DİLİN BƏLASI – QEYBƏT

0

İdeal bir cəmiyyət meydana gətirib, onun fərdləri arasındakı əlaqələrin sağlamlaşmasına çalışan uca dinimiz istər hüquqi, istərsə də əxlaqi sahədə gətirdiyi qadağalarla müsəlmanların və bütünlüklə İslam cəmiyyətinin əmin-amanlığını qorumağı qarşısına məqsəd qoymuşdur. Qeybətin dinimizdə qadağan edilməsi də bu məqsədə xidmət edən bir həqiqətdir. Çünki, qeybət insanın şərəf və heysiyyətinə təcavüz edən, İslam cəmiyyətinin birlik və bütünlüyünü pozan, mömini əbədi səadətdən məhrum edən ictimai bir bəladır. Qurani-Kərim möminlərdən qeybət etməməyi tələb edərək bunun böyük bir günah olduğunu açıqlamışdır. (Hucurat 49/12)

Qeybət etmək dinimizdə haram olduğu kimi qeybətə qulaq asmaq da günahdır. Odur ki, mömin qeybət etməkdən çəkinməli olduğu qədər qeybətə qulaq asmaqdan da özünü qorumalıdır. Uca Allah Qurani-kərimdə belə buyurur: “Bilmədiyin bir şeyi bilirəm demə. Çünki, qulaq, göz və ürək sahibinin əməlinə görə sorğu-sual olacaq”. (İsra 17/36). Bu ayə açıq şəkildə dinlədiklərimizə görə məsuliyyət daşıdığımıza diqqətimizi çəkir. Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) səhabələrə: “Qeybət nədir bilirsinizmi?”– soruşmuş, səhabələr:  “Allah və Rəsulu daha yaxşı bilir”, – dedikdə Rəsulullah (s.ə.s): “Qeybət, din qardaşını onun xoşu gəlməyən bir şey ilə xatırlamağındır” buyurmuşdur. Səhabələr: “Əgər söylədiklərimiz o şəxsdə varsa, onda necə?” – dedikdə, Rəsulullah (s.ə.s) : “Əgər söylədikləriniz o şəxsdə varsa qeybət olur, yoxsa böhtan etmiş olarsınız”– buyurdu. (Müslim, Birr, 70). Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə qeybətin nə olduğuna açıqlıq gətirərək həm də iftira və böhtanla qeybət arasındakı fərqi də nəzərimizə çatdırmışdır.

Qeybət xəstəliyindən qurtulmağın yolu tövbə edib qeybətdən tamamilə ayrılmaq, bir daha qeybət etməyəcəyinə qəti söz vermək və imkan daxilində qeybətini etdiyi insanlardan halallıq almaqdır. Odur ki, yaxşı bir müsəlman kimi kamilləşmək üçün nəfslərimizi islah etməli, başqalarının ayıblarını deyil öz ayıblarımızı düzəltməyə çalışmalıyıq. Allah Təalanın ölü insan əti yeməklə bərabər tutduğu qeybətdən uzaq olmaq üçün dilinə hakim olan bir müsəlman olmağa çalışmalıyıq.

f.f.d Səfa Muradov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İŞĞALÇI YƏHUDİLƏR HƏZRƏTİ MUHAMMƏDİ (ﷺ) TƏHQİR ETDİLƏR

Mülki işğalçı yəhudilər İordan çayının Qərb sahilində Ölü dənizə (Lut gölü) gedən yolun kənarındakı divarların üstünə İslam peyğəmbərini (ﷺ) təhqir...

Bağla