İSRAFIN NÖVLƏRİ NƏLƏRDİR?

0

Rəbbimizin quluna ikram etdiyi hər bir nemət, ona əbədi səadət sərmayəsi olması üçün lütf edilmişdir. Qulun vəzifəsi isə xəsislik və israf elmədən bu nemətlərdən Allahın razılığı istiqamətində istifadə etməkdir. Çünki Allahu-Təala israfı sevmədiyini belə bəyan edir:

“…Yeyin, için amma israf etməyin. Allah israf edənləri sevməz.” (Əraf-31) 

“…Şübhəsiz ki, Allah israf edənləri və çox yalan danışanları doğru yola yönəltməz.” (Mümin-28)

QULLUĞUN İSRAFI

İsraf; aşağılıq kompleksini yox etmək və etibarı pulla almaq üçün maddi imkanlarla özünü göstərmək cəhdi kimi ifadə edilsə də əslində bu, israfın ağla ilk gələn məhdud mənasıdır. Halbuki israf, bəşər övladının həddini aşdığı bütün işlərə şamil edilən geniş bir mənanı ifadə edir. İlyâs – rəhmətullâhi aleyh – bu həqiqəti nə gözəl vəcizələrlə ifadə etmişdir:

“Allahın əmrlərinin xaricinə çıxan hər şey israfdır.” 

YƏNİ;

Varlıqlar arasında ən gözəl surətdə yaradılıb ilahi ikramla Haqqa qulluq kimi istisnai bir şərəfə nail olan insanın nəfsani arzularının əsirliyində bir ömür keçirməsi qulluq israfıdır.

QƏLBİN İSRAFI

Allahın nəzərgahı olmaq kimi ali bir şərəfə nail olmaq istedadıyla yaradılan, iman və əxlaqın qını hesab edilə biləcək olan qəlbin, insanı Allahdan uzaqlaşdıran qəflət və günahlarla kirlədilməsi də qəlbin israfıdır.

ÖMRÜN İSRAFI

İnsana bəxş edilmiş ən dəyərli nemətlərdən olan ömürdən Allahın rizasına uyğun istifadə etməyərək axirət səadətinə sərmayə etməmək də vaxtın, yəni ömrün israfıdır.

SEVGİ VƏ MƏHƏBBƏTİN İSRAFI

“Əl-Vədud” ismi ilə sevginin mənbəyi olan Allaha və imanın nümayişi kimi sevməyimiz əmr edilən Rəsulullaha -sallallahu aleyhi və səlləm- təsis edilməsi labüd olan məhəbbətin, gizli və aşkar hər fürsətdə Allah və rəsuluna düşmənlik edən şəxslərə istiqamətlənməsi məhəbbətin ən faciəvi israfıdır. Necə ki, Təbbət surəsi də layiq olana nifrət göstərilməsinin ən açıq nümunəsidir.

NƏFƏSİN İSRAFI

Hər biri misilsiz xəzinə olan nəfəsləri Qurani-Kərim qiraəti və daimi zikr ilə əhya etmək əvəzinə “Onlar boş və faydasız işlərdən üz çevirirlər.” (Müminun-3) ayeyi-kəriməsinə zidd olaraq insanın əbədi səadətinə heç bir xeyri olmayan boş həvəslər uğrunda tükətilməsi də nəfəslərin israfıdır.

XEYRİYƏÇİLİYİN İSRAFI

Məhzun ürəkləri, yorğun könülləri, sıxıntıdan daralmış köksləri fərəhlədərək rahatlığa qovuşdurmağın yollarından olan zəkat, sədəqə və infaqı möhtaclara verərkən ənaniyyət və eqoizmin təsiri ilə başa çaxaraq onları minnət altında qoymaq da xeyriyyəçiliyin israfıdır. Bu barədə ayeyi-kərimədə belə buyurulur: 

“Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır… Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın…” (Bəqərə-263,264)

SƏMİMİYYƏT VƏ İXLASIN İSRAFI

Rəbbimizin hidayət rəhbəri kimi peyğəmbərinə nazil etdiyi, ordan da bütün bəşəriyyətə elan edilən, peyğəmbərimizin oxumaqdan doymadığı Qurani-Kərimi layiqincə oxuyub anlamağa cəhd etməmək, əmr və yasaqlarını diqqətə almamaq da o ilahi feyz mənbəyinin israf edilməsidir.

Necə ki, Allah-Təala Qurani-Kərim xüsusunda israf edənlərlə onun feyzindən yaxşıca istifadə edənləri belə bəyan buyurmaqdadır:

“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!” (Fâtır-32)

Ayeyi-kərimədə özlərinə zülm etdiyi bəyan edilən şəxslər Quranın həyat verən əmr və yasaqlarına qafil olaraq ömür sürən bədbəxtlərdir. Ortada olanlar isə, ilahi əmrlərə bəzən itaət edib bəzən də səhlənkar yanaşanlardır. Onların halı nəfsi-ləvvamənin tutarsızlığını xatırladır. Allahın izni ilə önə keçənlər isə, Allahın Qurani-Kərimdəki əmr və yasaqlarını böyük həvəslə yerinə yetirməyə cəhd edən, hökmləriylə əməl edən, əxlaqıyla kamil olan saleh qullardır.

AĞLIN İSRAFI

Sözləri və prinsipləri həm öz həyatında, həm də qiyamətə qədər davam edəcək ümmətinin həyatında yaşayan peyğəmbərimizin nurlu izində yox, ağılları vəhy tərbiyəsi görməmiş, ictimai intizam və əxlaq adına ortaya qoyduqları fikirlər çox vaxt kitabxanaların tozlu rəflərindəki kitablarda sadəcə bir nəzəriyyə kimi qalmış filosofları izləyərək boş yerə yorulmaq da ağlın israfıdır.

DİL NEMƏTİNİN İSRAFI

İncimişləri barışdırmaq, din qardaşlığını gücləndirmək, yaxşılığı tövsiyyə edib pis işlərdən uzaqlaşdırmaq, daim haqqın və xeyrin müdafiəçisi və sözçüsü olmaq əvəzinə boş və mənasız danışmaq, könül sındırmaq, ən pisi də batilin, şərin və şeytanın vəkilliyini etmək dil nemətinin israfıdır. 

İBADƏTDƏ İSRAF

İmkan var ikən namazı camaatla qılmamaq, onu məcburən yerinə yetirirmişcəsinə xüşudan uzaq bir şəkildə ifa etmək də ibadət həyatına aid israflar silsiləsindəndir.

İNSAN İSRAFI

Bilmək lazımdır ki, ömrü hədər keçirmək, yemək-içmək və geyimdə həddini aşmaq, sağlamlığı lazımsız yerlərdə ziyan etmək, təfəkkürü ruhani mənzərələrə yox nəfsani vitrinlərə yönləndirmək, faydasız elmlə məşğul olmaq və elmi nəfsani mənfəətlərə alət etmək də israfdır. Təhsildə, sırf dünyəvi gələcək qayğısı ilə övladlarını mənəvi tərbiyədən məhrum yetişdirmək israfların ən böyüyü olan insan israfıdır. Çünki bu, ən böyük həqiqətdən qafil qalaraq əbədi səadəti israf etməkdir.   

RIZIQ İSRAFI

Bir insanın tənbəllik edərək öz iaşəsini qazanmağa məsuliyyətsiz yanaşması və ətrafına möhtac hala düşməsi də bir cür israfdır. Çünki hədisi-şərifdə:

“Allah-Təala qulunu halal ruzisini qazanarkən yorulmuş vəziyyətdə görməyi sevir.” – buyurulmuşdur. (Süyûtî, el-Câmiu’s-Sağîr, I, 65)

İNFAQ İSRAFI

Daha çox ehtiyac sahibləri var ikən şəxsi yaxınlığımız olan şəxsə ehtiyacından çox vermək də israfdır. Bu səbəblə də möhtacların ehtiyac dərəcələrinə görə infaqda öncəlik sırasını müəyyən etmək zəruridir. Mövlana həzrətləri bu xüsusda belə buyurur:

“Neçə-neçə sərvət sahibləri vardır ki, onların layiq olmayanlara verməmələri vermələrindən daha xeyirlidir. Bu səbəblə də Allahın verdiyi malı ancaq Allahın əmrinə görə xərclə! Yersiz infaq üsyankar bir qulun, güya ehsan edirəm deyərək padşahın malını quldurlara paylamasına bənzəyir.” 

Âyeyi-kərîmədə buyrulur:

“(Sədəqə) Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.” (Bəqərə-273)

RAMAZÂNİ-ŞƏRÎF NEMƏTİNİ İSRAF

İçində min aydan daha xeyirli Qədr gecəsinin olduğu Ramazanı-şərifin sahur vaxtlarını oyanıq bir könüllə ifa edilən təhəccüd, təfəkkür, zikr və Quran qiraəti ilə əhya etməyənlər; gündüzləri könlünü Haqqa verərək ibadət, infaq və saleh əməllər etməyənlər; icabət vaxtı olan iftar saatlarını istiğfar, dua və bir oruclunu iftar etdirə bilmənin hüzuru ilə keçirməyənlər; axşamlarını tadili-ərkana riayət edərək təravih namazları ilə diriltməyənlər ramazani-şərif nemətini israf edirlər. Ramazanın gün və gecələrini israf edənlər üçün isə Cəbrayıl -əleyhissalamın- xəbərdarlığı kafidir:

“Ramazan ayına çatıb günahları bağışlanmayan rəhmətdən uzaq olsun!” (Hâkim, IV, 170/7256)

İNSANA VERİLƏN MADDİ VƏ MƏNƏVİ NEMƏTLƏRİN İSRAFI

Bşəriyyət ilahi həqiqətlərdən uzaqlaşdıqca vicdan, insaf, şəfqət, mərhəmət, fədakarlıq və insanı əşrəfi-məxluqat edən bütün fəzilət və dəyərlərlə də vidalaşır. Bundan dəhşətli olanı isə bəlkə də özünü “dindar” hesab edən müsəlman mühitlərdə də günümüzdə çox yayılmış olan israf və əzələ nümayişi xəstəliyinə yaxalanıb möhtaclara biganə qalanların olmasıdır. Xalq arasında “süslüman” kimi də ifadə edilən bu qrup lyuks, israf və şou ilə etibar qazanmaq səhvinə düşməkdə və təəssüf ki, izdırab çəkənlərə qarşı laqeyd, fəryadlara qarşı kar, matəmlərə qarşı kor olmaqdadır.

Halbuki Allah-Təala bizə Tövbə surəsinin 100-cü ayəsində mühacir və ənsarın izi ilə gedən “ihsan sahibləri”ndən olmağımızı təlqin etməkdədir. Yəni Allahın peyğəmbərinin nəbəvi tərbiyəsi altında yetişən misilsiz nəsli özümüzə nümunə götürməyimizin labüd olduğu bəyan edilməkdədir. Necə ki, lyuks, israf, əzələ nümayişi, acgözlük kimi çirkin hallar səhabə nəslinin əsla bilmədiyi bir həyat tərziydi. Onlar özləri üçün kifayət miqdara qənaət edib ehtiyacdan artıq olanı, hətta çox vaxt möhtac olduqlarını da din qardaşları ilə paylaşmağı ən böyük zövq və ləzzət hesab edən uca şəxsiyyətlər idi.  

Nəticə olaraq israf həyatın hər mərhələsində özünü göstərən bir düşüncə və davranış qüsurudur. İnsana bəxş edilən maddi-mənəvi nemətlərin israf edilməsi isə əbədi səadərt sərmayəsini ziyan edərək axirətdə iflasa sürüklənmək deməkdir.

Rəbbimiz bizi hər cür pisliklərdən və axirətimizi məhv edəcək israflardan mühafizə buyursun. Həyatımızı Onun razılığı istiqamətində yaşaya bilməyi lütf və kərəmi ilə ihsan etsin.

Amin!..

Mənbə: Osman Nuri Topbaş, “Genç Dergisi”, 2017-ci il may, 128-ci say

(Tərcümə: Şirəli MƏMMƏDOV)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMANLA YAZILAN DASTAN

Zəfərlər var ki, üstündən əsrlər keçsə də, min illər ötsə də, əsla qiymətini, bəxş etdiyi sevinc və qürur hissini itirməz,...

Bağla