Dördüncü cüz Ali-İmran surəsinin 92-ci ayəsindən başlayır və 200-cü ayə ilə sona çatır. Daha sonra Nisa surəsinin 23-cü ayəsinə qədər davam edir. Bu cüzdə həm ictimai, həm də fərdi həyatla bağlı mühüm dini prinsiplər açıqlanır.
Ali-İmran surəsinin əvvəlində Əhli-Kitab haqqında məlumat verilir, onların içində doğru yolda olanların da olduğu bildirilir. 103-cü ayədə “Allahın ipindən möhkəm yapışın və ayrılmayın” əmri verilir. 104-cü ayədə isə xeyrə çağıran, yaxşılığı əmr edən və pislikdən çəkindirən bir ümmət olmağın vacibliyi vurğulanır.
117-ci ayətdən etibarən Uhud döyüşü və onun nəticələri izah olunur. 124–125-ci ayələrdə mələklərin möminlərə yardım etməsi, 144–148-ci ayələrdə isə Peyğəmbərin (s) ölümlü olduğu və bu xəbərin səhabələr arasında yaratdığı təəccüb qeyd olunur. 154–157-ci ayələrdə münafiqlərin “əgər döyüş olmasaydı, ölməzdilər” kimi iddiaları rədd edilir. 161-ci ayədə dövlət malını mənimsəyənlərin Qiyamət günü cəzalandırılacağı bildirilir. 169-cu ayədə Allah yolunda şəhid olanların diri olduğu və nemətlər içində yaşadığı xəbər verilir.
189–195-ci ayələrdə möminlərin duaları və Allahın bu dualara cavab verəcəyi qeyd olunur. Surə 200-cü ayədə səbirli olmaq, düşmənə qarşı ayıq durmaq və Allahdan qorxmaq əmri ilə tamamlanır.
Nisa surəsi isə qadın hüquqları, ailə həyatı və sosial ədalət mövzularına toxunur. İnsanların eyni mənşədən gəldiyi, qadın və kişinin bərabər yaradıldığı, yetimlərin mallarının qorunması və ədalətli şəkildə idarə olunması əmr edilir. 3-cü ayədə çoxarvadlılıqdan bəhs olunur, lakin bu hal üçün ədalət şərti qoyulur. 10–14-cü ayələrdə miras hüququ açıqlanır, əsas vərəsələrin payları müəyyən edilir. 15–18-ci ayələrdə ədəbsizlikdən dönmək və tövbə ilə bağlı hökmlər, 19–23-cü ayələrdə isə mehir, evlənilməsi haram olan qadınlar və boşanma sonrası hüquqlar izah olunur.
Dördüncü cüz, həm fərdi, həm də ictimai həyat üçün əhəmiyyətli dini prinsipləri ehtiva edir. Bu cüz, müsəlmanın həm Allahla, həm də insanlarla münasibətlərində necə davranmalı olduğunu göstərən mühüm bir yol xəritəsidir. Rəşad Manafov



