“Bursa-2022” – türk dünyasının mədəniyyət paytaxtı proqramının açılışı olub

0

Türkiyədə “Bursa-2022” – türk dünyasının mədəniyyət paytaxtı proqramının açılış mərasimi keçirilib. Bursa türk dünyasının müxtəlif ölkələrindən gələn qonaqlarını zəngin bədii proqramla qarşılayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək qədim Bursa şəhəri rəsmi heyətlər başda olmaqla qonaqları qarşılayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun rəhbərliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə Bursada toplantı keçirilib.

Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərliyi ilə nümayəndə heyətləri təmsil edir.

Mərasimdə Türkmənistan ölkənin Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunurlar. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, TÜRKPA Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ankaradakı səfirləri mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən Bursa Bələdiyyəsinin sədri Alinur Aktaş, Bursanın tarixi və mədəni əhəmiyyətindən bəhs edib, türk dünyasının birliyinin daha da güclənməsi üçün Bursanın əvəzedilməz rolundan bəhs edib.

Çıxış edənlər arasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov isə türkdilli dövlətlər arasında bütün sahələrdə olduğu kimi mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində də birlik nümayiş etdirmək üçün Bursada keçirilən tədbirin rolunu yüksək qiymətləndirib.

Tədbir çərçivəsində türkdilli xalqların milli adət-ənənələrini özündə əks etdirən rəqs nümayişləri, türk bədii yaradıcılığına aid şeir, musiqi və bir çox incəsənət nümunələri, müxtəlif şou əyləncələri, türk xalqlarının qəhrəmanlıq dastanlarından hissələr, tarixi marşlar, “Mehtəran qrupu”nun keçidi yüzlərlə izləyici tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası da martın 31-də Bursa şəhərində keçiriləcək. İclas təşkilati və cari məsələlərə baxacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏHABƏLƏRİN QURAN TƏFSİRİNDƏKİ YERİ

Həzrət Peyğəmbəri (s.) görən, ona iman edən və bu iman üzrə vəfat edən şəxslərə “səhabə” deyilir. Səhabə sözünün bir çox...

Bağla