Mehmet Nuri Ersoy: “Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb”

0

Bu ilin yanvar-mart aylarında Türkiyənin turizm gəlirləri 9,9 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında 2026-cı ilin ilk üç ayına dair turizm göstəricilərini açıqlayarkən deyib.

Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında Türkiyə turizm sektorunda artım tempini qoruyub saxlayıb: “Ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % artaraq 9,2 milyona çatıb. Ölkə bu dövrdə həm turist sayında, həm də turizm gəlirlərində sabit artım əldə edib. Açıqlanan rəqəmlərə əsasən, ilin ilk rübündə Türkiyənin turizm gəlirləri 9 milyard 896 milyon ABŞ dollarına çatıb. Bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 % artım deməkdir”.

Ersoy bildirib ki, dünya hazırda olduqca həssas və dəyişkən bir dövrdən keçir. Onun sözlərinə görə, regional gərginliklər, geosiyasi proseslər, münaqişələrin yaratdığı mənfi təsirlər və bunun beynəlxalq səyahət axınlarında meydana gətirdiyi dalğalanmalar turizm sektoruna birbaşa təsir edən əsas amillər sırasındadır: “Bölgəmizdə böhranlar hər zaman olub və bundan sonra da olacaq. Əsas məsələ isə bu proseslərin necə idarə edilməsidir. Ötən il də oxşar qlobal hadisələr və regional qeyri-müəyyənliklərlə qarşılaşdıq. Buna baxmayaraq, 2025-ci ili 64 milyon turist və 65,2 milyard dollar turizm gəliri ilə başa vurduq. Bu göstəricilər Türkiyənin turizm sahəsində yalnız güclü bir istiqamət deyil, eyni zamanda yüksək böhran idarəetmə qabiliyyətinə malik ölkə olduğunu açıq şəkildə nümayiş etdirir”.

Nazir əlavə edib ki, rezervasiya tendensiyaları, ləğvlər, səyahət planlarında baş verən dəyişikliklər və turist davranışları birbaşa sahədən izlənilir. Bu isə mövcud vəziyyəti daha dəqiq təhlil etməyə, eyni zamanda bazarlara uyğun çevik və effektiv addımlar atmağa imkan yaradır.

Ersoy bildirib ki, Türkiyə, xüsusilə də İstanbul hazırda mühüm beynəlxalq idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir, eyni zamanda bir sıra iri layihələrə hazırlaşır. Onun sözlərinə görə, bu cür tədbirlər Türkiyənin etibarlı və cəlbedici qlobal turizm istiqaməti kimi mövqeyini daha da gücləndirir. “İstanbul 2027-ci ildən etibarən Türkiyə Qran-Prisi ilə yenidən Formula 1 təqviminə qayıdacaq. UEFA Avropa Liqasının final oyunu isə mayın 20-də İstanbulda keçiriləcək. Şəhərin stadionları və konsert salonları beynəlxalq ulduzların çıxışlarına ev sahibliyi edir. Bu tədbirlərə qatılmaq üçün Avropadan, Rusiyadan, Yaxın Şərqdən və Asiyadan on minlərlə turist Türkiyəyə səfər edir”.

Nazirin sözlərinə görə, beynəlxalq tədbirlər yalnız idman və incəsənət sahəsi ilə məhdudlaşmır. O vurğulayıb ki, bu cür təşkilatlar Türkiyənin qlobal turizm imicini gücləndirən ən vacib vasitələrdən biridir.

İlin ilk üç ayında Türkiyədə turistlərin gecəlik orta xərcləri 2,8 % artaraq 102 ABŞ dollarına yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci ildə 68 dollar, 2025-ci ildə isə 99 dollar təşkil edib. Bu ilin ilk rübündə Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Almaniya 678 min ziyarətçi ilə ilk yerdə qərarlaşıb. Rusiya Federasiyasından gələn turistlərin sayı 651 min, Bolqarıstandan gələnlərin sayı isə 539 min olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün səhər saatlarında Şuşada inşa edilən məscidi (Yeni Şuşa) ziyarət ediblər. "Report"un Şuşaya...

Bağla