İlahi mənşəli dinlərin hamısında peyğəmbərlik müəssisəsi mühüm yer tutur. Nübüvvətin mövcudluq səbəbi Uca Allahın ali hikmətində təcəlli edir. İnsan ətraf aləmə diqqətlə nəzər salıb sağlam təfəkkür etdikdə öz acizliyini və məhdudluğunu dərk edir.
Bəşər övladı həyatının hər mərhələsində ona yardım edəcək, əl uzadacaq bir qüvvənin varlığına ehtiyac duyur. Bu yardım bəzən ana, ata, qardaş, qohum və ya dost vasitəsilə gerçəkləşir. Lakin insanların əksəriyyətinin diqqətdən qaçırdığı daha mühüm bir yardım mənbəyi vardır ki, o da Uca Allahın inayəti və köməyidir. İlahi yardım insanın təqdim etdiyi hər cür dəstəkdən daha üstün və daha əhatəlidir. Ancaq insan, cəhaləti və nəfsani meyilləri səbəbilə bəzən bu yardımı inkar edir, bəzən isə onu qəbul etməkdə acizlik göstərir.
Uca Allah bəşəriyyətin hidayəti və nicatı üçün peyğəmbərlər göndərmişdir. Tarixin bütün dövrlərində peyğəmbərlərin və ilahi vəhyin mövcudluğu insanlara doğru yolu göstərmişdir. Səthi olmayan elmi müşahidə göstərir ki, peyğəmbərlərin rəhbərlik etdiyi cəmiyyətlər mənəvi və ictimai baxımdan daha yüksək inkişaf səviyyəsinə çatmış, qonşu toplumlarla müqayisədə daha üstün mövqedə olmuşdur. Belə cəmiyyətlər maddi və mənəvi günahlardan uzaqlaşmağa imkan verən vasitələrə sahib olmuş, sosial rifah və əxlaqi nizam baxımından daha sabit bir quruluş nümayiş etdirmişdir. Buna görə də peyğəmbərlər sadəcə adi insanlar deyil, eyni zamanda bəşəriyyətə hidayət yolunu göstərən ilahi rəhbərlərdir.
İnsan ağıl və təfəkkür vasitəsilə peyğəmbərlik müəssisəsinin zəruriliyini müəyyən ölçüdə dərk edə bilər. Bu nöqtədə İmam Maturidi peyğəmbərliyin vacibliyini əsaslandırmaq üçün bir sıra mühüm dəlillər irəli sürmüşdür:
a. Sosial nizam və hüquqi ehtiyac dəlili– İnsan yaşamaq üçün yemək, içmək, geyinmək və təhlükəsizlik kimi bir çox ehtiyaclara möhtacdır. Bu ehtiyacların təmin edilməsi zamanı insanlar arasında qarşıdurmalar və münaqişələr meydana çıxır. Belə vəziyyət cəmiyyətin təhlükəsizliyini və ictimai rifahını ciddi şəkildə təhdid edir. Buna görə də cəmiyyətin nizamını qoruyacaq qanunlara ehtiyac yaranır. İnsan tərəfindən qoyulan qanunlar isə əksər hallarda nöqsanlı və məhdud xarakter daşıyır. Halbuki Uca Allahın qoyduğu ilahi qanunlar bütün dövrlərdə insanlığın rifahına xidmət edən kamil prinsiplərə əsaslanır. Lakin bu qanunların cəmiyyətə düzgün şəkildə çatdırılması və tətbiq edilməsi üçün etibarlı, əxlaqlı, nümunəvi və insanlar tərəfindən qəbul edilən şəxslərə ehtiyac vardır. Peyğəmbərlər məhz bu xüsusiyyətlərə sahib olduqları üçün ilahi hökmləri insanlara doğru şəkildə çatdırır və onların tətbiqinə rəhbərlik edirlər. Beləliklə, cəmiyyətdə yenidən təhlükəsizlik və rifah bərqərar olur.
b. İnsan təbiətinin yönləndirilməsi dəlili– İnsan fayda əldə etməyə və zərərdən uzaq durmağa çalışan bir varlıqdır. Lakin o, çox zaman nəfsani arzularının və hisslərinin təsiri altında yanlış qərarlar verir, həm özünə, həm də başqalarına zərər yetirir. Bəzən də yanlış seçimləri nəticəsində sahib olduğu maddi və mənəvi dəyərləri itirir. Buna görə insanlara doğru yolu göstərəcək, onların həyatını nizamlayacaq rəhbərlərə ehtiyac vardır. İmam Maturidiyə görə bu vəzifəni layiqincə yerinə yetirə biləcək şəxslər yalnız peyğəmbərlərdir. Çünki peyğəmbərlər güclü bəsirətə, yüksək mənəvi idraka və çətinliklər qarşısında təmkinli davranmaq qabiliyyətinə malikdirlər. Buna görə də insanları həqiqi fayda və uğura aparan yolları ən doğru şəkildə göstərə bilənlər onlardır.
c. Şükür və ibadətin öyrədilməsi dəlili– İnsan ağıl vasitəsilə Uca Allaha şükür etməyin vacibliyini müəyyən qədər anlaya bilir. Lakin o, bu şükrün necə və hansı formada yerinə yetirilməli olduğunu öz ağlı ilə tam şəkildə müəyyən edə bilmir. Buna görə də insana Allah qarşısındakı vəzifələrini öyrədəcək bir rəhbərə ehtiyac vardır. Peyğəmbərlər ilahi vəhyə əsaslandıqları üçün insanlara ibadətin mahiyyətini və şükür vəzifəsini ən doğru şəkildə öyrədən müəllimlərdir. Bu səbəbdən bəşəriyyət peyğəmbərlik müəssisəsinə möhtacdır (Maturidi; 1970, 175-186, Yeprem; 2021, 27-28)
İmam Maturidinin irəli sürdüyü bu fikirlər peyğəmbərlik müəssisəsinin zəruriliyini ağıl yolu ilə əsaslandıran dəlillərdən yalnız bir neçəsidir. Şübhəsiz ki, hər bir müsəlman bu mövzuda fərqli yanaşmalar və yeni əsaslandırmalar irəli sürə bilər. Biz müsəlmanlar da İmam Maturidinin metodundan ilham alaraq, dövrün tələblərinə uyğun yeni izah və sübut yolları ortaya qoymalı, peyğəmbərliyin bəşəriyyət üçün nə qədər mühüm və zəruri olduğunu müasir insanın anlayacağı şəkildə ifadə etməliyik. Xüsusilə çağdaş dövrdə mənəvi böhranların, əxlaqi aşınmanın və sosial problemlərin artdığı bir şəraitdə bu ehtiyac əvvəlki dövrlərlə müqayisədə daha qabarıq şəkildə hiss olunur.
Murad Ağayev



