İNSANIN İÇİNDƏKİ DÜŞMƏNİ

0

Varlıqlar aləmi geniş bir ümman kimidir. Hər bir yaradılmış bu əngin ümmanda özünəməxsus yerə və mövqeyə malikdir. Lakin insanın bu varlıqlar içərisindəki yeri və tutduğu mövqeyi dəqiq şəkildə müəyyənləşdirmək heç də asan deyildir. Bəzən insan bu silsilənin başında yer alır, bəzən isə öz mövqeyini əli ilə başqasına təslim edir.

Təbii ki, insanın varlıqlar aləmindəki mövqeyi sabit və dəyişməz deyildir. Necə ki, insan bədənində meydana çıxan bir xəstəliyin əsas səbəbləri çox vaxt daxili, yəni genetik amillərlə bağlıdırsa, eyni şəkildə insanın varlıqlar aləmindəki mövqeyini sarsıdan əsas səbəb də onun daxilində gizlənən mənfur bir düşməndir. Bu düşmənə “nəfs” adı verilir.

Nəfslə mübarizə, insanlıq tarixi boyunca davam edən mənəvi bir savaşdır və bu savaşın başlanğıcı ilk insan Həzrət Adəmlə (ə.s) birlikdədir. Qurani-Kərimdə Həzrət Adəmin (ə.s) aldadılma prosesi nəfsin təsiri ilə izah edilir: şeytan onu əbədilik arzusu ilə aldadır (əl-Əraf, 7/20). Habelə, Həzrət Peyğəmbərin (s.ə.s) Bizansa qarşı düzenlədiyi bir səfərdən qayıdarkən buyurduğu “Kiçik cihaddan böyük cihada dönürük. Bu böyük cihad nəfs ilə olan cihaddır” (əs-Süyuti, 3/73) kəlamı da bu mənəvi düşmənin əhəmiyyətini bir daha ortaya qoyur.

Nəfslə mübarizə və onun təzkiyəsi (təmizlənməsi) mövzusunda hədisdən tutmuş təfsirə, fiqhdən təsəvvüfə qədər bir çox sahədə cildlərlə əsər yazılmışdır. Bu əsərlərin ortaq məqamı odur ki, nəfsin təzkiyəsi mümkündür, lakin onun öldürülməsi qadağandır. Beləliklə, insanın vəzifəsi nəfsini islah etmək, yəni onu tərbiyə və nəzarət altında saxlamaqdır. Bu nöqtədə Allah-Təalanın “əl-Fəcr” surəsinin son ayələrində buyurduğu kəlam ən önəmli yol göstəricilərindəndir. Belə ki, Allah iman etmiş və rahatlığa qovuşmuş nəfsə (insana) xitab edərək, Ondan razı olduğunu, həmin şəxsin də Allahdan razı qaldığını bildirir və onun cənnətə daxil olacağını müjdə verir (əl-Fəcr, 89/27-30).

Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə və dünya imkanları genişləndikcə nəfsə xitab edən cazibələr də artır. Nəfslə mübarizə bu səbəbdən günbəgün daha da çətinləşir. Doymazlıq hissi nəfsi bəsləyən əsas mənbələrdən biridir. Nə qədər çox qarşı qoyulsa da nəfs insanın qarşısına daha şiddətli şəkildə çıxır. Müxtəlif məhsullarla dolu market piştaxtaları, yeni texnologiyalar, avtomobillər, telefonlar və digər lüks vasitələr nəfsin cazibədar tələləridir. İnsan gördüyünü arzulayır, sahib olduqlarının isə daim daha yaxşısını istəyir. Bu isə nəfsin klassik cilvəsidir.

Bu vəziyyətdən qurtulmaq üçün iradəli davranmaq, nəfsin gələcək addımlarını öncədən təxmin edərək planlı şəkildə qarşısını almaq lazımdır. Nəfsin arzu və istəkləri qarşısında “yox” deməyi öyrənməliyik. Əks halda, bu mənəvi mübarizədə içimizdəki düşmən üstünlük qazanacaqdır.

Nəticə etibarilə, insanın ən böyük düşməni onun öz içində gizlidir. Hər kəs bu düşməni tanıyır, lakin onu unudur. Nəfsin ən təhlükəli cəhəti də məhz onun gizli və unudulan bir düşmən olmasıdır. Çünki düşmənini tanımayan bir şəxs bu mübarizədə uduzmağa məhkumdur. Əksinə, düşmənini hərtərəfli şəkildə tanıyan bir insan üçün bu mübarizə çətin, lakin qələbəsi əlçatandır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cevdet Yılmaz: Azərbaycanla Türkiyənin məqsədi regionun firavan gələcəyini birgə qurmaqdır

Ermənistanla danışıqlarda konstruktiv addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan məqsədinin regionda davamlı sülh və rifah olduğunu açıq şəkildə...

Bağla