Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasından 31 il ötür

0

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasından 31 il ötür.

İki qardaş ölkə arasında diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da rəsmi Ankaranın Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra – 1992-ci il yanvarın 14-də qurulub.

Həmin ilin avqustunda Azərbaycan Türkiyədə səfirlik açıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı müttəfiq olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Bakı-Ankara əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf edir. İki dövlətin liderlərinin- Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın ənənə halını almış qarşılıqlı səfərləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında, habelə qarşılıqlı inteqrasiyasında mühüm rol oynayır.

Ermənistanın tarixi ərazilərimizi işğal altında saxladığı dövrdə Türkiyə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi, hərbi və mənəvi dəstək verib.

Həmçinin, iki qardaş ölkə keçirilən birgə hərbi təlimlərlə dostlara inam, düşmənə gözdağı verməkdə davam edir. Xatırlatmaq yerinə düşər ki, təkcə ötən il təxminən 20 birgə hərbi təlim keçirilib. Bu təlimlərlə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi aparır. Eləcə də Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla davam edir.

Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Beləliklə, Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. “Şuşa Bəyannaməsi” həmçinin, dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun formada həyata keçirirlər.

“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar atılır. Digər dövlət qurumları da gündəliklərini “Şuşa Bəyannaməsi”nin tələblərinə uyğunlaşdırırlar.

Bu gün Azərbaycan-Türkiyə birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Xüsusilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində rəsmi Ankaranın səmimiyyəti və qətiyyəti Cənubi Qafqazdakı sülh idealı üçün mühüm əhəmiyyət daşıyır.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGİLTƏRƏDƏ MÜSƏLMANLAR KİLSƏDƏ AZAN OXUDULAR – VİDEO

İngiltərədə yaşayan müsəlmanlar yerli xristianların nadir hallarda istifadə etdiyi kilsəni satın alıblar. Yerli müsəlman icması 930 min funt-sterlinqə (təqribən 1...

Bağla