BİLİYİN KÖKÜ

0

“Elm” kəlməsi, “bir şey haqqında bilinən dəqiq məlumat” mənasına gəlir. Bu sözün kəsb etdiyi məna fərqli dövrlərdə müxtəlif mənalar ehtiva etmişdir. Fərqliliklər biliyin qidalandığı qaynaqdan dolayıdır. Belə ki, cahiliyyə dövründə (İslamdan əvvəl) elm, şəxsi təcrübəyə dayanan, nəsildən nəsilə ötürülən və etiraz qəbul etməyən bir inanca əsaslandığı üçün qəti məna ifadə edirdi (əl-Faruqi: 2016, 9). İslam dini ilə bərabər elm sözünə yeni və fərqli bir məna yükləndi. Elm sözünün ehtiva etdiyi yeni mənalara Qurani-Kərimin Rum surəsinin 29-cu ayəsində toxunulur:

            “Halbuki zülmə düçar olanlar heç bir məlumatı olmadan öz şəxsi istək və istəklərinin ardınca gedirlər. İndi Allahın hidayətdən uzaqlaşdırdığını kim həqiqətə çatdıra bilər? Belə insanların heç bir köməkçisi yoxdur.” (ər-Rum, 30/29).

            Yuxarıdakı ayədə elm sözü “Allaha təslim olmaq”, “hidayətə çatmaq” mənalarında istifadə edilmişdir. Yəni elm, ilahi qaynaqlı olan və doğruluğunun dəlili elə həmin mənbə olan bilikdir. İlahi qaynaqlı olduğu üçün həmin bilikdə zənn və şübhəyə yer yoxdur.

            X əsrdə Yunan fəlsəfəsi və məntiqinin İslam elmlərinə daxil olmasından sonra elmin əhatə dairəsi böyüdü. Yeni elm sahələri yarandı. Fərqli elm sahələrinin yaranması nəticəsində elm sahələri “məmduh” (bəyənilən) və “məzmum” (bəyənilməyən) adlı iki başlıq altında yenidən təsnif edildi. Təfnifləndirmədə əsas meyar olaraq Həzrət Peyğəmbərin (s.ə.v.) “faydasız elm” sözü qəbul edildi. İslam elmləri və insan üçün faydalı olan tibb, astronomiya, riyaziyyat, həndəsə və s. elmlər “məmduh” təsnifi içərisində yer aldı. İnsan üçün faydalı olmayan elmlər isə “məzmum” təsnifinə daxil edildi (əl-Faruqi: 2016, 10).

            XIX və XX əsrlərdə elm və bilik sözlərinin əhatə və təsir dairələri genişlədi. Bu da müsəlmanları elm və biliyə fərqli prizmadan baxmağa vadar elədi. Fransa burjua və sənaye inqilablarından sonra Avropada dəqiq və humanitar elmlər sürətlə inkişaf etməyə başladılar. Həmin dövrdə İslam dünyasında xaos hakim idi. Avropa bunu istifadə edərək öz hegemon gücünü İslam ölkələrində hiss etdirməyə başladı. Həmin dövrdə İslam aləmində hakim olan düşüncə Avropanın sarsıdıcı gücünün təsirində qalaraq elm və biliyə tam fərqli prizmadan baxmağa başladı. Artıq Avropanın əldə etdiyi elmi nəaliyyətlər İslamın və Qurani-Kərimin təsdiqi kimi istifadə olunmağa başladı. Müsəlman mütəfəkkirlər İslamı və Qurani-Kərimi Avropanın düşüncə üsulları üzərindən təqdim etdilər və ayələri elmi nəaliyyətlərə görə təfsir etdilər. Bu düşüncənin təməlində İslamın dəyişməz həqiqətlərindən öncə elmi nəticələrin nə ifadə etdiyi təəssüratı vardır. Cəmaləddin Əfqani, Məhəmməd Abduh və s. ilə başlayan bu üslub hələ də mövcudiyyətini qoruyub saxlayır (əl-Faruqi: 2016, 10-11).

            Bu gün müsəlmanlar yuxarıdakı düşüncəyə qarşı alternativ bir düşüncə hazırlamalıdır. Elm və biliyin müsəlmanlar tərəfindən necə açıqlandığı, bunun bilik və elmi nəaliyyətlərimizə müsbət və ya mənfi necə bir təsir edəcəyi tədqiq edilməlidir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandakı dini konfessiyalar seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar

Azərbaycandakı dini konfessiyalar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müraciət yayaraq seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar. Müraciətdə...

Bağla