AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUNDA KƏRBƏLA HADİSƏLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

0

Sentyabrın 19-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” mövzusunda “dəyirmi masa” keçirilib.

Aİİ-dən bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, institutun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru dosent Elnurə Əzizova, ilahiyyatçı alim Aslan Həbibov və tədqiqatçı-yazar Natiq Rəhimov iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərindən danışan C.Məmmədov diqqətə çatdırıb ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərin təşkil edildiyini bildirən rektor Kərbəla hadisəsinin mahiyyəti barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, 680-ci ildə baş vermiş Kərbəla hadisəsi İslam tarixinə yazılmış qanlı səhifələrdəndir. İslam peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının faciəvi şəkildə şəhid edilməsi müsəlmanların hər zaman ürək ağrısı ilə xatırlayacağı hadisədir. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bu faciəni tarixboyunca dərin hüznlə qarşılayıb, Kərbəla şəhidlərinin xatirəsini əziz tutublar.

Azərbaycanda son illər həyata keçirilən uğurlu din siyasəti nəticəsində Kərbəla hadisələrinə, Aşura mərasiminə daha mütərəqqi yanaşmanın müşahidə edildiyini vurğulayan C.Məmmədov bildirib ki, ölkəmizdə Kərbəla şəhidlərinin xatirəsi qan verərək, insanların həyatını xilas edərək əziz tutulur. Bu işin təşkili ilə belə müqəddəs və tarixi günlərdə insanlıq üçün fədakarlıq dəyərləri aşılanır ki, bu da əsl İslamın mahiyyəti ilə üst-üstə düşür. Aşura günü qanvermə aksiyalarının təşkili Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfədir. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır. Aİİ-nin bu il qanvermə aksiyası təşkil etdiyini və institut heyətinin də bu aksiyaya qatıldığını deyən C.Məmmədov belə nümunəvi tədbirlərin davamlı olacağını bildirib.

Tədbirdə Məhərrəm ayının müsəlman aləmində mühüm dini-mənəvi əhəmiyyət daşıyan, özündə hüzn və mərdliyi, qəhrəmanlığı birləşdirən mühüm hadisələr ayı olduğu söylənilib. Qeyd olunub ki, İmam Hüseynin və tərəfdarlarının şəhadəti İslam adına çox böyük şücaət nümunəsidir. Bütün müsəlmanlar bu faciəni tarixboyunca, dərin kədərlə qarşılayıblar. Təsadüfi deyil ki, klassiklərimizin əksəriyyəti öz yaradıcılığında Kərbəlada baş vermiş hadisələrə xüsusi yer ayırıb, İslam peyğəmbərinə və Əhli-Beytə məhəbbətlərini izhar ediblər. Buna bariz nümunə kimi Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əliağa Vahid və digərlərinin əsərlərini göstərmək olar.

Kərbəla hadisəsinin sosio-psixoloji tərəflərini təhlil edən iştirakçılar bu hadisənin yaşadığımız dövrdə İslam dünyası, xüsusən xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Kərbəla hadisəsi özlüyündə düşmənə və zülmkara qarşı amansız mübarizə aparmağı təlqin edir. Torpaqlarımızın 20 faizinin erməni işğalçılarının tapdağı altında olduğunu, həmçinin öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın bu zülmdən əziyyət çəkdiyini nəzərə alsaq, Aşura günü matəmdən çox, qəhrəmanlıq salnaməsi kimi yad edilməli, gənclərimizə İmam Hüseynin mübarizlik məktəbi nümunə kimi göstərilməlidir. Təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin yad edilməsi təqdirəlayiqdır.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

Mənbə: AzerTac

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AŞURA GÜNÜ VƏ VƏZİFƏLƏRİMİZ

Allah-Təalanın bizlərə lütf etdiyi mübarək, fəzilətli olan ay və günlərdən biri də hicri-qəməri ayların birincisi Məhərrəm ayı və bu ayın...

Bağla