“MƏN ORUCLUYAM” SEVİNCİ

0

Məryəm aleyhəssalam anamızın Quranda anladılan hekayəsi çox təəccüblü və möcüzəvidir. Rəbbimiz Məryəm surəsinin 26-cı ayəsində belə buyurur:   (Xurmadan və sudan) ye-iç, (İsanı doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”. Məryəm aleyhəssalam anamızın bu orucu “susma orucu” sayıla bilər. Bununla birlikdə, bu orucun normal oruc olduğunu və “susaraq” tutduğu oruca xələl gəlməməsini istədiyini də başa düşə bilərik. Bir hədisdə peyğəmbər əfəndimiz belə buyurur: “Sizdən bir nəfəri başqa bir nəfər söyərsə, yaxud sizinlə mübahisə etməyə salışarsa, qoy o adama iki dəfə “mən orucluyam” desin” (Buxari, Savm, 3). Məryəm aleyhəssalam anamız da oruclu olduğu üçün “mən orucluyam” dedi və heç kimlə mübahisəyə girişmədi. Halbuki, Məryəm anamıza böhtan atılmış, alçaq sözlərlə hücuma məruz qalmışdır. Bu hadisədən öncə ağır bir doğum sancısı yaşamışdı. Hamilə ikən insanlardan uzaqda, çətinlik içində və tək başına səbir göstərmişdir. Qövmünə geri qayıdarkən onlardan eşitdiyi azar, böhtan və həqarət qarşısında susaraq “mən orucluyam” deyə bilmək, necə deyərlər, “hər igidin karı deyil”.

Xırda bir məsələdə  belə mübahisə, söyüş, qeybət və nalayiq sözlərə “sığınan” insanlara Məryəmin orucu çök möhtəşəm bir cavabdır. Məryəm orucu onu göstərir ki, insanlar, bəzən mənəviyyatını, hüquqlarını, iffət və namusunu müdafiə etmək üçün “susmaq” yolunu seçə bilərlər. Bəzən qarşıdakı insana ən təsirli cavab elə susmaqdır. “Mən orucluyam” deyə bilmək bir səadət nişanəsidir və bu xoşbəxtlik hər kəsə nəsib olmur.

Oruclu bir insanın yalan, iftira, pis sözlər danışması, qeybət etməsi, bir sözlə dilini qoruya bilməməsi çox böyük bir qüsur sayılır. Belə insanların orucu zahiri olaraq pozulmasa da, mənəviyyat baxımından insana çox zərəri toxunur. Bir alimin dediyi kimi “yemək, içmək orucu pozar, qeybət və yalan isə orucu bərbad edər”.  Gelin, Məryəm aleyhəssalam kimi oruc tutaq və gərəkli olarsa da, “mən orucluyam” deyə bilməyin sevincini yaşayaq.

Rəşad Manafov 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan, Türkiyə və Gürcüstan etibarlı tərəfdaşlar olaraq əsl körpü qurucuları kimi çıxış edir”

Azərbaycan, Türkiyə və Gürcüstan kritik, etibarlı və davamlı tərəfdaşlar olaraq əsl körpü qurucuları kimi çıxış edir. "Report" xəbər verir ki,...

Bağla