MƏSCİDİ-HARAM

0

Məscidi-Haram, Qurani-Kərimdə on beş yerdə keçir. Bu ifadə ilə Kəbə, Kəbəni əhatə edən və ibadət üçün istifadə edilən ərazi, Məkkə və ya Məkkə hərəmini başa düşülür. Məscidi-Haram, həmçinin “əl-beyt”, “əl-beytul-ətiq”, “əl-beytul-mə`mur”, “əl-beytul-haram”, “əl-haramul-Məkkə”, “hərəmi-şərif”, “Kəbə”“durah” kimi adlarla da adlandırılır (Bozkurt və Küçükaşçı, 29/273-277). Məscidi-Haram, yer üzündə inşa edilən ilk məsciddir (Ali-İmran, 3/96). Həzrət Peyğəmbər (s.ə.v.) İslamı təbliğ etmək üçün Məscidi-Haramdan istifadə etmişdir. Təbliğ əsnasında məkkəli müşrikləri tərəfindən şiddətə məruz qalsa da “Həcərul-əsvəd”“Rüknül-Yəmani” arasındakı ərazidə namaz qılmışdır (İbn Hişam, 1/369). Məscidi-Haram İslam dini baxımından o qədər önəmlidir ki, burada ibadətin qadağan edilməsi Allah qatında böyük günah hesab edilir (əl-Bəqərə 2/217). Həmçinin, Tövbə surəsinin 28-ci ayəsinə görə müşriklərin Məscidi-Harama yaxınlaşmaları qadağan edilmişdir (ət-Tövbə, 9/28).

            Məscidi-Haram, həcc mövsümündə müsəlmanların bir araya gəlmə yeridir. Dünyanın fərqli bölgələrindən gələn müsəlmanlar Məscidi-Haramda toplanıb birgə ibadət edir, dərdlərinə şərik olur, elm məclisləri qurub fərqli mövzularda müzakirələr edirlər. Məscidi-Haramdakı mədrəsələrin fəaliyyəti həcc mövsümündə ən pik nöqtəsinə çatır. Seleyman Çələbi “Səyahətnamə” adlı əsərində bu haqda geniş məlumarlara yer verir (Çələbi, 9/277). Həcc mövsümündə Məscidi-Haramda bir araya gələn alimlər həmin mədrəsələrdə təşkil edilən dərs halqalarına qatılmış, elmi və fikri müzakirələrdə iştirak edərək münaqişəli mövzuların həllində yaxından iştirak etmişlər.

            Məkkəli müşriklər Həzrət Muhəmmədin (s.ə.v.) Məscidi-Haramda namaz qılmasına maneə törətmişdilər. Buna baxmayaraq Həzrət Peyğəmbər (s.ə.v.), Məkkənin fəthi günü ora sığınan müşrikləri bağışlamışdır. Daha sonra Həzrət Peyğəmbər (s.ə.v.), Əbu Məhzurəni (Məscidi-Haramın ilk müəzzinidir) Məscidi-Harama müəzzin təyin etmişdir. Əbu Məhzurədən sonra oğlu və onun nəslindən gələnlər bu vəzifəni layiqli ilə davam etdirdilər.

            Məscidi-Haramın fəziləti haqqında İslam qaynaqlarında çoxlu rəvayətlər yer alır. Həzrət Muhəmməd (s.ə.v.) yer üzündə inşa edilən ilk məscidin Məscidi-Haram olduğunu (Buxari, “Ənbiya”, 10, 40; Müslim, “Məsacid”, 1-2), fəzilət baxımında ziyarət edilməyə layiq üç məsciddən biri olduğunu (Məscidi-Haram, Məscidi-Nəbəvi, Məscidi-Əqsa) və burada qılınan namazın digər məscidlərdə qılınan namazlardan daha fəzilətli olduğunu bildirmişdir (Buxari, “Fəzilətus-salah fi məscidi-Məkkə vəl-Mədinə”, 1; Müslim, “Həcc”, 415; 505-513).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov İƏT-in İsrail-Fələstin münaqişəsi ilə bağlı növbədənkənar iclasında iştirak edəcək

Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə...

Bağla