DİNİ İNANC VƏ PSİXOLOJİ AMİLLƏR

0

İnanc, fərdi və ictimai həyatımızda olduqca təsirlidir və fərdlərin öz daxili dünyalarındakı və ictimai həyatlarındakı tarazlıqları qurmaqda olduqca əhəmiyyətli bir funksiyaya malikdir. Houxley, bütün ideoloji hərəkətlərin və sadə həyatların əsas şərtinin “inanc” olduğunu söyləyir. İnsan həyatında bu dərəcədə əhəmiyyətli olan inanc, Fromma görə, “insanın fikri, ya da düşüncəsi baxımından daxili təsirin bir nəticəsi” olaraq ortaya çıxarsa ağıllı; ancaq “insanın doğru olub-olmadığına baxmadan doğru qəbul etdiyi, özünə verilmiş bir şeyə boyun əyməsi” şəklində ortaya çıxarsa, ağılsız və məntiqsiz olar. Fromm, eyni zamanda daxili bir hadisə nəticəsində ortaya çıxan inancın müsbət insan olmağa təsirinin böyük olacağını ifadə etmişdir.

Gündəlik həyatdakı istifadəsi etibarilə də inanc, birinə inandığımızı, inanc duyduğumuzu söylədikdə, daha çox onun davranışlarında sabit və etibarlı olduğundan əmin olmağımızı ifadə edir. Sosial baxımdan isə, insanların cəmiyyət həyatında onlara inandıqlarına görə rəftar edəcəkləri, davranacaqları təməl bir sistemin funksional ölçüsüdür. Bu yönü ilə inanc, şəxsi münasibətlərdə əsas təyinedici rol oynama baxımından olduqca əhəmiyyət kəsb edir.

Fowler inancı “dini əhatə etməklə birlikdə onunla məhdud, yaxud eyni olmayan dinamik və əhatəli bir insan təcrübəsi” kimi ifadə edir. Əsas dinlərdəki “iman” terminini isə “şüurlu və şüursuz motivasiyaları ehtiva edən dəyərlər mərkəzi”, “gücə bağlı xəyallar və həqiqətlər” və “dini lider əfsanələrini” ehtiva edən fərdi bir daxili dərinlik olaraq açıqlayır.

Doğrulana bilməyəcəyi bilinən və ya təsdiqlənməmiş, lakin təsdiqlənə bilən mülahizələrə iradi bir razılıqla inanmağı ehtiva edən dini inanca gəldikdə, “insanın özü və bütün kainat üzərində hakimiyyətini qəbul etdiyi fövqəlbəşər, uca, qüdrət və qüvvət sahibi bir varlıq və bu varlıqla insan arasındakı münasibətləri tənzimləyən bir sıra əsaslarla əlaqədar inanclar” şəklində təyin edə bilərik. Dini ədəbiyyatda və dilimizdə dini inanc, ərəbcə “iman”, (ingilis faith, fransız foi, alman glauben) termini ilə ifadə edilir. İman sözünün özündən törədiyi “əmin” kəlməsi, güvənmək, etibarlı olmaq, əmin olmaq, təhlükəsizlikdə olmaq, inanmaq, öz-özü ilə barışıq olmaq, içində bir kədər, ya da çətinlik hiss etməmək kimi mənalara gəlir. Fərdin şəxsən araşdırmasını qeyri-mümkün bildiyi inancları iman mövzusu olur. Bundan başqa iman “inanmaq və təsdiq etmək” mənasına da gəlir. Əhli sünnə kəlamçıları da imanı bu mənada istifadə edərək: “Hz. Peyğəmbərin (s.ə.s) Uca Allahdan gətirdiyi qəti olaraq bilinən hökmlərdə onu təsdiq etmək, onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, bunların həqiqət və doğru olduğuna könüldən inanmaqdır.

Qurani-Kərimin müxtəlif ayələrində iman sözünün “hidayət” (doğru yola yönəltmək) mənasında da  istifadə edildiyi görülür. Ancaq, ümumiyyətlə, təriflərin əsasında təsdiq vardır. Təsdiq ürəkdə reallaşan, ancaq yalnız ürəklə qalmayıb, məntiqə dayanan, qəbul və insanın bütün duyğu, iradə və şüurunun da bu təsdiqə iştirakını ehtiva edən bir məna daşıyır. Bundan başqa, bu istiqamətdə yerinə yetiriləcək davranışlar da, bu təsdiqin içərisində yer alır. İmanı bu şəkildə izah edən İsfəhaniyə görə, iman bir mənada təsdiq yolu ilə nəfsə haqqın bildirilməsi olub, üç şeyin birləşməsi ilə meydana gəlir. Bunlar ürək ilə təhqiq (araşdırma), dillə iqrar (dil ilə ifadə etmə) və bədənlə əməl etməkdir. Bir qisim İslam alimləri də imanı tərif edərkən, əməl etməyi, yəni imanın tələb etdiyi davranışları yerinə yetirməyi də imanın bir hissəsi saymışlar.

Dini inancın insanlardakı mənbəyinə gəldikdə, ümumiyyətlə insanların inanmağa meyilli olduğu və uşaqların ruhundakı hədsiz arayışla, dini inancı qəbul etdiyi söylənə bilər. Güvən və etimad təməli üzərinə qurulan bu müddət ərzində, güvənmənin ən üst sərhədi əsil etibarı verən varlığa yönəlmə və bağlanmadır. Çünki dini inanc, əsaslı bir güvən qaynağı olma xüsusiyyəti səbəbi ilə, insanın ehtiyac duyduğu güvən və etibarı ona təmin edər.

Dini inancın psixoloji əsasları üzərinə yazdığı bir məqalədə Argyle, dini inancı yeddi psixoloji əsasla izah edir. Birincisi, birbaşa bir ehtiyacı aradan qaldırmaq; ikincisi, çətinliyi aradan qaldırmaq; üçüncüsü, daxili qarşıdurmaları aradan qaldırmaq; dördüncüsü, Tanrının valideyn fiqurları olaraq qəbul edilməsi; beşincisi, “mən” düşüncəsinin təmini; altıncısı, dini izahları anlama ehtiyacına yönəlmək və yeddincisi də, yaşanan dini təcrübənin insana yaşatdığı xoşbəxtlikdir.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI AĞSAQQALLAR ŞURASININ TOPLANTISI BAŞLAYIB

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının XII toplantısı başlayıb. Bu barədə təşkilat tviterdə məlumat yayıb. Bildirilib ki,...

Bağla