DOĞRULUĞUN TƏMƏLİ NƏDİR?

0

Sadiq, sidq, sədaqət sözlərini eşitmək qulağa xoş gəlir. Qulaqdan qəlbə doğru dalğa-dalğa bir səyahət başlayır.

İnsan sözü ilə davranışı arasında uyğunluq yaranır. Mühüm olan bilinənin həyata keçirilməsidir. Bilinən tam olaraq o zaman məna qazanır. Söz bir əmanətdir. Sirrə sahib çıxmaq sədaqətin və dostluğun gərəyidir. Sədaqət doğru düşünmək, doğru danışmaq, doğru davranış sərgiləmək və eyni zamanda doğruluğu qəlbdə qorumaq deməkdir. Başqa sözlə sədaqət doğruluq, həqiqətə uyğun olan doğru sözdür. Qərəz ləkəsindən təmizlənmiş və hər cəhətdən xalis olan bir dostluq da sədaqətdir. Hər hansı bir doğruluğa da sədaqət deyilir. Doğruluğun ziddi yalandır. Sədaqətin əksi xəyanətdir, düzgünlükdən məhrum olmaqdır. İnsanlara sidq və sədaqət yaraşar. Yalançı bir kimsəni nə Allah sevər, nə də qulları. Sədaqət iman sahibi insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ənəsdən (r.ə.) rəvayət olunur ki, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Etibarlılığı olmayanın kamil imanı yoxdur, əhdinə sədaqəti olmayanın dinə bağlılığı yoxdur”.

Əsri-səadətdən bir nümunə Peyğəmbərimizin (s.ə.s.) tərbiyəsində böyüyən Ənəsdir (r.ə.). Könüllər sultanı Peyğəmbərimiz (s.ə.s.) Ənəsi (r.ə.) bir iş üçün göndərir. Ənəsin (r.ə.) anası bunu öyrənmək üçün soruşduqda: “Rəsulullahın əmanətidir, deyə bilmərəm.” – deyir. Sahiblənmə, qoruma, mühafizə etmə! Bəli, bu gün biz nəyi mühafizə edir, nəyi sahiblənirik?! Əsri-səadətdən başqa bir nümunə; Hicrət – Peyğəmbərimizin (s.ə.s.) mübarək səfəri, yanında sadiq dost, səfər başlayacaq, lakin onun Məkkədən getdiyini müşriklər bilməməlidir. Rəsullahın (s.ə.s.) evində, onun olduğu məkanda Həzrət Əli (r.ə.); “Sən get, ey Allahın elçisi, əmanətlərin mənə əmanətdir.” – deyib onu canı bahasına sahiblənmək, qorumaq və sədaqətdə qabaqcıl olmaq… Sadiq dost Həzrət Əbubəkir (r.ə.) – yol yoldaşı, mağara dostu, dəstəkləyəni… Ona zərər gəlməsin deyə ayağını mağaradakı ilanın yuvasına sipər edən, sədaqətdə zirvə, bütün zaman və məkanların ən üstün sədaqət nümunəsi, sadiq dost.

Bu gün dostluqlarımız, əmanətlərimiz, sözlərimiz nə haldadır? Nəyə, nə qədər sadiqik? Ailə, uşaq, iş, cəmiyyət, sözlərimiz və ümmətə əmanət edilən müqəddəs dəyərlərimizə qarşı sədaqətimizi daim nəzərdən keçirməliyik. Söz əmanəti nə qədər yalandan uzaqdır? Sözlərimiz nə qədər saf, təmiz və aydındır… Qeybət dildə zəhərli bir xəncərdir. Bu xəncər qəlblərdəki məhəbbət, şəfqət, mərhəmət və qardaşlıq hisslərini öldürür. İnsanları bir-birinə düşmən edir…

Necə ki, Fudayl ibn İyad: “Qeybətin girdiyi yerdən qardaşlıq çıxıb gedər.” – demişdir. Sözdə nifrət olmamalı, suyun axışı kimi saf, duru, təmiz olmalıdır. Sadiq olmaq doğru olmaq, əlif kimi əvvəl Ələst Bəzində Rəbbimizə verdiyimiz qulluq sözünə sadiq qala bilmək, dünyanın hilələrindən, qarmaqarışıqlığından özümüzə dönə bilməkdir. Allah müqəddəs Kitabımız Quran-ı Kərimdə ilk nazil olan ayə olaraq insana “Oxu” əmrini vermişdir. İnsan yaşamalı olduğu həyatını çox yaxşı oxumalıdır. Daşlı, palçıqlı bir yolda gəzmək çətin olduğu kimi, bu həyatın maneələrində, imtahanlarında irəliləmək üçün də oxumağa, öyrənməyə ehtiyac vardır. Bilik heç vaxt tək olaraq kifayət deyil. Alınan təhsil tətbiq olunduqda dəyər qazanır. Evdə, iş yerində, məktəbdə, cəmiyyətdə tətbiq olunan biliklərin nəticəsində həm bu dünya, həm də axirət üçün rahatlıqdan bəhs etmək olar.

“İnsana sədaqət yaraşar görsə də ikrah,

Köməkçisidir doğruların Həzrəti Allah” – beyti ilə Ziya Paşa bütün mənfiliklərə baxmayaraq insanın sədaqətdən ayrılmamalı olduğunu nə gözəl ifadə edir…

(İnsan həyatda can yandırıcı hiylələrlə, pisliklərlə qarşılaşsa belə Allaha və vətəninə sədaqətdən əl çəkməməlidir, Allah doğruların köməkçisidir.)

Bəlkə də bu qloballaşan dünyamızda və texnologiya dövründə; ağıllı mobil telefonlarımız, internetdə məlumat bataqlığından, şəhərin səs-küyündən könüllərimizin sədaqət kitabının sakit və hüzurlu səhifələrinə bir səfər etməyə ehtiyacı var. Ruhumuzun rahatlığı üçün bu həyatın qarışıqlığında dini hökmlərə riayət etmək, özümüzlə baş-başa qalmaq, yalnızlığın içində “Bəli, tək deyiləm. Nə xoşbəxtəm ki, Rəbbim var!” – deyə bilmək rahatlığa doğru gözəl bir səfərin ilk addımı olacaq.

Rahatlıq, bəlkə də bu dövrdə insanın ən çox ehtiyacı olan duyğudur. Əhdə vəfasızlığımızdır bəlkə də bizləri narahat edən. Sədaqət günəşinin ürəyimizi tam isidə bilməməsinin əskikliyini yaşayırıq bəlkə də… Bu gün insanlığın ən çox ehtiyac hiss etdiyi şey Həzrət Əbu Bəkirin (r.ə.) qəlbindəki kimi sədaqətdir … Rəbbimiz bizi həm dünyada, həm də axirətdə sadiqlərlə bərabər etsin…

Əlif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DƏMİR PLANETİMİZƏ NƏ ÜÇÜN ENDİRİLDİ ? 

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi...

Bağla