İSLAMA GÖRƏ İNSAN

0

İnsan, Allah Təalanın yaradıcı vəsfinin ən gözəl tərənnümüdür. Allah ilk insanı (Həzrət Adəmi) torpaqdan (Ali İmran, 3/59), onun nəslini isə bir nütfə sudan yaratmışdır (Fatir, 35/11). İslama görə insan Allahın yer üzündəki xəlifəsi və quludur. İnsan qul olaraq Uca Yaradana xidmət eməli, passiv bir şəkildə İlahi İradəyə boyun əyməli və həyatını onun təyin etdiyi istiqamətdə davam etdirməlidir. Eyni zamanda xəlifə statusundan çıxış etdiyi üçün aktiv olmalıdır. İnsan Allahın ona yüklədiyi vəzifələri layiqi ilə yerinə yetirməlidir. Çünki insan, Allahla yer üzü arasında bir körpüdür. Dünyanın yaşana biləcək halda olmasından, İlahi İradənin təyin etdiyi hökmlərin hər tərəfə yayılmasından və işləyişin sünnətullaha görə davam etməsindən insan məsuldur (Nasr, 2020: 43).

            İnsan hər zaman ilahi yardıma möhtacdır. Qürrələnərək yer üzündə gəzərkən başına bir fəlakət gələrsə Allahdan başqa kömək istəyəcək heç kəsin olmadığını gec və ya tez dərk edəcəkdir. İnsan xoşbəxt ikən Allahı unudur, dar günündə Allahı yad edir. Bu cümlədə insanın iki böyük düşməni yer alır. Bunlardan biri “unutqanlıq”, digəri isə “qəflət”dir. Təəssüf ki, insan, Allahın qulu olduğunu, yer üzünə xəlifə təyin etdiyini və mələklərdən belə üstün mövqedə olduğunu unudur. Unutqanlıq özü ilə bərabər qəflət hissini də gətirir. Qəflət, əslində şirk terminində özünü göstərir. Belə ki, Allah insanı torpaqdan yaradaraq ona öz ruhundan üfləmişdir (Sad, 38/72). Məhz buna görə insanın insanlığı meymunlardan gəlmir. Əksinə insan ruhlar aləmindən gəlmişdir. Ruhumuz Allaha aiddir və ona geri dönəcəkdir. İnsan bunları bildiyi halda Allaha şərik qoşarsa bu, öz əslini unutduğunun nəticəsidir. Bəşər övladı əslini unutmaqla Allahın birliyini inkar etmiş olur. Bu da onun qəflətdə olduğunu göstərir; gözləri açıqdır, ancaq həqiqəti görə bilmir. Qulaqları eşidir, ancaq haqq sözü qarşı kardır. Zehni itidir və mühakəmə qabiliyyətinə sahibdir. Ancaq qəflətin qurbanı olduğu üçün Allahın birliyini sübut edən dəlilləri qəbul edə bilmir (Nasr, 2020: 44-45).

            İnsan, Yaradana qulluq edərsə və onun əmr və qadağalarına riayət edərsə “əhsəni-təqvim” səviyyəsinə yüksələr (ət-Tin, 95/4), Allaha qarşı gəldikdə isə “əsfələ-səfilin” səviyyəsinə enər (ət-Tin, 95/5). Bu iki termin insan üçün bir ölçüdür. İnsan həmişə bu iki termin arasında gedib gəlir. O, gözəl bir yaradılışa sahib olduğu kimi, iyrənc işlər görməyə də qadirdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ: TÜRKİYƏ BU GÜN DÜNYA ÇAPINDA SÖZ SAHİBİDİR

Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Bu fikirləri...

Bağla