülləsinə tuş gələn, uçulmuş, xaraba qalmış binaların arasında körpə əllərini qaldıraraq yalnız “Allah!” deyə bilən, atasını, anasını, bacısını, qardaşını itirdiyinin belə fərqində olmadan titrək səsi ilə: “sizi Allaha şikayət edəcəyəm” – deyən körpələrin ahı yerdə qalarmı?! Əsla! Biz çarəsizlərə çarə olmasaq da Allah bütün bunları görməkdə və bilməkdədir. Ey insan! “Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır”. (İbrahim, 14/42).

Nəticə olaraq, tarix zalımların etdiyi bir çox zülmlərə şahid olsa da, zalımlar daim qara bir ləkə, məzlumlar isə qəhrəman kimi yad edilmişdir. Qarabağ müharibələrinə şahid olmuş bir millət olaraq biz əminliklə deyə bilərik ki, bu gün dünya gözü ilə biz məzlumun əzildiyini görsək də bir gün mütləq bu “ah” yerdə qalmayacaqdır. Atalarımızın da dediyi kimi: “Alma məzlumun ahını çıxar ahəstə-ahəstə”.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir”

"Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir". “Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib...

Bağla