ÖZÜNÜZÜ HESABA ÇƏKİN!

0

İnsan unutqan varlıqdır. Xüsusilə etdiyi günahları tez unudar. Lakin Uca Allahın insandan tələb etdiyi daim özünü hesaba çəkməsi və günahlarının fərqində olaraq xətalardan uzaqlaşıb yaxşılıqlara yönəlməsidir. Çünki insanın nəfsi yalnız özünü hesaba çəkməklə islah olar. Allahın verdiyi ömür tükənmədən öncə nəfsini hesaba çəkən insan axirəti üçün xoş günlər qazanar, nəfsin arzularına boyun əyib tək dünya üçün yaşayan insan isə axirətini itirmiş olar. Allah Rəsulu (s.ə.s) bu həqiqəti bir hədisində belə ifadə etmişdir: “Ağıllı insan nəfsinin arzularına hakim olub ölümdən sonrası üçün çalışan insandır. Aciz (ağılsız) insan isə nəfsinin bütün arzu və istəklərinə boyun əyən lakin buna rəğmən yenə Allahdan cənnəti istəyən insandır“. (İbn Macə, Zöhd, 31).

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır“. (Həşr, 59/18). Bu ayəyə belə bir izah vermək mümkündür: “Ey insanlar! Hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin! Sabah Rəbbinizin hüzuruna hansı əməllərlə çıxacağınıza və bu gün hansı əməllərlə məşğul olduğunuza baxın. Bilin ki, Allah sizin bütün etdiklərinizdən xəbərdardır. Ona heç bir şey gizli qalmaz. Etdiyiniz ən kiçik və ən böyük hər bir əməlinizi O bilir”. Həzrət Ömər də belə demişdir: “Hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin. Böyük hesab günü gəlmədən öncə hazırlıq görün. Çünki qiyamət, dünyada özünü hesaba çəkənlər üçün asan olacaq”.

İnsanın özünü hesaba çəkməsi qəlbdəki mənəvi xəstəliklərin müalicə üsullarından biridir. Çünki mənəvi xəstəliklərin müalicəsi ancaq nəfsi hesaba çəkmək və nəfsin arzularına qarşı çıxmaqla mümkündür. Qəlbin qatılaşması insanın özünü hesaba çəkməməsinin nəticəsidir. Bu səbəblə də insanın özüylə hesablaşması həm dünya həm də axirət baxımından zəruridir. Həsən əl-Bəsri bu haqda belə demişdir: “İnsan nəfsinə nəsihət etdikcə daim xeyir üzərində olar”. Bu mənada gözəl bir kəlamda belə deyilir: “İnsanın nəfsi xəyanətkar şərik kimidir. Əgər onu hesaba çəkməsən bütün qazancı mənimsəyər”.

 Nəticə olaraq, özünü hesaba çəkən insan öz qüsurlarını görər və etdiyi xətalardan uzaqlaşar. Eyni zamanda nə üçün yaradıldığını idrak edər və Rəbbinə daha çox yaxınlaşar. Rəbbinə yaxınlaşdıqca günahlardan uzaqlaşar və beləliklə sağlam bir imana sahib olar.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİ TELEFONLA DANIŞIB

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə...

Bağla