İLK TƏRBİYƏ ANA BƏTNİNDƏN GƏLİR

0

“Uşaq ailənin güzgüsüdür” deyiblər.

Onun cəmiyyətdə fərd, şəxsiyyət kimi inkişafında ailədən gələn tərbiyə vacib rol oynayır. Tərbiyənin isə təməli hələ ana bətnində ikən qoyulur. Son illərin elmi axtarışları ana bətnindəki hüceyrənin ətraf aləmdə baş verən isti, soyuğu, bioloji və kimyəvi dəyişməni, hətta məhəbbəti, sevgini, nifrəti və qəzəbi də hiss etdiyi qənaətindədir. Qatı cinayətkarlar üzərində uzun illər müşahidələr aparmış psixoloqlar da bu qənaətdədir ki, onların əksəriyyəti ana bətnində olarkən qəddarlıqla üzləşmiş, valideynləri onları doğulmamış məhv etmək belə, istəmişlər. 
        Ana bətnində psixoloji zədələr almış insanlar doğulandan sonra nə qədər gözəl tərbiyə alsalar da, firavan yaşasalar da, onlar gözlənilmədən elə qəddarlıq edirlər ki, ətrafdakılar bunun heç cür izah edə bilmirlər. Son illər Avropa və ABŞ alimləri ana bətnində təzyiqlərə məruz qalmış, abort edilməyə çalışılmış insanların törətdiyi cinayətlər haqda çoxsaylı məqalələr yazmış, sənədli və bədii filmlər çəkmişlər.
Təəssüflər olsun ki, vətənimizdə hələ də bu məsələyə o qədər də önəm verilmir. Bu sahə üzrə mütəxəssislərin azlığından maarifləndirmə işi də gərəyincə aparılmır.
       Uzun illər belə bir fikir formalaşmışdı ki, keçmişdə ata-babalarımız, ana nənələrimiz savadsız olduğundan, onlar gənc analar arasında heç bir təbliğat, maarifləndirmə işi aparmamışlar. Savad dedikdə onlar yalnız Avropa tipli məktəblərdə təhsil almağı nəzərdə tuturdular. Minilliklərin təcrübəsini özündə yaşadan, şifahi şəkildə nəsildən-nəslə ötürülən bilikləri isə savad, təhsil hesab etmirdilər. Əslində türklər gənc nəsillərin savadlandırılmasına xüsusi önəm verirdilər. Onlar biliyi yetişməkdə olan nəslə şifahi yolla və bədii vasitələrlə çatdırmağa çalışırdılar. Buna görə də dünyada türk xalqlarında oluğu qədər çoxjanrlı və zəngin folklora az-az rast gəlmək olarNəsildən-nəslə ötürülərək yaşadılan və zənginləşdirilən folklorumuz dağda da, aranda da, kənddə də, şəhərdə də, üç- beş nəfər arasında da, 50-60 nəfərin toplandığı salonda da bir məktəb, universitet rolunu oynayaraq minlərlə, milyonlarla insanın dünyagörüşünü formalaşdırmış, həyata hazırlamışdır. Səbəbi isə savadsız saydığımız anaların ənənəyə sadiqliyi idi. Min illər boyu ağbirçəklər gənc analara hamiləlik dövründə daha həssas olmağı, doğulacaq körpəni hələ hüceyrə ikən sevib əzizləməyi məsləhət görürdülər. Onlar üçün sakit və rahat bir ortam yaradır, hətta ürəkləri istədiyi meyvələri, yeməkləri çətin də olsa, tapıb yedirdirlər. 
        Beləcə layla və oxşamaların, həzin və sakitləşdirici musiqinin təsiri altında ana bətnində formalaşan döl uşağa çevrilərək həyata gəldikdə həyatsevər, valideynlərinə, ətrafdakılara sevgiylə böyüyərdi. 
Alman alimlərinin apardığı müşahidələrdən bu qənaətə gəlmişlər ki, yeni doğulmuş körpə anasının danışdığı dilin səs tonuna uyğun ağlayır. Buradan belə qənaətə gəlmək olur ki, gələcək nəslin formalaşmasında ananın danışdığı dilin də, yaşadığı mühitin də, yediyi qidanın da, dinlədiyi musiqinin də təsiri var.
    Uşaq həyata göz açandan sonra laylalar, oxşamalar, nazlamalar vasitəsilə böyüdülür. Dil açdıqdan sonra ona sicillilər, yanıltmaclar öyrətməklə nitqini rəvanlaşdırır, tapmacalarla məntiqini inkişaf etdirir, holavarlar, sayaçı sözləri, nağıllar və b. təbiət, həyat haqqında biliklərini artırırlar. Bütün bunlar hər bir Azərbaycan fərdinin tərbiyəsində əvəzolunmaz nemətdir!
    Uşaqlar maraqla dinləyib, yadda saxladığı folklor nümunələri onun istər dünyagörüşünü, istər mənəvi aləmini, istərsə də iradəsini formalaşdırır. Hələ ana bətnində ikən milli duyğularla tərbiyə edilənlər böyüyəndə cəmiyyət üçün gərəkli insana çevrilir və millətinə, xalqına ona daha çox sarılır. Uşağı milli musiqisi olan sazla tanış etməli, ona dinlətməliyik. Çünki “Sarıtel”i, “Dübeyti”ni dinlədikcə körpə soykökünə bələd olar. “Ruhani”ni dinləyən körpələr dədə-babalarının nə üstə kökləndiyini duyar, özü də haqsızlığa, ədalətsizliyə qarşı beləcə üsyankar olar, zülmü götürməz, zalımın tərəfində durmaz. Beləliklə, hələ ana bətnində ikən uşağın tərbiyəsini düşünmək lazımdır. Mirzə Cəlillər, Əbdürrəhimbəy Haqverdiyevlər, Üzeyir Hacıbəylilər məhz bu “dalğada kökləndiklərinə görə” Azərbaycan millət, vətən eşqi ilə yanıb-yaxılıblar. Məhz buna görə onları heç bir qüvvə öz yolundan döndərə bilməyib, bütün çətinliklərə sinə gəriblər.

Mənbə: scwra.gov.az

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİLƏ ƏDƏB MƏKTƏBİDİR!

Ədəb, gözəl tərbiyə, əxlaq, yaxşı davranış, həya, nəzakət kimi mənaları ifadə edir. Bütün bu xüsusiyyətlərə sahib olan insan ədəbli hesab...

Bağla