Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yəhya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
“Report” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransda 40-a yaxın ölkədən, 18 beynəlxalq təşkilatdan ümumilikdə 200-ə yaxın din xadimi, Milli Məclisin deputatları, alimlər, dövlət və hökumət rəsmiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Bakuvinin elmi, fəlsəfi və mənəvi irsi, onun İslam dünyasının düşüncə və təsəvvüf ənənəsindəki rolu, eləcə də irsinin müasir dövr üçün əhəmiyyəti müzakirə olunub.
Konfransda açılış nitqi ilə çıxış edən QMİ sədri Allahşükür Paşazadə vurğulayıb ki, müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, İslamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir. Onun fikrincə, Seyid Yəhya Bakuviyə həsr olunan konfrans Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanış olmaq fürsəti verir.
TDT Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında Seyid Yəhya Bakuvi irsinin türk və İslam dünyasının ortaq mənəvi və intellektual irsinin mühüm hissəsi olduğunu bildirib. O, TDT ölkələrinin dini qurumları arasında əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini qeyd edib.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam da çıxışında Bakuvinin irsinin sülh, mərhəmət, mötədillik və insan ləyaqəti kimi dəyərlərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, fərqlilik qarşıdurma və nifrət yox, qarşılıqlı tanıma və əməkdaşlıq üçün imkan olmalıdır.
Türkiyənin Diyanət İşləri naziri Safi Arpaquş bildirib ki, türk dünyasını birləşdirən əsas dəyərlərdən biri ortaq dil, tarix, mədəniyyət və mənəvi irsdir. O, əcdadlardan miras qalan mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vurğulayıb ki, Azərbaycan hökumətinin TDT çərçivəsində əməkdaşlığa göstərdiyi xüsusi diqqət, eləcə də Azərbaycanın ev sahibliyi və dəstəyi sayəsində üzv ölkələr arasında sıx və səmərəli təmaslar davamlı xarakter alıb.
Komitə sədri qeyd edib ki, bu istiqamətdə mühüm addımlardan biri cari il iyunun 30-da Şuşada TDT ölkələrinin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi olub. O bildirib ki, həmin platformanın fəaliyyətinin sistemli və ardıcıl xarakter alması, əlaqələrin ənənəvi əməkdaşlıq modelinə çevrilməsi əsas strateji prioritetlərdəndir.
Konfransda Azərbaycanın və türk-islam dünyasının zəngin dini-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Beynəlxalq Konfransda türk dünyası üçün əhəmiyyətli olan “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom təqdim edilib. QMİ sədri A.Paşazadənin müəllifi olduğu, iki qardaş xalq, əbədi dost və müttəfiq dövlətin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin – Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri və müdrik addımları sayəsində mənəvi irsin, İslam dəyərlərinin qorunub inkişaf etdirilməsi istiqamətində misilsiz fəaliyyətləri əks etdirmək məramı daşıyan nəşr iki dildə – Azərbaycan və özbək dillərində işıq üzü görüb.
QMİ tərəfindən hazırlanıb nəşr edilmiş “Piri-sani – Seyyid Yəhya Bakuvi”, Azərbaycan və ingilis dillərində “İrəvan Qazılığının tarixi” kitablarının və digər nəşrlərin Beynəlxalq Konfrans çərçivəsində təqdimatı keçirilib. Bildirilib ki, konfransın materialları əsasında həmçinin mötədil İslam dəyərləri – Bakuvi irsinə həsr olunmuş film hazırlanacaq.
Sentyabrın 15-də Beynəlxalq Konfrans işini bölmə iclasları ilə davam etdirəcək.



