ÖLÜM ƏN YAXŞI NƏSİHƏTÇİDİR!

0

Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İnsana nəsihətçi olaraq ölüm, zənginlik olaraq iman, məşğuliyyət olaraq ibadət kifayətdir“. (Beyhəqi, “Şuabul-iman”, VII, 353) Bu hədis hər nə qədər bəzi hədis tənqidçiləri tərəfindən zəif olaraq qəbul edilsə də, məna baxımından çox hikmətli bir sözdür. Çünki, bu hədisdə insanı mənəvi baxımdan inkişaf etdirən əsaslar cəm olunub. Bu əsasların ən önəmlilərindən biri ölümün insan tərəfindən idrak olunmasıdır.

Ölüm, öz səssizliyinin içində yatan və yalnız qəlbinin və ruhunun qulaqlarını açaraq dinləmək istəyənlərə böyük nəsihətlər verir. Ölüm, insanın həyatdan qopması və torpağa qarışaraq torpaq olması ilə böyük mesajlar verir. Ziyarət olunan hər qəbir daşı altında yatan fərqli dünyaları, eşitmək və dinləmək istəyən hər bir insana necə də gözəl anladır. Elə isə ölüm səssiz kimi görünsə də əslində səsi çox gurdur. Qəlbinin və ruhunun can qulaqlarını açaraq dinləmək istəyən hər kəsə ölümün anladacağı çox hekayələr vardır. Lakin tarix boyu səssiz və sakin olanların səsini dinləyənlər həmişə az olmuşdur. Ölüm də belədir. Onu dinləmək istəyənlər yalnız onu özünə yaxın bilənlərdir. Onu özünə yaxın bilməyənlər heç vaxt ona qulaq asmamışdırlar.

Ölüm, müdrikdir. Sözü kəsərli və təsirlidir. Dedikləri tamamilə həqiqətdir. Onun dediklərinin yalan olma ehtimalı əsla yoxdur. Elə isə ey qafil insan! Gözünü yum, qəlbinin və ruhunun qulaqlarını aç, sus, düşün, təfəkkür et, gör ölüm sənə nə deyir?! Bu gün sən ona get ki, sabah o sənə gələndə aranızda bir dostluq, bir tanışlıq olsun. Bu gün sən onu dinlə ki, sabah o da səni dinləsin. Unutma ki, ən sərt qayaların içində gizlənsən də, göyün yeddinci qatına yüksəlsən də gec-tez sən ona qovuşacaqsan. Qovuşmadan öncə dostunu və düşmənini tanı. Ölümə dost ol ki, ölüm də sənə dost olsun.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QAZAZISTAN PREZİDENTİ ÜMRƏ ZİYARƏTİ EDİB – FOTO

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ümrə ziyarətini də...

Bağla