NƏSUH TÖVBƏSİ NƏDİR?

0

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər”.[1]  

Ayədəki “səmimi-qəlbdən tövbə” şəklində tərcümə etdiyimiz تَوْبَةً نَصُوحًا ifadəsi “nəsuh tövbəsi” olaraq terminləşmişdir. Ümumiyyətlə “tövbə” ifadəsi Qurani-Kərimdə 86 dəfə keçir. Bu ayədə isə Uca Allahın etməyimizi istədiyi nəsuh tövbəsidir. “Nəsuh” ifadəsi “saf, xalis, təmir edən, nəsihət verən” mənalarına gəlir. Bu ayədə qəsd edilən mənası isə belədir ki, insan etdiyi günahlara görə həqiqətən, peşman olub etdiyi xətaları bir daha əsla etməmək şərti ilə Allaha tövbə etməlidir.

Peyğəmbərimiz (s.ə.s) də tövbə etməklə bağlı belə buyurmuşdur: “Günaha görə peşmançılıq çəkmək tövbədir”.[2] Digər bir hədisi-şərifdə isə belə buyurulmuşdur: “Tövbə, etdiyi günahı bir daha etməmək üzrə tərk etməkdir”.[3]

Günahlara görə tövbə edib Allahdan bağışlanmağımızı istəməyimiz fərzdir. Tövbə ilk insan olan Həzrət Adəmlə (ə.s) başlayıb qiyamətə qədər davam edəcək bir əməldir. Allah-Təala Ona şirk qoşmaq və ya Onun varlığını inkar etmək xaricindəki bütün günahları əfv edə biləcəyini bildirir. Buna görə də həddindən çox günahkar olan şəxs belə Allahdan ümidini kəsməməli və əcəl gəlməzdən əvvəl tövbə etməlidir. Çünki Uca Allah: “De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”,[4] – buyuraraq mərhəmət qapısının daim açıq olduğunu müjdələmişdir. Bunun gerçəkləşməsi üçün də bir möminin səmimi-qəlbdən nəsuh tövbə etməsi lazımdır.

Misirli mütəsəvvif Zünnun Misri (ö. 859) həqiqi tövbə üçün bədənimizin hər bir orqanının tövbə etməli olduğunu qeyd edir. Belə ki, qəlbin tövbəsi günah işləri düşünməməsi və buna niyyətlənməməsi, gözün tövbəsi harama baxmaması, ayaqların tövbəsi haram yola getməməsi, qulaqların tövbəsi harama qulaq asmaması, mədənin tövbəsi isə haram şeyləri yeməməsidir.

Nəticə etibarilə, unutmayaq ki, biz keçmiş və gələcək günahlarının Allah tərəfindən bağışlandığı Qurani-Kərimdə müjdələndiyi[5] halda hər gün ən az 70 dəfə tövbə-istiğfar edən bir peyğəmbərin ümmətiyik. Buna görə də ölüm mələyi qapımızı çalmazdan əvvəl nəsuh tövbəsi ilə Rəbbimizə yönəlməli və hər günümüzü tövbə-istiğfar ilə keçirməliyik.

f.f.d. Ələddin Sultanov

[1] Təhrim, 66/8.

[2] İbn Hənbəl, “Müsnəd”, I, 423.

[3] İbn Hənbəl, “Müsnəd”, I, 446.

[4] Zümər, 39/53.

[5] Bax: Fəth, 48/2.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏVVARLAR KƏBƏDƏ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDƏCƏKLƏR

Səudiyyə Ərəbistanındakı tədqiqatçılar döşəmədən porşen sistemi ilə enerji almağa imkan verən ixtira üçün ABŞ-da patent ala biliblər. Yeni ixtira adi...

Bağla