ANA QUCAĞI BEHİŞT GÜŞƏSİDİR

0

Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir.

Gözləri görməyən, anadangəlmə kor olan bir gənc, ana haqqında hisslərini belə ifadə edir: “Eşitdim ki, dünya gözəldir. Gündüzləri nura qərq edən günəş, gecələri aydınlığa bürüyən ay və ulduzlar, mavi dənizlər, yaşıl meşələr, uca dağlar, baharda açan rəngbərəng güllər, cəh-cəh vuran quşlar… Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam… Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona doya-doya baxa biləydim… Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim…”

Təəssüf ki, analı günlərin ömrü çox da uzun olmur. Nə vaxtsa ana itkisi qapımızı döyür. Bu dərd isə çox dözülməzdir. Hətta insan özü qocalıb əldən düşənə qədər anasızlığı ilə barışa bilmir və hər kəsə taleyin bu yumruğu dəyir. Bu haqda olan gözəl bir hekayəni sizlərla paylaşmaq istəyirəm.

On yaşlarındakı kiçik qız məktəb önlüyünün düymələrini keçirməyə çalışarkən o qədər tələsik edirdi ki, həyəcandan əlləri bir-birinə dolanırdı. Yatmaqdan şişmiş gözlərini ovxalaya-ovxalaya həyətə qaçdı. Son günlərdə davamlı olaraq gec oyanırdı, ilk dərsə gecikirdi. Müəlliminin verdiyi cəzadan çox, hər səfər yalan söyləmək məcburiyyətində qalması, o kiçik ürəyini yorurdu. Bu səfər hansı bəhanəni uyduracaqdı? Yatıb qaldığını söyləsə, müəllim hər zamankından daha çox hirslənəcəkdi. Anasına söz vermişdi, nə olursa olsun, başına nə gəlirsə gəlsin, əsla yalan söyləməyəcək. Gecikdiyi günlərdə müəlliminin baxışları ilə alovlanan yanğına qarşı, yalanların arxasına çarəsizlik içində gizlənirdi. Məktəbin qapısına çatdığında qaçmaqdan tərləmişdi. Alnına, kədər mürəkkəbi ilə yazılan yazını, saçlarından süzülən ipək tellər daha aydın göstərirdi. Al yanaqlarının üzərinə yerləşən şiş gözlərlə etrafına baxır, utancaq addımlarla dəhlizdə gedirdi. Kiçik çiyinlərində ağır bir çanta ilə sinifin önünə gəldi. Son dəfə önlüyünü düzəldib qulağını qapıya yasladı. İçəridə heç səs yox idi. Çantasını çiynindən əlinə alıb balaca əlləri ilə qapını bir neçə dəfə döydü. Ürkək addımlarla içəri girdiyində sinifdəki səssizlik yerini fısıltılara qarışan gülüşlərə verdi. Uşaqların bəzisi gec qaldığı üçün ona hirslənir, bəzisi istehzalı baxışlarla gülürdü. Kiçik qız yerinə keçməyə hazırlaşırdı ki, müəllim sinifi və gülüşmələri susduran, kiçik qızın ürəyini titrədən çıxışına başladı:

 – Dayan! Yerinə oturma! Sənə dəfələrlə xəbardarlıq etdim, cəzalandırmaqdan bezdim. Sən isə gecikməkdən bezmədin. Lövhənin yanına keç və dərs bitənə qədər tək ayaq üzərində dayan. Məsuliyyətsizliyinə son verənə qədər belə edəcəyəm. Ayağını endirdiyini görməyim!

            Müəllim, hədəfə qoyduğu kiçik bir qəlbi tam ortasından yaralamışdı. Mərhəmətsiz bir rəssamın əlindən çıxan hüzün mənzərəsi sinifin ortasında dayanırdı. Digər uşaqların yenidən başlayan gülüşləri tabloya vurulan fırçanın son zərbələri oldu. İstehzalı baxışlardan qaçırdığı gözlərində, yağmağa hazırlanan buludlara dirənən kiçik qız, lövhənin yanına keçdi. Ayağını qaldırdı və dərs qaldığı yerdən davam etdi. Kiçik ayaqlarında güc tükənmək üzərə idi. Onun bu əziyyətini və dərsi sonlandıran tənəffüs zəngi,  nəhayət ki, vuruldu. Qapıya doğru qaçan uşaqlar geridə qalanları çoxdan unutmuşdular. Müəllim sinifdə stolun üstündəki kitablarını götürürdü. Kiçik qızın üzünə belə baxmadan “Oldu! Çıxa bilərsən” – dedikdən sonra, uyuşan ayaqları ilə  bir neçə addım atan qıza yenidən  səsləndi:

 – Dayan bir az! Hər gün dərsə gecikirsən. Bu belə davam edə bilməz! Ya yatmaqdan, ya da məktəbdən əlini üz! İkisini də eyni anda etməyə çalışmağından bezmişəm. Necə bir anan varmış ki, səni məktəbə hazırlamaqda aciz, gələcəyinə qarşı məsuliyyətsizdi. Dəfələrlə çağırmağıma baxmayaraq, bir dəfə belə valideyn iclasında onu görməmişəm. Sənin məsuliyyətsizliyinin digər uşaqlara da nümunə olmasına izin verməyəcəyəm. Ya həyatını nizama sal, ya da…

Müəlliminin ağzında çaxan şimşəklər, kiçik qızın gözlərində gözləyən buludlara düşürdü. Yağan yağışlar quraqsamış bir ürəyi yumuşaltmağa yetmir, suallar davam edirdi:

 – Oxumaq istəmirsən? Elə isə nə sən yorul, nə də biz!

 Kiçik qızın başı önünə düşmüşdü.

 – Xeyr, müəllim. Oxumağı çox istəyirəm, həm də lap çox, ancaq hər səhər eyni yuxunu görürəm.

 – Nə görürsən yuxunda?

– Keçən il məni tək qoyan anamı cənnətdə görürəm. Mənim üçün çox darıxdığını söyləyir, pambıq kimi yumşaq əlləri ilə başımı oxşamaq istəyir, əlini uzadan zaman oyanıram. Yanaqlarına süzülən yaşları sildikdən sonra dərin bir ah çəkib sözlərinə qaldığı yerdən davam etdi:

            – Onun üçün o qədər çox darıxmışam ki… Bəlkə eyni yuxunu yenidən görərəm, bəlkə yuxu qaldığı yerdən davam edər deyə yenidən yatıram, oyanmaq istəmirəm. Ancaq yuxu qaldığı yerdən davam etmir…

Daha çoxunu anladacaq gücü qalmamışdı. Titrəyən səsi ilə son bir cümlə də qurdu:

– Yuxumda da olsa, bir dəfə başımı oxşamasını, onu bərk-bərk qucaqlamağı o qədər çox istərdim ki…

İndi siz deyin! Hansı qucaq ana qucağı qədər isti, hansı ürək ana ürəyi qədər mərhəmətli, hansı dərman ana əli qədər şəfalı ola bilər? Hansı həsrət ana həsrəti qədər ürəyi yandırar?

Mətanət Kərimova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TELEVİZİYA VƏ GƏLƏCƏK NƏSİL DƏRDİ

Bundan qırx il əvvələ qədər axşamlar ailədə evin böyüyü faydalı hekayələr oxuyar, tariximizdən qəhrəmanlıq nağılları danışardı.

Bağla