FİQH VƏ HİKMƏT

0

Fiqh elminin üç əsas xüsusiyyəti vardır: birincisi şəri hökmləri bilmək, ikincisi sözü gedən hökmlərin dəlillərinə təfərrüatı ilə yiyələnmək, üçüncüsü isə həmin hökmlərə əməl etməkdir. Belə olan halda hökmləri dəlilləri ilə bilən və bildiklərinə əməl edən sözün əsil mənasında fəqih hesab olunur. Məhz bəzi İslam hüquqşünasları “Bəqərə” surəsinin 269-cu ayəsində qeyd edilən “hikmət” kəlməsini bu mənada izah edərək onun “fiqh” olduğunu vurğulamışlar. Həmin ayədə Uca Allah belə buyurur: “Allah istədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs bunu dərk etməz”.

Odur ki, hikmətə nail olmaq üçün hökm, dəlil və əməl üçlüyünə birgə yiyələnmək zəruridir. Çünki öyrənmək, anlamaq və yaşamaq nəticəsində hikmət ortaya çıxar. Bunun nəticəsində insan yanlışlardan özünü qorumuş, ediləcək işlərin ən düzgünün və ən məqsədəuyğun olanı etmiş və beləliklə də, sözündə və əməlində ən doğrusuna qərar vermiş olar. Məhz bu nemətini Uca Allah ayədə buyurduğu kimi istədiyi bəndələrinə bəxş edər. Şübhəsiz ki, Uca Allahın bu nemətinə nail olmaq üçün bəndələr də səy göstərməli və bu yolda addımlar atmalıdırlar. Bu addımları ata bilmək üçün isə müsəlman təhrif olunmamış bir fitrətə və təmiz bir ağıla sahib olmalıdır. Bu ağıl vəhyin nəzarətində və tərbiyəsində irəliləməli, eləcə də imanın kölgəsində kamilləşməlidir. Ancaq əfsuslar olsun ki, müasir dövrümüzdə yalnız bilmək məqsəd kimi qələmə verilir və insanlar kitaba, məqaləyə və tədqiqata qiymət veridiyi qədər əmələ əhəmiyyət verməyib tamamilə diqqətdən kənarda saxlayırlar. Məhz bunun nəticəsində biz hikməti itirmiş və beləliklə də ayədə qeyd edilən xeyirdən məhrum qalmış oluruq.   

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV 39 İL ƏVVƏL HEYDƏR ƏLİYEVİN ŞUŞADA ÇƏKDİRDİYİ ŞƏKLİ GÖSTƏRDİ

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfəri zamanı Vaqif məqbərəsində olublar. Dövlət...

Bağla