İLK NAMAZ.

0

Amerikanın müxtəlif universitetlərində fəaliyyət göstərmiş və sonradan müsəlman olmuş riyaziyyat professoru Ceffri Lanq (Jeffrey Lang) yazdığı “Mələklər sual verənə qədər: Amerikada İslama səyahət” (Even Angels Ask: A Journey to Islam in America) adlı kitabda İslam dinini necə qəbul etməyindən bəhs edir.

Professorun ilk namazını necə qıldığını yazdığı hissə isə olduqca maraqlıdır.  

“İslam dinini qəbul etdiyim gün məsciddəki din xadimi mənə bir namaz təlimi kitabı verdi. Amma müsəlman tələbələrin təşvişə düşdüklərini gördüm. Mənə, tələsmə, rahat ol, yavaş-yavaş öyrənərsən – dedilər. Mən isə öz-özümə, namaz belə çətindir? – dedim və tələbələri eşitməməzliyə vuraraq o anda qərara gəldim ki, 5 vaxt namazı qılım. 

O gecə kiçik, yarıqaranlıq otağıma getdim, kitaba baxaraq namaz və dəstəmaz hərəkətlərini məşq etdim, namazda oxunan bəzi surələrin ərəbcə oxunuşlarını və ingiliscə mənalarını əzbərləməyə cəhd etdim. Bu, bir neçə saat davam etdi.

İlk namaz təcrübəsi üçün özümdə güc tapanda işa namazını qılmağa qərar verdim. Artıq gecənin yarısı olmuşdu. Kitabı götürdüm və vanna otağına girdim. Kitabı açaraq mətbəxtdəki ilk yemək təcrübəsini edən aşpaz kimi yazılan təlimatları diqqətlə tətbiq etdim.   

Dəstəmaz aldıqdan sonra otağın ortasında dayandım, qapı və pəncərələrin örtülü və kilidli olduğundan əmin olduqdan sonra qiblə olduğunu düşündüyüm tərəfə yönəldim, dərin bir nəfəs aldım və əllərimi qaldırıb alçaqdan “Allahu Əkbər!” – dedim. Ümidvar idim ki, heç kim məni görmür və eşitmir. Yavaş-yavaş Fatiha surəsini və qısa bir surəni ərəbcə oxudum. Hesab edirdim ki, hər hansı bir ərəb mənə qulaq assaydı heç nə başa düşməzdi.

İkinci dəfə təkbir gətirərək rukuya getdim, bu vaxt böyük narahatlıq hissetdim. Çünki həyatımda heç kimin qarşısında əyilməmişdim. Otaqda tək olduğumu fikirləşəndə sevindim. “Sübhanə Rabbi əl-Azim” deyəndə ürəyim sürətlə döyünməyə başladı. Rukudan qalxdım və artıq səcdəyə getmək vaxtı idi. Səcdə etmək üçün dizlərimi və əllərimi yerə qoyanda elə bil dondum, səcdə edə bilmirdim. Sahibinin qarşısında başını yerə qoyan qul kimi üzümü, burnumu yerə qoyub özümü “zillət” hesab etdiyim vəziyyətə düşürə bilmirdim, üstəlik qıçlarım da qatlanmırdı. Utandım, gülməli vəziyyətə düşdüyümü fikirləşdim.  

Məni bu vəziyyətdə görən dost və tanışlarımın qarşısında “ələ salınacaq” halımı fikirləşdim, yoldaşlarımın qəhqəhələrini eşitmiş kimi olurdum. “San Fransiskoda ərəblərlə toqquşub bu vəziyyətə düşdü” və s. bu kimi sözlər deyəcəklərini xəyal edərək “yazıq” hala düşdüyümü hiss etdim.

Bir müddət tərəddüt etdikdən sonra dərindən nəfəs alaraq başımı səcdəyə qoydum. Zehnimdəki bütün fikirləri bir kənara atdım, diqqətimi dağıdacaq düşüncələrdən uzaqlaşaraq ikinci səcdəyə də getdim. Bu vaxt özüm-özümə, “Qarşımda hələ 3 tur (rəkat) var” – deyə fikirləşdim. Qərarlı idim. Nə olursa olsun, bu namazı bitirəcəyəm. Növbəti rəkatlarda işlər getdikcə asanlaşmağa başlamışdı.

Son səcdədə böyük rahatlıq hiss etdim. Nəhayət təşəhhüddən sonra salam verdim.

Salamdan sonra oturduğum yerdə qaldım, geri dönüb nəfsimlə olan mübarizəmi fikirləşdim, bir döyüşdən çıxdığımı hiss etdim, xəcələt çəkərək boynumu büküb, “Allahım, axmaqlığıma və lovğalılığıma görə məni bağışla, uzaqdan gəlirəm və hələ qarşımda gedəcəyim uzun bir yol var” – deyə dua etdim. 

Bu vaxt daha əvvəl heç yaşamadığım bir şey hiss etdim. Bunu kəlmələrlə ifadə etmək mümkün deyil. Bədənimə, ürəyimdən çıxdığını hiss etdiyim və ifadə etməkdən aciz qaldığım bir dalğa yayıldı. Soyuq kimi idi. Əvvəl ürpərdim, bədənimə olan təsirindən çox duyğularıma təsir etdi və görünür bir rəhmətin varlığını hiss etdim. Bu rəhmət daha sonra daxilimdə yayılaraq qaynamağa başladı.

Sonra səbəbini bilmədən ağlamağa başladım. Ağlamağım artıb göz yaşlarım çoxaldıqca rəhmət və lütfdən möhtəşəm bir gücün məni qucaqladığını hiss etdim. Günahkar olmağıma baxmayaraq, günahlarıma, utandığıma və ya sevindiyimə görə ağlamırdım. Elə bil böyük bir bənd aşmış, daxilimdəki qorxu və kədər sel olub axırdı. Bu sətirləri yazanda özüm-özümə deyirdim: “Allahın rəhməti və məğfirəti sadəcə günahları bağışlamır, eyni zamanda şəfa və səkinətdir.” 

Uzun müddət boynum bükük, diz çökmüş vəziyyətdə qaldım. 

Ağlamağım dayananda başa düşdüm ki, yaşadığım təcrübəni ağılla izah etmək mümkün deyil. O anda böyük bir həqiqəti dərk etdim ki, mənim Allaha və namaza şiddətlə ehtiyacım var. Oturduğum yerdən qalxmadan bu duanı oxudum: “Allahım bir daha küfrə girməyə cəsarət edərsəm məni o küfrə girmədən əvvəl öldür və bu həyatdan xilas et. Xəta və əskiksiz yaşamağın çox çətin olduğunu bilirəm. Amma bir şeyi daha yaxşı bilirəm ki, bir tək gün də olsa Sənsiz yaşamaq və Sənin varlığını inkar etməyim mümkün deyil.” 

Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SOSİAL ŞƏBƏKƏ PSİXALOGİYAMIZI POZUR!

Son dövrlərrdə sosial şəbəkə istifadəsinin çoxalması və smartfonların yayılmasının həyatımızda müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də müşahidə edilir.

Bağla