İSLAMDA TƏBİƏTİ QORUMAQ

0

İnsan oğlunun həyatı təbiətdən ayrı təxəyyül edilə bilməz. Dünyada yaşayan bir canlı varlıq olaraq insanın dəyəri həyatı boyunca ailəsinə, cəmiyyətə və ətraf mühitinə qarşı göstərdiyi münasibətlə ölçülür. Buna görə də həm Qurani-Kərimdə, həm də Peyğəmbərimizin (s.ə.s) hədislərində insanın təbiətlə, ətraf mühitlə əlaqəsi və davranışları İslamın ibadət anlayışı çərçivəsində ələ alınmışdır.

Qurani-Kərimdəki təbiət və ekologiya ilə əlaqəli ayələrdə təbiətin insan oğlu üçün bir nemət olaraq bəxş olunduğu və müəyyən bir nizam-intizam içində yaradıldığı bildirilir. Eləcə də təbiətdəki bu nizamın məhz insan oğlunun törətdiyi fitnə-fəsad nəticəsində pozulduğu, buna görə də insanların fitnə-fəsaddan, israfçılıqdan və məsuliyyətsizlikdən uzaq durmasının vacibliyi vurğulanır. Təbiət və onun qorunması ilə bağlı ayələri aşağıdakı kimi xülasə etmək olar:

 “Şübhəsiz ki, Biz hər şeyi müəyyən bir ölçüdə yaratdıq”.[1]

“Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik”.[2]

“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk”.[3]

“O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki, tərəzidə həddi aşmayasınız. Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin!”[4]

“İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar”.[5]

“İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz”.[6]

“Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin!”[7]

“Ey Adəm oğulları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz”.[8]

Həzrət Peyğəmbərin həyatına və hədislərinə nəzər saldığımız zaman Allah Rəsulunun (s.ə.s) təbiətin qorunması məsələsində çox həssas olduğunu, yaşıllaşdırma işinə əhəmiyyət verdiyini, Mədinə və Taif kimi yerlərdə qoruq əraziləri təşkil etdiyini görürük. Peyğəmbərimiz (s.ə.s) “əl-Ğabə” adlandırılan bir meşə barəsində belə buyurmuşdur: “Kim buradan bir ağac kəsərsə, onun əvəzində bir ağac əksin!”[9] Bir hədisi-şərifində də Həzrət Peyğəmbər (s.ə.s): “Əlinizdə bir fidan varsa, qiyamət qopmağa başlasa belə, əgər onu əkmək üçün vaxtınız varsa, mütləq onu əkin!”[10] – buyuraraq yaşıllaşdırmanın nə qədər əhəmiyyətli olduğuna diqqət çəkmişdir. Bir hədisində də Peyğəmbərimiz: “Kim bir sidr ağacı kəsər və yerinə yenisini əkməzsə, Allah onun üçün cəhənnəmdə bir məskən hazırlayar”,[11] – buyuraraq ağac kəsməyə qarşı insanları xəbərdar etmişdir.

Həzrət Peyğəmbər təbiəti mühafizə etməklə bağlı hər işdə müsəlmanları məlumatlandırmış və xəbərdar etmişdir. Belə ki, sudan düzgün istifadə olunması və israf edilməməsi, evlərin və yolların necə inşa edilməsi gərəkdiyi,[12] Mədinənin ətrafında ov etməyin, ağac kəsməyin və ot biçməyin qadağan olunması[13] kimi bir çox ekologiya və təbiətin qorunması ilə bağlı verdiyi qərarlar bunun təzahürüdür.

Nəticə etibarilə, günümüzdə də hər bir müsəlman təbiəti, ekologiyanı və ətraf mühiti qorumaqla mükəlləfdir. Buna görə də dünyamızı birgə bölüşdüyümüz heyvanlar, bitkilər, hava, su və s. kimi Uca Allahın bizlər üçün yaratdığı varlıqları qorumalı və ən uyğun şəkildə istifadə edib israfçılığa yol verməməliyik.

[1] Qəmər, 54/49.
[2] Hicr, 15/19.
[3] Hicr, 15/21.
[4] Rəhman, 55/7-9.
[5] Rum, 30/41.
[6] Bəqərə, 2/204-205.
[7] Əraf, 7/56.
[8] Əraf, 7/31.
[9] Bələzuri, “Fütuhül-büldan”, s. 17.
[10] Buxari, “əl-Ədəbül-müfrəd”, 168.
[11] Əbu Davud, “Ədəb”, 158.
[12] İbn Macə, “Təharət”, 48.
[13] Buxari, “Büyu”, 53.

f.f.d Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİT İKİ QADIN TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRDİ – FOTO

Türkiyədə Milli İstihbarat Təşkilatı (MİT – Xüsusi Xidmət Orqanı) keçirdiyi sərhəddən kənar əməliyyatı ilə iki terrorçu qadını zərərsizləşdirib. Yerli mətbuatın...

Bağla