Dinin siyasiləşdirilməsi bütün dünyada müşahidə edilən qəbuledilməz tendensiyadır.
“Report”un Muğan bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Biləsuvarda təşkil olunan “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dindarlarının əksəriyyəti bütün dövrlərdə dinin siyasiləşdirilməsinə qarşı olublar:
“Qeyd edim ki, regional konfransların təşkili zamanı konkret bölgələrdəki dini vəziyyət nəzərə alınır, mövzu və iştirakçılar buna uyğun olaraq seçilir. Bəzən dini durumla bağlı problemlər, çətinliklər dedikdə, ağla gələn ilk məfhum dini radikalizm olur. Bu çərçivədə dinin siyasiləşdirilməsi məsələsinə də xüsusi diqqət yetirmək istəyirik. Ümumiyyətlə, dinin siyasiləşdirilməsi tək Azərbaycanda yox, bütün dünyada müşahidə olunan qəbuledilməz tendensiyadır.
Azərbaycanda bütün dövrlərdə dindarlarımızın mütləq əksəriyyəti dinin siyasiləşdirilməsinə qarşı olublar. Çünki ölkəmizdə din dövlətdən ayrıdır, eyni zamanda, Azərbaycan xalqı öz dini-mənəvi təfəkküründən, həyat tərzindən irəli gələrək dini mənəviyyat kimi qəbul edir və onun siyasiləşməsinin əleyhinədir. Bu formatda keçirdiyimiz regional konfransların nəticələri onu göstərir ki, belə tədbirlər dini vəziyyətə müsbət təsir edir”.



