BƏLA AĞIZDAN ÇIXAN SÖZƏ BAĞLIDIR

0

İnsanın başına gələn müsibətlərin bir çoxu dili səbəbilədir. Buna görə də hər kəs agzından çıxan sözünə diqqət etməli və dilini gözəlliklərə alışdırmalıdır. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Özünüzə xeyirdən başqa dua etməyin. Çünki mələklər dediklərinizə ‘Amin!’ deyərlər”. (Müslim, Cənaiz, 7). Mömin bir şəxsə dilini pis sözlərə öyrəşdirməyi yaraşdırmayan Allah Rəsulu (s.ə.s) gündəlik həyatdakı münasibətlərdə qarşılaşdığımız mənfi hallar zamanı bədduadan uzaq olmağımızı tövsiyə etmişdir. Bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Özünüzə, uşaqlarınıza, xidmətçilərinizə və mallarınıza bəddua etməyin. Olar ki, Allahdan istənilənlərin ehsan edildiyi bir vaxta rast gələrsiniz, Allah da dilədiyinizi qəbul edər”. (Əbu Davud, Vitr, 27).

            İnsan ağzından çıxan sözə diqqət etdiyi təqdirdə sözə sahib olar. Lakin söz ağızdan çıxdıqdan sonra insan sözün quluna çevrilər. Bu mənada Həzrət Əliyə nisbət olunan gözəl bir kəlam vardır: “Sirrin sənin əsirindir. Sən sirrini başqasına danışarsansa, onun əsirinə çevrilərsən”. Yenə bu mənada həm Həzrət Peyğəmbərə (s.ə.s) həm də bəzi səhabələrə nisbət olunan bir kəlamda: “Bəla ağızdan çıxan sözə bağlıdır” – buyurulur. (İbn Əbi Şeybə, “Müsənnəf”, V, 231).

            Qurani-Kərimdə Həzrət Yəqubun (ə.s) bir yuxu gördüyü və bu yuxuda qurdların oğlu Yusifə hücum edərək onu parçaladığı qeyd olunur. Yəqub (ə.s) bu səbəblə oğlanlarına Yusif (ə.s) üçün: Qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”. (Yusif, 12/13) – deyərək narahatlığını dilə gətirmişdir. Amma özüdə fərqində olmadan qardaşlarının Yusifə (ə.s) quracaqları tələyə yol göstərmişdir. Çünki o vaxta qədər Yusifin qardaşları qurdların Yusifi yeməsini düşünməmişdilər. Beləliklə də Yəqubun (ə.s) agzından çıxan söz Yusif (ə.s) üçün bəlaya çevrilmişdir.

            Nəticə olaraq, insan dilini gözəlliklərə öyrəşdirməlidir ki, ağzından çıxanlar onun üçün bəlaya çevrilməsin. Çünki dil gözəlliklərə öyrəşdikdə gözəllikləri, pisliklərə öyrəşdikdə isə pislikləri özünə cəlb edər.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏNGİLANIN İŞĞALDAN AZAD OLUNMASINDAN 1 İL ÖTÜR

Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür. “Report” xatırladır ki, şəhərin erməni işğalçılarından...

Bağla