İslamda hədiyyə vermək, qarşılıqlı sevgi və saygı göstəricisi olaraq böyük əhəmiyyət daşıyır. Peyğəmbərimiz Hz. Muhəmməd (s.a.v.) də bu mövzuda bir çox dəyərli tövsiyələr vermiş və həyatında hədiyyə verməyi bir ibadət və əlaqələri möhkəmləndirən bir vasitə kimi qəbul etmişdir.
Sədəqə ilə hədiyyə arasındakı fərq
Peyğəmbərimiz, sədəqə və hədiyyə arasındakı fərqi diqqətlə qeyd etmişdir. Sədəqə, Allahın rizasını qazanmaq və ehtiyac sahiblərinə yardım etmək məqsədi güdür, buna qarşılıq isə heç bir şey tələb edilmir. Rəsulullah, sədəqə ilə hədiyyə arasındakı fərqi belə izah edirdi: “Kimə hədiyyə verilərsə, hədiyyə ilə cavab versin. Hədiyyə vermək üçün heç nəyi olmasa, onu təqdir etsin. Təqdir edən təşəkkür etmiş sayılır. Təqdir etməyənsə nankorluq etmiş olur” (Buxari, Hibə, 9).
Hədiyyələrin qəbulu və əvəzinin erilməsi
Hz. Muhəmməd (s.a.s), hədiyyələri qəbul etməyə çox açıq idi. O, hədiyyəni, böyük və ya kiçik olmasına baxmayaraq qəbul edərdi. Hədiyyənin qiyməti və ölçüsü Peyğəmbər üçün önəmli deyildi; “Bir içimlik süd və ya dovşan budu da olsa, təmiz və halal olan heç bir hədiyyəni geri çevirməzdi” (Buxari, Hibə, 9). Hədiyyələrə qarşı göstərilən bu incəlik, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və insanların bir-birinə daha yaxın olmasına kömək edirdi.
Peyğəmbərimiz həmçinin, hədiyyə verən şəxsə qarşılıq verməyi və hədiyyə almış şəxsə müsbət bir cavab verməyi təklif edirdi. Bu, insanın qarşısındakına hörmət və minnətdarlıq ifadəsi olaraq görülürdü. Peyğəmbər, hədiyyənin qarşısında heç bir gözlənti olmadan verilməsi lazım olduğunu vurğulamaqla yanaşı, eyni zamanda “əvəzində nə isə almağı düşünərək hədiyyə verməyi doğru saymazdı” (Müslim, Əlfaz, 20).
Peyğəmbərimizin hədiyyə alıb verməsi yalnız gündəlik həyatında deyil, dövlət rəhbərləri və hökmdarlardan gələn hədiyyələrdə də müşahidə edilirdi. Rəsulullah, müxtəlif hökmdarlardan hədiyyələr almış və buna uyğun şəkildə onlara hədiyyə ilə cavab vermişdir. Məsələn, Nəcaşı saxsı cam, Romalılar tərəfindən qızıl suyu ilə boyanmış paltar hədiyyə edilmişdir. Rəsulullah, həmçinin, bədəvilərdən gələn hədiyyələri də qəbul edər və onlara da hədiyyə ilə cavab verərdi.
Hədiyyələrin şərtləri
Rəsulullahın hədiyyə qəbul etmə yanaşması, bəzən istisnalarla əlaqəlidir. Müşrik və qeyri-müsəlmanların hədiyyələrini bəzən qəbul etməzdi. Bununla yanaşı, İslamın qadağan etdiyi şeylərdən hədiyyə verilməsini istəməz və bu növ hədiyyələri qəbul etməzdi.
Hədiyyə vermək, sadəcə maddi bir mübadilə deyil, həm də insan ruhunun təmizlənməsi və əlaqələrin möhkəmləndirilməsi üçün bir vasitədir. Bu prinsiplər, hələ də müasir dünyada insanlar arasında qarşılıqlı əlaqələrin formalaşmasına kömək edən əsas amillərdən biridir.
Rəşad Manafov