HZ. HAFSADAN İBRƏTLƏR

0

Ayrılığın ardından (Hafsa anamız Peyğəmbərimizin ona verdiyi sirri saxlaya bilmədiyi üçün Rəsulullah (s.ə.s.) ondan ayrılmaq qərarına gəlmişdir. Çünki bu sirr gələcəkdə dövlət işlərinin gedişatında mühün rol oynayacaqdı) Cəbrayıl (ə.s.) Allah Rəsulunun (s.ə.s.) yanına gələrək Hafsa anamıza geri dönməsini bildirdi. Çünki Hafsa anamız çox oruc tutan və daim gecə namazı qılan biri idi. Həzrət Cəbrayılın söylədiklərinin içində ən mühüm məsələ Hafsa anamızın Cənnətdə Peyğəmbərin (s.ə.s.) zövcələri arasında sayılması idi. Görünür ki, bu rəvayətlə Hafsa anamız hələ dünyada ikən cənnətlə müjdələnən qadınlardan biridir. Elə bu, onun nə qədər fəzilət sahibi bir qadın olduğunu göstərməyə kifayətdir.

Ömrünün son dəmləri       

Hafsa anamız Rəsulullahın (s.ə.s.) vəfatından sonra meydana çıxan siyasi hadisələrə mümkün olduqca qarışmamağa üstünlük vermişdir. Bu baxımdan atasının xəlifəliyi dövründə belə mütəvazi bir həyat yaşamışdır. Heybər gəlirindən payına düşəni alan Hafsa anamız bununla öz ehtiyacını təvazökar formada qarşılamış və qalan sərvətini infaq etmişdir.

Həyatının sonlarına doğru islam tarixi üçün olduqca mühüm bir rol oynamışdır. Bildiyimiz kimi Həzrət Əbu Bəkirin xəlifəliyi dövründə iki qapaq arasında toplanan Qurani-Kərim onun vəfatından sonra Həzrət Ömərə təslim edilmişdir. Həzrət Ömərin şəhid edilməsindən sonra da bu mushaf (bir yerə yığılıb bağlanmış səhifələr) uzun bir müddət Hafsa anamızın yanında qalmışdır. Daha sonra mushafı tələb edən Həzrət Osman ondan beş və ya yeddi nüsxə çoxaldıb İslam dünyasının müəyyən bölgələrinə göndərmişdir.

Hafsa anamız Peyğəmbərimizdən (s.ə.s.) 60-a yaxın hədis rəvayət etmişdir. Bunların 10-u Müslimdə, 44-ü Əhməd ibn Həmbəlin Müsnədində zikr edilmiş, 4 dənəsi də həm Buxari, həm də Müslimdə yer almışdır.  

Hafsa anamız Müaviyənin xəlifəliyi dövründə və hicrətin 41-ci ilində vəfat etmişdir. Bəzi rəvayətlərə görə isə vəfatı hicrətin 45-ci ilində olmuşdur. Vəfat etdikdə 60 yaşlarında idi. Mədinədə Cənabı-Haqqın rəhmətinə qovuşmuş və Baki Qəbiristanlığında dəfn edilmişdir.

Hafsa anamızın həyatından alınacaq ibrət və dərslər

  1. Peyğəmbərimizin (s.ə.s.) Hafsa anamız ilə evliliyində sərt xarakterli xanımlarla evlənən kişilər üçün bir çox dərslər vardır. Rəsulullah (s.ə.s.) da bir bəşər idi və evlilik həyatında da insanlara nümunə olan bir çox hadisə yaşamışdı.

Peyğəmbərimiz (s.ə.s.) Hafsa anamızdan boşanmaq istədikdə, Cənabı-Haqq buna icazə verməmiş və Ona Həzrət Hafsanın Cənnətdəki xanımlarından biri olduğu xəbərini vermişdir. Çünki o, çox oruc tutan, sədəqə verən və gecələr də tez-tez namaz qılan, ibadətə düşkün biri idi. Bu da ibadətin Allah qatında qiymət qazanmaq üçün bir yol olduğunu açıq şəkildə göstərir.

Digər tərəfdən, bu boşanma məsələsi və onun ardınca gələn hadisələr, xanımlarının bəyənmədikləri bəzi xasiyyətləri və mənfi hərəkətləri qarşısında kişilərin necə hərəkət etmələrini öyrədir. Bu prinsip həyat yoldaşlarının bir-birlərinin müsbət tərəflərini görmələri və ən mühümü Allaha olan qulluq şüuru içində olduqları müddətdə, digər pis xüsusiyyətlərə Allah üçün səbir etmələridir.

  1. Hafsa anamız atasının vəfatından sonra Qurani-Kərimi mühafizə edən bəxtiyar biri idi. Bu da onun insanlar arasındakı səlahiyyət, sədaqət və etimat səviyyəsini göstərən gözəl bir misaldır. Bundan əlavə, bu hadisə İslamın qadına verdiyi dəyəri göstərməsi baxımından da çox ibrətlidir.
  2. Hafsa anamız dünyada cənnətlə müjdələnən nadir xanımlardan birisi idi. Fitrətindəki sərtliyi ibadətlər və Peyğəmbərimizə (s.ə.s.) olan məhəbbətlə incəltməyə çalışmışdır.
  3. Hafsa anamız sədəqə verməyi çox sevərdi. Vəfatından sonra da bu xeyirli işlərin davam etməsi üçün vəsiyyət etmişdir.
  4. Hafsa anamız Peyğəmbərimizin (s.ə.s.) vəfatından sonra və eyni zamanda atasının xəlifəliyi dövründə sadə həyatı ilə bizlərə nümunə olmuşdur. Halbuki o vaxtlar müsəlmanların ən firavan yaşadığı zaman idi.

Bizlər də onların həyata baxış tərzindən ibrətlər alıb, maddi imkanlarımızı Allah üçün xərcləməyi və sədəqə verməyi bilməli, mümkün olduqca mütəvazi bir həyat seçməliyik.

  1. Hafsa anamız Rəsulullah (s.ə.s.) ilə evləndikdən sonra Həzrət Ömər qızını tez-tez ziyarət edər və ona yoldaşına qarşı rəftarı xüsusunda nəsihət verərdi. Bu hadisə də bir atanın övladı evindən çıxsa belə onunla maraqlanması, bəzən maddi ehtiyaclarını qarşılaması xüsusunda dəstək olması, varsa xətalarını düzəltməsinə kömək etməli olduğunu göstərən gözəl bir nümunədir.

Nəzrin Hüseynova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TAC MAHALDA NAMAZ QILMAQ QADAĞAN EDİLDİ

Hindistan Arxeoloji Araşdırmalar qurumu (ASİ) Tac Mahalda namaz qılınmasını qadağan edib.

Bağla