HƏR YERDƏ İLAHİ KAMERALAR

0

Hər birimizin qarşılaşdığı bir hadisə var.

Elə bir hesab günü ki, etdiklərimizin də hesabını verəcəyik, etməli olduğumuz halda etmədiklərimizdən də hesaba çəkiləcəyik.

O gün hamı öz videosunu izləyəcək. Dəlil ortada ikən heç kim etdiklərini inkar edə bilməyəcək. Dünyada gizli işlədiyi günahı ortaya çıxan insanın utancından daha böyük utanc bürüyəcək insanı. Çünki qarşımızda dost-tanış, qohum-əqrəba deyil, Allah olacaq.

Hələ fani dünyada bu qədər utanc verən, üz qızardan bir hadisə kim bilir Yaradanın hüzurunda nə qədər xəcalət verəcəkdir. Bu dünyada doldurduğumuz kasetləri məhşər meydanında, Allahın hüzurunda izləmək necə də dəhşətvericidir.

Çiyinlərimizdəki operatorlar tərəfindən qeyd olunanların dünyadakı gizli kamera qeydlərindən ən böyük fərqi gizli olmamasıdır əslində. Allah-Təala hamımızı bu qeydlərin aparıldığı mövzusunda xəbərdar edir. Edib-etməyəcəyimiz əməlləri də bildirir.

Son zamanlar 3 ölçülü görüntülər dəb halını aldı. İlahi kameraların neçə ölçülü çəkdiyini bilmirik. Yalnız ilahi kameradır ki, ürəyimizdən nə keçirdiyimizi, niyyətlərimizi yazır.

Görəsən, məhşər günü məsciddə namaz qılarkən çəkilən videosunu izləyən adam nə hiss edəcək? Allah üçün deyil, hansısa dünyəvi mənfəət uğruna namaz qıldığı ortaya çıxan bir insanın nə qədər utanacağını təxmin etmək mümkündür.

Çiynimizdəki kameralar harada yalan danışdığımızı da anında qeyd edir. Müştərisinə yalan danışan müsəlman görünüşlü yaşlı bir tacir nə qədər utanacaq halbuki…

Yoxsula yardım edərkən bunu hamının gözü önündə edənlər “sağ əlin verdiyini sol əl bilməsin” düsturunu qoyan Allahın eyni zamanda mələklərini niyyətlərimizi də yazan kameralarla təchiz etdiyini unudurmu?

Statistikaya görə İngiltərədə insanlar küçədə, qatarda, avtobusda, meydanda, mağazada, bir sözlə hər yerdə üç milyon kamera vasitəsilə nəzarətdədirlər. Beş min ədəd radarsa sürücüləri davamlı olaraq çəkir. İngilis İnsan Haqqları Təşkilatı bu tətbiqatın insan haqlarına zidd olduğunu söylədi. Bunu casusluq olaraq xarakterizə edən təşkilat yaxın vaxtlarda paltarlara da qum dənəsi böyüklüyündə elektronik cihazlar taxılacağını və insanların evlərində də izləniləcəyini irəli sürdü.

Məlumatlara görə İngiltərədəki kameraların sayı dörd il ərzində iyirmi beş milyona çatacaq. Bu iki adama bir kamera düşəcəyi mənasına gəlir.

Əslində isə hamının çiynində iki kamera var və həyatı buna görə yaşamalıyıq…

Aygün Məmmədzadə

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏRRƏM AYININ BAŞLANMASI İLƏ BAĞLI FƏTVA VERİLDİ

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Məlumata görə, fətvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı...

Bağla