İnsan həyatında istiqamət seçimi onun əməllərinin mahiyyətini və nəticəsini müəyyən edir. Qurani-Kərimdə istiqamət üç əsas sahədə izah olunur: boşluq, dünya, və axirət. İnsan niyyətini hara yönəldirsə, onun əməli də o istiqamətdə formalaşır. Bu seçim insanın həyat yolunu, məqsədini və son mənzilini müəyyən edir. Allah Quranda buyurur: “Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.” (Şura, 20) Bu ayə göstərir ki, niyyət axirətə yönəldikdə, Allah həmin insanın əməlini bərəkətləndirir. Dünya niyyətli insan isə yalnız bu fani aləmdə bəhrələnir, axirətdə isə əliboş qalır.
Allaha tərəf gedənlər
Bütün peyğəmbərlərin istiqaməti Allah rizasına yönəlmişdir. Onlar dünyəvi mənfəətləri deyil, axirət yurdunu üstün tutmuşlar. Saffat surəsində İbrahim peyğəmbərin duası belə qeyd olunur: “Mən Rəbbimə gedirəm. O, mənə doğru yolu göstərəcək.” (Saffat, 99)
Boşluğa Doğru Gedənlər
Bəzi insanlar isə hara getdiyini bilmədən, boşluğa doğru yönəlirlər. Quranda bu hal belə təsvir olunur: “Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik?” (Ənam, 71). Bu ayədə “şaşqın bir halda dolaşan” insanlar, istiqamətsiz, məqsədsiz yaşayanlar kimi təqdim olunur.
İnsan öz əməlini qiymətləndirmək üçün üç sual verməlidir: Niyə edirəm?, Necə edirəm?, Nə edirəm?
Quranda belə buyurulur: “Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.” (Hud, 112). Bu ayə istiqamətin düzgün olmasının vacibliyini vurğulayır.
- Nuh əleyhissalam səhrada gəmi düzəldərkən niyə etdiyini bilirdi. Ayədə deyilir: “Gözümüzün qabağında və vəhyimizlə gəmini düzəlt!” (Hud, 37) və beləliklə bu çətin və başqalarına mənasız kimi görünən iş onun üçün mənalı və asan hala gəldi.
- Xızır və Musa əleyhissalam hadisəsində Musa (a.s) divarın niyə düzəldildiyini bilmədiyi üçün səbir edə bilmədi. Sonradan Xızır izah etdi: “Divarın altında onlara (yetimlərə) aid bir xəzinə vardı.” (Kəhf, 82)
Bu misallar göstərir ki, “niyə?” sualının cavabı insanın istiqamətini müəyyən edir. İstiqamət insanın niyyətinə bağlıdır. Axirətə yönəlmiş niyyət insanı doğru yola aparır, boşluğa yönəlmiş niyyət isə onu zəlalətə sürükləyir. Hər bir əməl sahibi öz niyyətini və istiqamətini dərk etməli, “niyə?”, “necə?” və “nə?” suallarına cavab tapmalıdır.
Rəşad Manafov



