LƏDUNİ ELM NƏDİR?

0

İslam alimlərinin bir qismi islami elmləri zahiri və batini elmlər olmaq üzrə iki hissəyə ayırmışlar. Fiqh, təfsir, hədis, kəlam kimi elmlər zahiri olduğu halda, hər kəsə əyan olmayan və Uca Allahın müəyyən bəndələrinə verdiyi gizli elmlər vardır ki, buna “batini elm” və ya daha çox məşhur olan adı ilə “ləduni elm” deyilir.

Buna görə də İslam terminologiyasında Allah-Təalanın lütfü ilə qeyri-adi şəkildə əldə edildiyi bildirilən elm və qeybə dair müəyyən məlumatlara “ləduni elm” deyilmişdir. Bu ad, Qurani-Kərimdə Həzrət Musa (ə.s) ilə Xızır (ə.s) qissəsindən bəhs olunarkən “مِنْ لَدُنَّا عِلْمًا / min lədunna elm”, yəni “Öz dərgahımızdan elm[1] buyurulduğu üçün buradakı ifadədən götürülmüşdür. Belə ki, Həzrət Musa (ə.s) Allahın vəli bəndəsi olan Xızır (ə.s) ilə bir səyahətə çıxmış və Xızırın (ə.s) etdiyi bir çox qeyri-adi işin şahidi olmuşdu. Xızır (ə.s) isə bütün bunları Uca Allahın ona bəxş etdiyi xüsusi bir elm sayəsində etdiyini bildirmişdi.[2]

Təsəvvüf ərbabına görə, Allah-Təala ona layiqincə ibadət və itaət edən vəli bəndələrinin qəlblərinə, gözlərin görə bilmədiyi, ağlın dərk edə bilmədiyi bir çox lütflər və müəyyən qeybi biliklər bəxş edər. Bunun bir dəlili odur ki, Uca Allah bəzi bəndələrinə xüsusi bir elm və hikmət verdiyini Qurani-Kərimdə: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər”,[3] – buyuraraq bəyan edir. Digər bir ayədə isə Allah-Təala: “Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi?[4] – buyurur ki, bir qisim təfsirçilərə görə, bu ayədə sözügedən “gizli olan nemətlər” ilə məhz “ləduni elm” nəzərdə tutulmuşdur.

 Digər tərəfdən Peyğəmbərimizə (s.ə.s) insanların idrak edə biləcəyi vəhylər nazil olmaqla yanaşı onların idrak edə bilməyəcəyi qeybi xəbərlər də bildirilmişdir. Buna görə də bir hədisində Allah Rəsulu (s.ə.s) səhabələrinə: “Mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız”,[5] – buyuraraq ona Allah tərəfindən verilən ləduni elmə işarə etmişdir. Hədis mənbələrində Həzrət Peyğəmbərin sirdaşı olan səhabə Hüzeyfə ibn Yəmana (r.ə) bəzi sirlər verdiyi, eləcə də Əbu Hüreyrənin (r.ə): “Rəsulullahdan iki elm öyrəndim. Birini yaydım, digərini isə gizli tutdum. Əgər onu da yaysaydım, mənim başımı kəsərdilər”, – dediyi də nəql edilmişdir.[6]

Nəticə etibarilə, Uca Allah dilədiyi bəndələrinə Öz elmindən bəxş edər və beləcə, həmin şəxs digər insanların bilmədiyi biliklərə və bir çox qeyb xəbərinə bələd olar. Bu da məhz həmin elmə sahib olacaq kimsənin Allaha səmimi-qəlbdən itaət və ibadət edən biri olması və Allah-Təalanın bunu diləməsi ilə mümkün ola bilər.

f.f.d. Ələddin Sultanov

[1] Kəhf, 18/65.

[2] Bax: Kəhf, 18/65-82.

[3] Ənfal, 8/29.

[4] Loğman, 31/20.

[5] Buxari, “Küsüf”, 2.

[6] Buxari, “Elm”, 42.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ YENİ PATRUL TƏYYARƏSİNİ İSTİFADƏYƏ VERİB – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul...

Bağla