Dünya Müsəlman Alimlər Birliyi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini alqışlayaraq, sazişi İslam aləminin birliyi və müstəqilliyi istiqamətində mühüm addım kimi qiymətləndirib.
Birliyin yaydığı yazılı açıqlamada Qurani-Kərimin birlik və həmrəyliyə çağıran ayələrinə istinad edilərək, üç ölkə arasında əldə olunan razılaşmanın İslam ümmətinin “ortaq təhdidlər” qarşısında gücünü artıracağı bildirilib.
Açıqlamada Məkkə Birgə Müdafiə Sazişinın yalnız hərbi və təhlükəsizlik sahələri ilə məhdudlaşmaması, gələcəkdə siyasi, iqtisadi, sosial, elmi və inkişaf istiqamətlərini də əhatə edən institusional əməkdaşlığa çevrilməsi arzusu ifadə olunub.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bir araya gəlməsinin strateji əhəmiyyət daşıdığı vurğulanan açıqlamada deyilir:
“Dini, tarixi, siyasi və iqtisadi çəkisi ilə Səudiyyə Ərəbistanı, siyasi, hərbi, sənaye və iqtisadi gücü ilə Türkiyə, hərbi imkanları və strateji mövqeyi ilə Pakistan İslam dünyasında bir-birini tamamlayan mühüm güclərdir. Bu üç ölkənin birgə fəaliyyəti ümmətin birliyi və əməkdaşlığının gücləndirilməsi baxımından möhkəm nüvə formalaşdıracaq”.
Anlaşmanın avqustun 7-də Məkkədə, Məscidül-Həramın kölgəsində imzalanmasının dərin mənəvi və simvolik məna daşıdığı bildirilib. Səudiyyə Ərəbistanı rəhbərliyinə sazişə ev sahibliyi etdiyi üçün təşəkkür edilib.
Açıqlamada həmçinin bu addımın üç ölkə ilə məhdudlaşmaması, xüsusilə Fələstin məsələsi və Məscidül-Əqsanın qorunması başda olmaqla, İslam dünyasının əsas məsələlərinə inanan digər müsəlman ölkələrinin də iştirakı ilə daha geniş ittifaqa çevrilməsi çağırışı edilib.
ERAmedia



