DOYUMSUZLUQ

0

İnsanı bu dünyaya bağlayan və onu xoşbəxt edən amillərdən biri də ətrafındakı hadisələrə duyduğu maraq hissidir. Maraq hissi insan beynində ətrafında baş verən hadisələrə qarşı münasibəti formalaşdırır. Özünə və kimliyinə qarşı duyduğu maraq isə mənəviyyatını formalaşdırmağa xidmət edir. Həyatda heç bir şeydə məna və maraq görməyən insanlar isə bir çox psixoloji problemlərlə qarşı-qarşıya qalır. Son zamanlar da ətrafımızdakı insanlardan əvvələr hər şey daha maraqlı idi kimi cümlələri tez-tez eşidirik. Keçmişdə yaşanılan həyatın hal-hazırda yaşanılan həyatdan daha maraqlı olduğunu düşünməyin bir neçə əsas səbəbi var. Bunlardan birincisi ətrafımızda baş verən hadisələrin həddindən artıq sürətlənməsidir. Smart cihazların və internet resurslarının insan həyatına daxil olduğu gündən etibarən insan beyni gün ərzində ona lazım olan və olmayan həddindən artıq informasiya ilə qarşılaşır. Vizual olaraq beynimizə daxil olan lazımsız informasiyalar həyat üçün  daha əlzəm olan məlumatların və duyğuların məhdudlaşdırılmasına səbəb olur. Belə demək mümkündürsə istər fiziki, istərsə də ruhi sağlamlıq üçün lazım olan məlumatların yerini qısa müddət sonra unudulacaq müvəqqəti məlumatlar alır. Bu mənada gün ərzində beyin həddindən artıq yorulsa belə faydalılıq əmsalı aşağı düşür. Qabul edilən zərərli məlumatlar insanın həyat fəaliyyətinə doğru istiqamət vermir və yaşanılan həyatda maraq hissi zəifləməyə başlayır. 

İnsanlarda maraq hissinin zəifləməsinin ikinci ən önəmli səbəbi istehlak çılğınlığının çoxalması və insanların “doyumsuzluq” sindromu ilə üz-üzə qalmasıdır. Yaşadığımız dövrdə istehlak çılğınlığı istehsalın inanılmaz ölçülərə çatması və minlərlə yeni məhsulun bazara çıxarılması ilə özünü göstərir. Daha sonra bu məhsulların insanlar tərəfindən ehtiyac kimi qəbul edilməsi və istehlak edilməsi üçün reklam kampaniyaları başlanır. İnsanlar hər il təxminən 500 milyard dollar xərclənən bu reklamlar vasitəsi ilə onlara təklif olunan həyat tərzini və məhsulları əldə etmək üçün kütləvi instinktlə amansız bir yarışa sürüklənir. Nəticədə hər kəs hər gördüyü şeyi alır, ancaq yenə də  çox az insan özünü xoşbəxt hiss edir. Çünki çox şeyə sahib olduğumuz zaman sahib olduqlarımıza qarşı fərqindəliyimizi yavaş-yavaş itiririk. Həddindən artıq xərclədiyimiz kredit kartlarımızla təhlükəli bir macəraya giririk.  Zənn edilənin əksinə olaraq, “nə qədər çox şeyə sahib olsaq, bir o qədər xoşbəxt olacağıq” fikri bir müddətdən sonra insanları bədbəxtliyə sürükləyir.  Çox vaxt əlimizdə olanlar kifayət etmir, yemək, içmək, sağlamlıq, geyim, təhsil kimi əsas ehtiyaclarımızı qarşılaya bilsək də, davamlı olaraq yenilərinin axtarışına çıxırıq. Həddindən artıq çox yeyir, limitsiz alış-veriş edir, davamlı cinsi zövq axtarır və həmişə hər şeyin daha çoxunu arzulayırıq. Çalışdığımız işdən narazılıq edir, karyera və yüksəliş ambisiyaları ilə uğura gedən yolda səhv addımlar atırıq. Nə qədər çox pul qazansaq da, bir o qədər daha  çox qazanmaq istəyirik. Ona görə də stresə düşür, həyatımızı yaşanılmaz vəziyyətlərə salır, çox az şeylərdən həzz alır, doymsuz və şikayətçi oluruq. Nəticədə özümüzü hələ də bədbəxt hiss etməyə davam edirik.

Çox şeyə sahib olsaq da həyatımızda bir maraq tapmamağımızın üçüncü səbəbi isə bədənimizi qidalanarkən ruhumuzu ac saxlamağımızdır. Davamalı olaraq içində olduğumuz mənəvi boşluğu doldurmaq üçün mənfi davranış nümunələri nümayiş etdirir və etdiklərimizin doğru olduğunu zənn edirik. Bəzi əsas ehtiyacları ödəmək üçün tələb olunan pullarla lüks əşyalar üçün ödənilən məbləğlər müqayisə edildiyi zaman maraqlı mənzərə ortaya çıxır. Aparılan tədqiqatlara görə dünyada qadınlar makiyaj ləvazimatlarına ildə 18 milyard, ətirlərə 15 milyard dollar pul xərcləyir. Daim bədənə sərmayə qoymaq və orqanizmin qeyri-məhdud tələbatını ödəməyə çalışmaq bir çox xəstəliklərə səbəb olur. İnformasiya və texnologiyanın başgicəlləndirici sürətlə inkişaf etdiyi müasir dünyada; rabitə, nəqliyyat, urbanizasiya, ticarət, sənaye, turizm və demək olar ki, bütün digər sahələrdəki irəliləyişlər insanın mənəviyyatına və mənəvi dünyasına deyil, maddi varlığına xidmət edir.

Son olaraq unutmayın, bizə davamlı olaraq bütün sahələrdə doyumsuzluq öyrədilir. Doyumsuzluq isə insandakı mənəvi maraq hissini azaldır depressiyaya səbəb olur. Həddindən artıq istehlak edən cəmiyyətlərdə iqtisadi problemlər kimi mənəvi problemlər də zamanla artır. Sipirtli içkilər, siqaret və narkotik kimi maddələrin istehlakı ailə və cəmiyyət baxımından böyük sosial və iqtisadi çöküşlərə səbəb olur. Ehtiyacımız olmayanları deyil, ehtiyacımız olanları özümüzə nümunə götürək. Sahib olmadıqlarımıza görə üzülməkdənsə, sahib olduqlarımıza görə özümüzü bəxtəvər hesab edə bilərik.  Bir haldaki mənəviyyatımız zəngin və sağlamlığımız yerindədir, o zaman gerisi təfərrüatdır…

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA GÜCLÜ KÜLƏK ƏSİR

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən...

Bağla