KÖNÜLLÜ ACİZLİK

0

İnsanın Allaha olan münasibəti onun dünyaya, hadisələrə və ətraf mühitə baxışını formalaşdıran əsas amillərdən biridir. Tövhid – yəni Allahın birliyini qəbul etmək – insanın həyat fəlsəfəsini, davranışlarını və qərarlarını köklü şəkildə dəyişdirir. Qurani-Kərimdə bu fərq açıq şəkildə vurğulanır: “Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz elmi ilə bildiyi üçün haqq yoldan azdırıb, qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?!” (Casiyə, 23)

Tanrını inkar edən insan kainatı məqsədsiz, təsadüfi və öz-özünə yaranmış bir sistem kimi görür. Bu düşüncə onu təbiətə və canlılara qarşı laqeyd və sərbəst davranmağa sövq edir. Belə insan özünü kainatın ağası hesab edir və yaradılışda heç bir hikmət görmədiyi üçün ağacların kəsilməsi, heyvanların öldürülməsi, təbiətin korlanması kimi hallara biganə yanaşa bilir. Əksinə, Allahı kainatın sahibi kimi qəbul edən mömin insan, hər bir varlıqda ilahi hikmət görür və ona qarşı məsuliyyət hissi ilə yanaşır. Quranda deyilir: “Ey insanlar! Siz Allaha möhtacsınız, Allah isə Zəngindir, Tərifəlayiqdir” (Fatir, 15)

Hadisələrə yanaşma tərzi də bu inanca bağlıdır. Məsələn, yağış yağdıqda bir qrup insanlar bunu işlərinə gəlmədiyi üçün narazılıqla qarşılayır, digərləri isə “bunda da bir xeyir vardır” deyərək müsbət tərəfini görməyə çalışır. Bu fərq bəzən şəxsiyyətlə əlaqəli olsa da, ümumilikdə bu baxışda inancın rolu böyükdür. Mömin insan hadisələrə Allahın iradəsi ilə baş verən sınaqlar kimi baxır, inkar edən isə onları təsadüfi və mənasız hadisələr kimi qiymətləndirir.

İnsan dünyaya iki əsas pəncərədən baxır: “ağalıq”“acizlik”. “Könüllü acizlik” – insanın Allah qarşısında acizliyini qəbul etməsidir və tövhidə aparan yoldur. Quranda Fironun son nəfəsindəki etirafını xatırlayaq: “Firon boğulmaq üzrə ikən dedi: ‘İsrail oğullarının inandığı Tanrıdan başqa tanrı olmadığına inanıram və mən də müsəlmanlardanam’” (Yunus, 90). Bu etiraf gecikmiş və məcburi acizlik nümunəsidir. Halbuki insan bu acizliyi həyatda ikən dərk etməli və könüllü acizliyə imza atmalıdır.

Tövhidə yönələn insan, kainatın sahibi olaraq yalnız Allahı qəbul edir və bu inanc onu daha mərhəmətli, ədalətli və məsuliyyətli edir. Nəticə etibarilə, könüllü acizlik insanın dünyaya baxışını, davranışlarını və həyat fəlsəfəsini formalaşdıran ən dərin və təsirli amillərdən birisidir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün iştirakçıları iyunun 29-da Bakı...

Bağla