Dini Konfessiyaların rəhbərləri Cənab prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

0

ZATİ-ALİLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ

PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Zati-alilərinizi əlamətdar yubiley –  təvəllüdünüzün 60 illiyi münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə fövqəladə səylərinizə Uca Yaradandan uğurlar diləyirik.

Cənabınız ömrünün müdriklik məqamına elə bir möhtəşəm Qələbə ilə yetişmişdir ki, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunacaq hadisə miqyasına malikdir. Vətənimizin, regionumuzun gələcəyi üçün bu Zəfərin dəyəri misilsiz, dünyanın inkişaf istiqamətləri baxımından taleyüklüdür.

Azərbaycan torpaqlarının işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın Lütfü ilə Siz Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətinizlə Azərbaycanın haqq işinin qələbəsini təmin etdiniz. Azərbaycan xalqına Vətən müharibəsində Böyük Zəfər yaşatmış müzəffər sərkərdə – Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ömrünüzün əlamətdar mərhələsində bu sevinc və şərəfi ən çox haqq edən məhz Zati-alilərinizdir!

Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan xalqının böyük oğlu, müdrik dövlət rəhbərimiz –  Zati-alilərinizin qətiyyəti sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən Azan səsləri ucaldı, işğal dövründə vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən qurtuldu.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir! Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan lider qismət olmuşdur. Böhranları üstələyə biləcək iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərlərilə tanınan Azərbaycan gerçəkliyi dünyanın diqqətindədir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident! Dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, Cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati-alilərinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Azərbaycanın dövlət rəhbəri olaraq təvəllüd gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın fatehi, Ali Baş Komandan olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət, dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir!

Möhtərəm cənab Prezident! Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müstəqbəl dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alilərinizə və dəyərli ailənizə can sağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizə uğurlar diləyirik. Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndirən nüfuzlu din xadimlərinin, o cümlədən, Şimali Qafqaz müftilərinin şanlı yubileyiniz münasibətilə səmimi təbrik və xoş arzularını Zati-alilərinizə çatdırmaqdan məmnunluq duyuruq. 

O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix YEVDAYEV, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Müfti Salman MUSAYEV, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini

Arximandrit Aleksiy NİKONOROV Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Yepiskop Vladimir FEKETE Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Aleksandr ŞAROVSKİ Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ Alban-udi Xristian Dini İcmasının sədri

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN 60 İLLİK YUBİLEYİDİR

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 60 yaşı tamam olur....

Bağla