DUANIN PSİXOLOJİ FAYDALARI

0

Dua etmə ehtiyacı, hər bir insanda yaradılışdan var olan bir ehtiyacdır. Ona görə də bütün dinlərdə dua ritualının xüsusi yeri vardır. Üstün bir varlığa inanan hər insan, bu və ya digər şəkildə dua edir. İnsanlar bu dünyada yaşadıqları müddət içərisində kədər, sıxıntı, acizlik, çarəsizlik və ümidsizliklərlə qarşı-qarşıya qalır. Bu xüsusda uca Allah belə buyurur: “İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.” (Yunus, 10/12) Bu ayaədən də göründüyü kimi dua, insanda fitridir və xüsusilə sıxıntılı anlarda Allaha dua etmək, sadəcə səmimi olaraq Allaha inananlara xas bir vəziyyət deyildir. Allaha ortaq qoşanlar da bu kimi vəziyyətlərdə Allaha yönəlir və Ona dua edərlər. Çünkü insan, yaradılışı etibarı ilə inanma ve dua etme ehtiyacı hiss edər. Bu vəziyyət, təbiətində üzmək qabiliyyəti  olan ördək balasının  dünyaya gələr gəlməz su axtarması kimidir. Allahı bilmək, Ona dua etmək fitrətində yaradılan insan, Yaradıcısını tapa bilmədiyi zaman bu ehtiyacını başqa şeylərlə tətmin etməyə çalışır. Ya Məkkə müşrikləri kimi bütlərə, ya da ki, Hz.İbrahimin qövmü kimi göy cisimlərinə inanıb onlardan kömək istəməyə başlar. Bütün qeyd edilənləri nəzərə alaraq dua etməyin insan psixologiyasına və ruh dünyasına faydalarını aşağıdakı kimi sıralaya bilərik:

  1. Mömin insan dua etdiyi və Allahdan kömək dilədiyi zaman həqiqi xoşbəxtliyə və hüzura çatmış olar. Öz gücünün çox şeyə çatmadığını, ancaq gücü hər şeyə çatan Rəbbimizin onu qoruyub mühafizə etdiyini hiss edər. Bu duyğu da insan üçün ən böyük xoşbəxtlik qaynağıdır. Bu mənada duada hüzur və mənəvi zövq vardır və Cənnətdə də davam edəcəkdir. Qurani-Kərimdə bu hadisə bu şəkildə bəyan edilir: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənləri, iman gətirdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar. Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.” (Yunus, 10/9-10)
  2. Bizim qane edilməyən sonsuz istək və arzularımız şüuraltına atılır və gözlənilməz anlarda psixikamızda müxtəlif depressiyalara və daxili çətinliklərə səbəb olur. Dua ilə ən gizli hiss və duyğularımızı dilə gətiririk, qəlblərimizi boşaldırıq, ümidlərimizi gücləndiririk və qorxularımızı azaldırıq. Dua bizə misilsiz rahatlıq verir və gərginliyimizi aradan qaldırır. Dua etməklə özümüzü Allaha daha yaxın hiss edirik. Duasız insan işıqsız bir zirzəmiyə bənzəyir. Dua vasitəsilə nəfsimizin divarlarını aşa bilərik. Çünki dua heç bir maneə və məsafə tanımır. Zaman və məkan bunun qarşısını ala bilməz. Dua ilə sonsuz acizliyimizi Uca Allahın sonsuz qüdrətinə bağlamaq səadətini əldə edirik. Dua ilə mənəvi gücümüzü qanadlandırırıq.
  3. İbadət etmədikləri və duaya baş vurmadıqları üçün ruhları ac ​​qalan o qədər insan var ki, sahib olduqları heç bir lüks və rahatlıq, əllərindəki sərvət və imkanlar onları xoşbəxt edə bilmir. Hüzurdan məhrum olan bu biçarə  insanlar vicdanları ilə tək qalmaqdan qorxurlar. Unutmamaq lazımdır ki, ruhun da bədən kimi bir çox ehtiyacı var. Bu məsələləri diqqət mərkəzindən uzaqlaşdıran yanlış düşüncə və münasibətlər bu gün insanlığı ruhi xəstəliklərə düçar edərək  onları mənəvi  rahatlıqdan məhrum edir. Dua isə insana kim olduğunu xatırladır və acızılıyini dərk etməsinə imakan yaradır.
  4. Dua, ilahi köməyin gəlməsi üçün baş vurulan ümumi mənəvi bir mexanizmdir və insanın öz yaradıcısına yaxınlaşmaq istəyini ifadə edir. Bu baxımdan dua insan zehninin maddi olmayan dünyaya çəkilməsi, ruhun Allaha tərəf yüksəlməsi və həyat deyilən möcüzənin yaradıcısına qarşı sevgi və ibadətin ifadəsidir; hər şeyi yaradan, mükəmməlliyin, qüdrətin, gücün və gözəlliyin ən yüksək mənbəyini yaradan, hamının xilaskarı olan görünməz bir varlıqla təmas qurma səyidir.
  5. Dua, insanda psixoloji olaraq bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir. Duanın ən gözəl faydalarından biri də Allah inancının qəlblərdə kök salmasına imkan yaratmasıdır.
  6. Dua edən adam dua etmədən əvvəlki vəziyyəti ilə müqayisədə əhəmiyyətli bir dəyişiklik yaşayır. Bu dəyişikliyi nəzərə alsaq, hər kəsin dualarının nəticəsini bir şəkildə aldığını söyləmək olar. Lakin duanın psixoloji təsiri bəzi şərtlərdən asılı olaraq artır və ya azalır. Bir nəfərin başqası üçün etdiyi duanın şəxsən edilən dua qədər, bəzən də daha təsirli olduğu müşahidə edilmişdir. ABŞ-da 192 xəstə üzərində aparılan bir tədqiqatda bu həqiqəti dəstəkləyən maraqlı nəticələr əldə edilmişdir. Xəstəxananın yaxınlığındakı bir kilsədəki insanlar  bu xəstələr üçün onların xəbəri olmadan dua edir və xəstələrin adları qeyd edilmədən edilən dualar nəticəsində həmin xəstələrin şikayətlərində azalma olduğu təsbit edilir. Bundan əlavə, xəstələr xəstəxananın müalicə şərtlərini əvvəlkindən daha yaxşı qəbul etməyə başlayır.
  7. Kliniki müşahidələr duanın sadəcə xəstənin sağalmasına müsbət təsir göstərdiyini deyil, eyni zamanda şəxsiyyətin yenidən qurulmasında və inteqrasiyasında çox təsirli bir rol oynadığını da göstərmişdir. İnsanlar depressiyanın öhdəsindən gəlməkdə, stresi aradan qaldırmaqda, fiziki xəstəliklərin yanında bir çox nevrotik və psixotik xəstəliklərdə duadan böyük fayda götürdüklərini göstərən bir çox müşahidələr və araşdırmalar vardır.
  8. Dua, insanın mənəvi və fiziki gücünü artırır, fəaliyyətinə canlılıq qatır, şüur səviyyəsinin yüksəlməsinə və dərketmə qabiliyyətinin güclənməsinə vəsilə olur.
  9. Dua edən insan problemli, depressiyalı və gərgin bir vəziyyətdədirsə, duanın təsiri ilə sakitləşə və rahatlaşa bilər.
  10. Duanın insanın əxlaqı və xarakteri üzərində də müsbət təsirlərinin olduğu müəyyən edilmişdir. Tez-tez və müntəzəm olaraq edilən dualar həyatın yaşam şəklinin gözəlləşməsinə və xarakterin kamilləşməsinə səbəb ola bilər.
  11. Davamlı duan edən insanlarda vəzifə və məsuliyyət şüuru artır, qısqanclıq və pis niyyət meyli azalır, başqalarına qarşı yaxşılıq və xeyirxahlıq hissi güclənir.

 Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CÜMƏ NAMAZI KİMLƏRƏ FƏRZDİR?

Cümə günü müsəlmanlar üçün vacib günlərdən biridir. Bu gün müsəlmanların bir araya gələrək ibadət etdikləri gündür. Bu gündə müsəlmanların ən...

Bağla