İSLAMIN ÇİÇƏKLƏNMƏ DÖVRÜNƏ FƏRQLİ BİR BAXIŞ

0

İslam dünyası tarix boyunca fərqli hadisələrlə qarşılaşmışdır. Kitab/kitablar mütaliə etmiş bir şəxs 15 əsrlik müddət ərzində İslamın qüvvətli olduğu zaman intervalının hansı dövrləri əhatə etdiyini və ya ardıcıl olaraq hansı əsrlərdə Müsəlmanların çiçəklənmə dövrünü yaşadığını deyə bilər. Ancaq şəxsin verəcəyi cavab sistemin bizə öyrətdiyi tarixləndirmədən kənara çıxmayacaqdır. Məsələn; Avropaya görə İslamın çiçəklənmə dövrü XVI əsrdə başa çatmışdır. Türkiyəli məşhur mədəniyyət tarixçisi mərhum Fuad Sezgin isə müsəlmanların geriləmə dövrünün 1699-cu ildə (XVII əsrin sonu) Osmanlı dövləti ilə Müqəddəs Roma-German İmperiyası arasında imzalanan Karlofça müqaviləsindən sonra başladığını qeyd etmişdir.

Əlbəttə, bu məqamda veriləcək hər bir cavabın özünə görə mənfi və müsbət yönləri vardır. Ancaq İslam tarixinə nəzər saldıqda fərqli bir pradiqmanın mövcudluğu ilə qarşılaşa bilirik. Belə ki, İslamın çiçəklənmə dövrü müəyyən bir müddətlə bərabər (müəyyən əsrlər arasında) fərqli dövrlərdə də özünün göstərmişdir. Bir dövrdə aclıq və xaos hakim ikən müsəlmanlar ən xoşbəxt dövrlərini yaşaya biliblər. Söylədiklərimizə misal olaraq əsri-səadəti göstərə bilərik. Əsri-səadət dövründə müsəlmanların iqtisadi vəziyyəti heç də ürəkaçan olmamışdır. Bəzən baş verən quraqlıqlar müsəlmanların həyatlarına dərin zərbələr endirmişdir. Eyni zamanda ilk müsəlman cəmiyyətində Həzrət Muhəmməd (s.ə.v.) kimi bir peyğəmbər var idi. Bu da ilk müsəlmanları hər cəhətdən sonrakı nəsillərdən ayırmışdır. Eyni şəkildə XI-XII əsrlə nəzər yetirək. Heç şübhəsiz bu müddət ərzində müsəlmanlar yazıb yaradır, elmi nəaliyyətlər əldə etmək üçün bir-biri ilə mübarizə aparırdılar. Həmçinin bu dövrdə İslam coğrafiyasında siyasi cəhətdən feodal dağınıqlığı hakim idi. Belə bir vəziyyətdə, yəni 1096-1099-cu illərdə Avropadan gələn xristian ordularının başlatdığı Birinci Səlib Yürüşü nəticəsində mərkəzi Qüds olan Səlib dövləti qurulmuş, 1187-ci ildə Səlahəddin Əyyubinin mübarizə əzmi nəticəsində süqut etmişdir. Deməli, elmi nəaliyyətlərin yaşandığı bəzi dövlərdə İslam dünyasında siyasi istiqrarsızlıq hökmran ikən, bəzi vaxtlarda isə vəba, tif və ya taun kimi epidemik xəstəliklərin yayıldığı görülür. Müsbət və mənfi cəhətləri bir bütün olaraq ələ alıb dəyərləndirdikdə tam mənada bir çiçəklənmə dövrünün mövcud olmadığını deyə bilərik.

Yüksəliş dövründə bəzi sahələrdə tənəzzül meydana gəlmişdir. Ona görə hər zaman intervalını həmin dövrdə baş verən bütün hadisələri əsas alaraq dəyərləndirmək lazımdır. Əks halda ortaya çıxacaq nəticə obyektiv olmayacaq, şəxslərin tərəfli fikrinə əsaslandığı üçün subyektif xüsusiyyət daşıyacaqdır. Bu pradiqmaya diqqət etdikdə İslam mədəniyyətinin qopuq olmadan 15 əsr boyunca davam etdiyini deyə bilərik. Burada qeyd edilən fikir analizi davamlılıq fikrinə əsaslanır. Avropanın qeyd etdiyi fikir isə parçacı xarakter daşıyır. Parçalanmış düşüncə dünyası və ya mədəniyyət fikri qısa müddətdə yox olub gedər. İslam həqiqətin carcısı olduğu üçün qiyamət gününə qədər hökmran olacaqdır. Burdan nəşvi-nəma tapan bir mədəniyyət də parçalanmaz, əksinə, hər dövrdə öz mövcudiyyətini qoruyar. Elə isə biz də zehnimizdə hər cür mənfi fikrə qarşı mübarizə aparmalıyıq. Başqalarının fikrinə tənqidi yanaşmağı bacarmalıyıq. Məhz bu cür vərdişlər müsəlmanların zehinlərinə çəkilən görünməyən sədləri parçalayacaqdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Haber Global”: İlham Əliyev və Ərdoğandan Kahramanmaraşa simvolik ziyarət – dondurma jesti ilə tamamlanan səfər

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Kahramanmaraşa səfəri ilə bağlı geniş süjet yayımlayıb. “Report” xəbər verir ki, süjetdə...

Bağla