Dini konfessiya rəhbərləri qanvermə aksiyası təşəbbüsünü yüksək qiymətləndiriblər

0

Azərbaycandakı dini konfessiya rəhbərləri Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası təşəbbüsünü yüksək qiymətləndiriblər.

“Report” xəbər verir ki, onlar bu barədə Təzəpir məscidində jurnalistlərə açıqlama veriblər.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qanvermə aksiyasını yüksək qiymətləndirdiyini qeyd edib:

“Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəliflik mövcuddur. Və bunun adı Azərbaycan modelidir. Təəssüf ki, bəzən bu həqiqətləri görməzdən gələn qüvvələr var, lakin bu qüvvələr heç vaxt Azərbaycan həqiqətinin bütün dünyaya yayılmasına mane ola bilməzlər”.

Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) də, öz növbəsində, qanvermə aksiyası təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib.

Alban-udi xristian icmasının sədri Robert Mobili aksiyanın ənənə halını almasından bəhs edib:

“Biz fərqli mədəniyyətin və dinin nümayəndəsi olsaq da, Azərbaycanda birik, bir yerdəyik. Bunu 44 günlük Vətən müharibəsində də gördük ki, bizim gücümüz birlikdə olmağımızdadır. Bugünkü aksiyada iştirakımız bir daha Azərbaycanın multikultural cəmiyyət olduğunun təzahürüdür”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayev isə vurğulayıb ki, bu aksiya artıq ənənə halını alıb:

“Bu təşəbbüs bir çox ölkə üçün nümunədir. Arzumuz, istəyimiz odur ki, Azərbaycanda həmişə rahat-firavan, əmin-aman həyat hökm sürsün. Ölkəmizdə bütün dini konfessiyalar üçün şərait yaradılıb, buna görə Azərbaycan dövlətinə təşəkkür edirik”.

Müfti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ölkə xaricində olduğu üçün aksiyada iştirak edə bilmədiyini də qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək

Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo...

Bağla