BİR VƏFA DƏRSİ

0

Bu yaxınlarda xəbərlər proqramının birində ibrətli bir hadisənin şahidi olduğum zaman bu hadisəni qələmə alıb sizinlə paylaşacağıma söz vermişdim öz-özümə. Çünki bu xəbəri izlədiyim zaman şok keçirmişdim desəm yanılmaram. Həyatda çox ibrətli hadisənin şahidi olmuşdum, ancaq bu qədərilə heç vaxt rastlaşmamışdım doğrusu. Verdiyim sözü tutaraq sizinlə paylaşıram bu ibrətli hadisəni. Onu da qeyd edim ki, xəbərlər proqramında yayınlanan reportaj rayonların birində baş verən real hadisə haqqında hazırlanmışdı.

Bir nəfər illər öncə bir iti götürüb onu balacalıqdan baxaraq böyüdür. Onun bütün günü qayğılarına qalır, əzizləyir, sözün əsl mənasında ona sahbilik edir. Bu birlikdəlik uzun illər davam edir. Günlərin bir günü itin sahibi sağalmaz xəstəliyin əsarətinə düşür. Elə çox keçməmiş itin sahibi haqqın rəhmətinə qovuşur. Ev sahibinin yoxluğu ev əhlinə çox təsir edir. Amma sadəcə bu yoxluq ev əhlini deyil, eyni zamanda ev sahibinin itini də kədərə qərq edir. İllərdir varlığına adət edib, qayğısını hiss etdiyi sahibi bir neçə gün idi ki, yox idi ortalıqda. Tanışdıqları gündən bu günə qədər sahibindən ən çox bir-iki gün ayrı qalmışdı. Artıq iki həftə keçmişdi, ancaq sahibi ortalıqlarda yox idi. Onun yeməyini və suyunu başqaları verirdi artıq. Bir neçə gün sahibinin yoxluğunu hiss edən heyvan bu narahatlığını ətrafdakılara da hiss edtdirməyə çalışır. Ancaq nə fayda. Bu dilsiz heyvanın dərdini nə başa düşən olur, nə də dilindən anlayıb dərdinə çarə olan. Bu minvalla yazıq heyvan sahibinin qırx mərasimi günü evin həyətindən qəbiristanlığa yollanan insanların arxasına düşüb onlarla birlikdə üz tutur qəbiristanlığa. Bir də nə görsə yaxşıdır. Birlikdə gəldiyi insanlar qəbiristanlıqda sahibinin şəkli olan bir daşın qabağında dayanıb, nə isə oxuyur, göz yaşı tökürlər. Bir müddət ətrafında baş verənləri qərib baxışlarla seyr edir. Sahibinin buradan bir daha qayıtmayacağını hiss edən heyvan gələn insanlarla bir daha evə qayıtmır. Sahibinə qarşı olan etibarını sahibinin başdaşı üzərində keşik çəkməklə göstərir. İsti, soyuq demədən, aclığa məhəl qoymadan sahibinin başdaşı üzərindən bir an belə olsa ayrılmır. Qəbiristanlığa nəzarət edən insanlar bu heyvanın sahibinə qarşı olan etibarını görərək ona qəbir daşının yanında bir yuva inşa edirlər. Eyni zamanda hər gün onun yeməyini də məhz buraya gətirirlər. Qəribəsi orasıdır ki, hər dəfə bu qəbri ziyarət edən insanları bu vəfalı heyvan qəbristanlığın çıxışına qədər ötürür və yenidən yüzlərlə qəbir daşının arasından öz sahibinin qəbir daşını tapır və keşik çəkməyə davam edir.

İlk baxışdan dilsiz və ağılsız görünən bu heyvanın öz sahibinə qarşı nə qədər etirbarlı olduğu hər halda hər birimizə aydındır. Düşünə bilən hər bir kəs üçün bu hadisə nə qədər təsirli olsa da bir o qədər də ibrətamizdir.

Hətta bu yaxınlarda amerikalı bir otel sahibinin mirasının ən çox hissəsini o cümlədən 12 milyon dollarlıq sərvətini ağ rəngli ”Trouble” adlı itinə qulluq edilməsi üçün ayırması və itini öldükdən sonra onun qəbrinin yanında basdırılmasını vəsiyyət etməsi, eyni zamanda 4 uşağından ikisini öz mirasından məhrum etməsi çox düşündürücü haldır. Bu hadisə ictimai qınağa səbəb olsa da, bir az düşündüyümüz zaman bu insana da haqq qazandıra bilərik hardasa. İnsanların öz doğma övladlarından görə bilmədyi isti münasibəti itində, pişiyində axtarması normal bir hal alıb artıq. Cəmiyyətimizdə insanlar arası soyuqlaşmanın elə bir həddinə gəlib çatmışıq ki, heyvanların insanlara qarşı göstərdikləri isti münasibət bəlkə də insanlara göstəriləcək ibrətli bir mesaj olaraq qəbul edilməlidir. Səmimiyyətlə deyə bilərik ki, bizlərdən heç birimiz bir əzizimiz rəhmətə getdiyi zaman ömrümüzü onun məzarının yanında keçirmirik. Bəlkə də bu hadisədən sonra bir az düşünməliyik. Qocalar evlərinə tərk edilən analar və atalar, yetim evlərində ata-ana sevgisindən məhrum böyüyən körpələr bizi düşündürməlidir. Bir heyvan insana qarşı bu qədər etibarlı ola bilirsə, deməli biz də bunu bacara bilərik. Aramızdakı buzlar əriməlidir artıq. Sevgi və güvən hakim olmalıdır insanlığa. İnsanlar ilk olaraq Uca Yaradının yer üzündəki xəlifəsi və ən şərəfli varlığı olan insanlığa hörmət etməyi bacarmalıdırlar. Bütün yaradılanların ən şərəflisi olduğumuz halda niyə özümüzü heyvandan daha aşağı səviyyəyə salmalıyıq ki?

Hələ heç nə gec deyil. Hər an ediləcək iş üçün münasib vaxtdır. İnsanlıq yox olmadan, biz insanlığa sahib çıxaq! İnsanlığın sonuna qoyulacaq nöqtə, bizim ömür kitabının sonuna düşmədən həyat romanımızda insanlığı seygiylə anaq!

Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA TƏHSİLƏ VERİLƏN ƏHƏMİYYƏT

İslam dini göndərildiyi zamandan etibarən hər dövrdə dünyanı aydınladan işıq olub. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və Əshabi-kiram Quran əxlaqının insanlara qazandırdığı üstün və...

Bağla