MƏSCİDİ-ƏQSA

0

İslam alimləri Qurani-Kərimdə “Məscidul-Əqsa” olaraq qeyd edilən və ətrafının mübarək olduğu bildirilən yerin (əl-İsra 17/1) “Beytulməqdis” (Nəvəvi, III, 327) olmasında həmfikirdirlər. Əqsa, ərəbcə “uzaq” deməkdir və bu ad məbədin Məkkədən uzaqlığına görə verilmişdir (Təbəri, Camiul-bəyan, 15/5.). Bir hədisə görə, bu, Məscidul-Həramdan sonra insanların Allaha ibadət etmələri üçün tikilmiş ən qədim ikinci məbəddir (Buxari, “Ənbiya”, 10, 40; Müslim, “Məsacid”, 1, 2). Bu gün Kəbə, ətrafı ilə Məscidul-Haram adlandığı kimi, Məscidul-Əqsa da ətrafı ilə birlikdə Harami-Şərif adlanır və bununla da köhnə Qüdsün, şimalı 321 metr, cənubu 283 metr, şərqi 474 metr, qərb tərəfi isə 490 metr olan və “Qübbətüs-Səhra”nın da daxil olduğu müqəddəs yeri əhatə edir.

“İsra” surəsinin birinci ayəsində açıq şəkildə bildirilir ki, Həzrət Peyğəmbər (s.ə.v.) merac səfərinə çıxmazdan əvvəl müsəlmanların qibləsi olan Məscidul-Əqsaya gətirilmişdir. Hicrətdən sonra qiblənin Məscidul-Əqsadan Məscidi-Harama çevrilməsi on altı-on yeddi ay çəkdi. Bu vəziyyət İslamda Məscidul-Əqsaya verilən dəyəri göstərir. Həzrət Peyğəmbərin (s.ə.v.) Qüdsün fəth edilməsindən illər əvvəl dedikləri əks etdirir ki, ibadət və ziyarət məqsədilə ziyarət edilməli olan üç məsciddən biri də Məscidul-Əqsadır (Müslim, “Həc”, 511-513 ) Həzrət Ömər Qüdsün açarlarını aldıqdan sonra xristianlıq dövrünə aid dağıntılar altında qalan Məscidul-Əqsanın (Süleyman məbədi) yerinin təmizlənməsində iştirak etmiş və Qübbətüs-Səhranın cənubundakı düzənlikdə camaata namaz qıldırmışdır (Təbəri, Târih, II, 450) Burada bir məscid də tikdirmişdi. Erkən İslam mənbələrində bu məscid haqqında çox məlumat yoxdur. Lakin təxminən hicri 50-ci (670) illərdə buraya gələn bir xristian zəvvarın söylədiklərindən məlum olur ki, müsəlmanlar hərəmin şərq divarının yaxınlığında yerləşən xarabanı taxtalarla örtmüşlər. 3000 nəfərin namaz qılması üçün kifayət qədər böyük olan sadə bir məscid tikiblər (Kresvel, səh. 10). Mənbələrdə qeyd edilən məlumata görə, sözügedən xarabalıq Titusun əsgərləri tərəfindən dağıdılmış məbədin qalıqlarıdır. Yəqubidən nəql edilən bir rəvayətdə Məscidul-Əqsanın ikinci dəfə Əməvi xəlifəsi Əbdülməlik b. Mərvan tərəfindən Misirdən gələn yeddi illik xəracla tikildiyi bildirilsə də, hicri 90-96 (709-714) illərdə Misir valisi olmuş Qurrə b. Şərik dövrünə aid Rum məclis qeydlərindən binanı tikdirənin Əməvi xəlifəsi I Vəlid olduğu anlaşılır. Hicri 130-cu ildə (747-48) baş verən zəlzələ zamanı məscid böyük ziyan gördü və binanı ancaq Əbu Cəfər əl-Mənsur (754) dövründə təmir etmək mümkün oldu. Hicri 158 (775)-ci ildə baş verən növbəti zəlzələ nəticəsində Məscidul-Əqsa qismən dağılmış və Mehdi-Billah tərəfindən yenilənmişdir.

21 avqust 1969-cu ildə fanatik bir yəhudi tərəfindən başladılan yanğın nəticəsində qismən dağıdılan məsciddə Nurəddin Mahmud Zənginin tikdirdiyi nəfis taxta minbər də yanmışdır. Sonrakı illərdə bina orijinal formasına uyğun olaraq yenidən qurulsa da, yəhudilər və ərəblər (fələstinlilər) arasında davam edən qarşıdurmalar səbəbindən hələ də zaman-zaman hücumlara və dağıntılara məruz qalır. Məscidul-Əqsada digər məscidlər kimi mədrəsə xidmətləri fəaliyyət göstərirdi. Həmçinin Məsidul-Əqsanın zəngin kitabxanası da var idi. Əyyubi məscidin kitabxanasını Qüdsü yenidən fəth etdikdən sonra daha da zənginləşdirmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NOYABR AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət...

Bağla