MƏLƏKLƏRƏ İMAN

0

Göylər və yer üzü, bunların içindəki hər cür hadisə mələklərin işi daxilindədir. Mələklər Allahın ən böyük ordusudur. Mikayılın (ə.s) adı Qurani-Kərimdə bir dəfə keçir:

“Kim Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşmən olsa, (bilsin ki) şübhəsiz, Allah da kafirlərin düşmənidir”. (əl-Bəqərə, 2/98)

Mikayıl sözü Əhdi-ətiqdə (Tövratda) “Mikael” formasında keçməkdədir. Yəhudi inancına görə: Mikayılın “böyük rəis”, “İsrail oğullarının himayəçisi” olduğu zikr edilməkdədir. İsrail oğullarını iranlılara və yunanlılara qarşı qoruyanın da Mikayıl olduğuna, onlara müjdə, ucuzluq və bolluq gətirdiyinə inanırdılar.

Dörd böyük mələkdən biri olan Mikayılın vəzifəsi, bəzi hədislərə görə, kainatda meydana gələn küləklərin əsməsi və yağışların yağması kimi çox müxtəlif təbiət hadisələrini idarə etmək, insanların ruzisini təmin edən hər növ ehtiyaclarını sövq və idarə etməkdir. Çox qüvvətli və iri cüssəli olduğuna və bu vəzifəsini əmrindəki mələklərlə yerinə yetirdiyinə dair bəzi hədislərdə işarələr mövcuddur.

Mikayıl haqqında  mötəbər kitablarda çox da məlumat yoxdur. Bu mövzuda İsrailiyyat  çox olsa da, bəzi qaynaqlarda Allah-Təalanın Hz. Adəmə səcdə əmrini mələklərə və İblisə bildirmək üzrə Mikayılı vəzifələndirdiyi, Qurani-Kərimi yeddi qiraətə görə oxutması üçün Cəbrayılı təşviq etdiyi, Bədir döyüşündə müsəlmanlara kömək üçün endirilən mələklər arasında onun da yer aldığı rəvayətləri vardır. Bunlardan biri də, Peyğəmbərimizin uşaq ikən və ya İsra gecəsindən əvvəl sinəsini yaran və təmizləyən mələklər arasında Cəbrayıl ilə birlikdə Mikayılın da olduğu rəvayətidir.

İsrafil (ə.s) dörd muqarrəb və böyük mələkdən biri olub əsas vəzifələri – qiyamətin qopmasını, sonra ölülərin dirilməsini bildirən Suru iki (və ya üç) dəfə üfləməkdir. Bu səbəblə Sur mələyi deyə də tanınır. Bu çox əhəmiyyətli hadisənin qəti dəlili bu ayeyi-kərimədir:

İsrafilin (ə.s) qiyamət günü (vəzifəsini etmək üzrə) hər kəsdən əvvəl oyandırılacağı, Qüdsdə Sahratullaha (havada asılı daşa) söykənərək Allahın əmri ilə ölülərin dirilməsi işarətini verən Suru ikinci dəfə üfürəcəyi qəbul edilir.

İsrafilin (ə.s)  bu mühüm vəzifəsini yerinə yetirəcəyi Qiyamətin qopması anına qədər keçən uzun zaman müddətində Lövhü-Məhfuzda yazılı olan Allahın ilahi iradələrini oxumaq və hər dəfə muqarrəb mələyə bildirməklə vəzifəli olduğu da  rəvayət edilmişdir.  

Bir də Münkər və Nəkir adı verilən Qəbir mələkləri var. Bunlar ölən və qəbirə qoyulan hər qula Rəbbi, peyğəmbəri və kitabı haqqında sual soruşmaqla vəzifəlidirlər.

 Bundan başqa, adı çəkilməyən, daha bir çox vəzifə ilə mükəlləf mələklər haqqında Quranda müxtəlif ayələr vardır:

“Mələklər (iman əhlinə) “Salam sizin üzərinizə olsun” deyərək yaxşılıqla canlarını alar…” (ən-Nəhl, 16/32)

“Şübhəsiz, Rəbbimiz Allahdır deyib sonra düzgün yolda gedənlərin üzərinə mələklər enər. Onlara: “Qorxmayın, kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin” deyərlər”. (əl-Fussilət, 41/30)

“Mələklər o kafirlərin üzlərinə və arxalarına vuraraq canlarını alarkən onları bir görsəydin”. (əl-Ənfal, 8/50)

Mələklərdən bəzisi Allah-Təalanı təsbeh (sübhanallah) və təhmid (əlhəmdulilləh) zikri ilə məşğul olar, bəzisi də Peyğəmbərimizə oxunan salavati-şərifi ona çatdırmaqla vəzifələndirilmişdir.

Cümə günləri cümə namazına gələnləri təsbit etmək və xütbə oxunarkən içəri girərək xütbəni dinləməklə vəzifəli olan mələklər də var.

Əbu Hüreyrə (r.a) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir: “Hər kim cümə günü cünubluqdan təmizlənirmiş kimi qüsl aldıqdan sonra erkəndən cümə namazına gedərsə, bir dəvə qurban etmiş kimi savab qazanar. İkinci saatda gedərsə, bir inək, üçüncü saatda gedərsə, buynuzlu bir qoç qurban etmiş kimi savab qazanar. Dördüncü saatda gedərsə, bir toyuq, beşinci saatda gedərsə, bir yumurta sədəqə vermiş kimi savab qazanar. İmam minbərə çıxanda mələklər xütbəyə qulaq asmaq üçün həmin camaatın arasına qatılar.” (Buxari, Cümə 4; Müslim, Cümə 10)

Muqarrabin mələklər haqqında isə belə buyurulur:

“Nə Məsih İsa, nə də ən yaxın mələklər (muqarrabun) Allahın qulu olmaqdan çəkinməzlər. Kim Ona qulluqdan çəkinər və qürurlanmaq istəsə, düşünsün ki, Allah onların hamısını hüzuruna yığacaq”. (ən-Nisa, 4/172)

KAMRAN MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMANIN ZİRVƏSİ…

Qurani-Kərimdəki bəzi ayələr qısa olmasına baxmayaraq, çox geniş məna və məlumatlar ehtiva edir.

Bağla