Altıncı cüz Nisa surəsinin 147–176-cı ayələri ilə başlayır və Maidə surəsinin 82-ci ayəsinə qədər davam edir. Bu cüzdə əsasən Əhli-Kitabın yanlış inancları, ictimai və hüquqi hökmlər, ibadət qaydaları və dini əxlaq mövzuları işlənir.
Nisa surəsinin son ayələrində yəhudilərin işlədikləri günahlar, xristianların üçləmə (teslis) inancı tənqid olunur. 176-cı ayədə miras məsələsi izah edilir və surə tamamlanır.
Maidə surəsi Mədinədə nazil olmuşdur və adını Havarilərin Hz. İsadan göydən bir süfrə istəməsi ilə bağlı ayələrdən almışdır. Surədə Əhli-Kitabın batil inancları, dini hökmlər və ictimai davranış qaydaları geniş şəkildə izah olunur.
3–5-ci ayələrdə hansı heyvanların ətinin halal və haram olduğu bildirilir. 6-cı ayədə dəstəmaz və təyəmmüm qaydaları izah edilir. 12–26-cı ayələrdə yəhudi və xristianlara edilən xəbərdarlıqlar, onların əsassız iddialarına cavablar yer alır.
27–31-ci ayələrdə Hz. Adəmin oğulları Habil və Qabilin hekayəsi verilir. 32-ci ayədə bir insanı öldürməyin bütün bəşəriyyəti öldürmək kimi olduğu, bir insanı yaşatmağın isə bütün insanlığı yaşatmaq kimi olduğu vurğulanır.
33–39-cu ayələrdə Allah və Rəsuluna qarşı savaş açanların, oğruların cəzaları açıqlanır. Bu cəzalar ictimai nizamın qorunması üçün mühüm hüquqi tədbirlərdir.
41–82-ci ayələrdə Əhli-Kitabın ikiüzlü davranışları, ayələri təhrif etmələri, namazla istehza etmələri, Allahı xəsisliklə ittiham etmələri və xristianların Məryəmə və İsaya (Allahın salamı olsun onlara) ibadət etmələri tənqid olunur. Yəhudilərin xristianlardan daha təhlükəli olduğu da qeyd edilir.
Altıncı cüz, Əhli-Kitabın yanlış inanclarını və davranışlarını tənqid etməklə yanaşı, müsəlmanlara halal-haram, ibadət, ədalət və ictimai nizamla bağlı mühüm hökmlər təqdim edir. Ayələrdə insan həyatının dəyəri, dini itaətin əhəmiyyəti və cəmiyyətin qorunması üçün hüquqi tədbirlərin vacibliyi vurğulanır.
Rəşad Manafov



