Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə din xadimləri və dini icma sədrləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxış edərək, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın din xadimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyduğunu bildirib. Belə bir şəraitdə din xadimi yalnız dini ayinləri icra edən şəxs deyil, eyni zamanda cəmiyyətdə sosial münasibətlərin möhkəmlənməsinə töhfə verən, insanları milli-mənəvi dəyərlərə, vətənpərvərliyə, tolerantlığa və qanunlara hörmət ruhunda istiqamətləndirən şəxs olmalıdır. İcraçı direktor vurğulayıb ki, təşkil olunan bu layihə vasitəsilə din xadimlərinin biliklərinin artırılması, dini radikalizm və ekstremizmə qarşı maarifləndirmə işinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi, eləcə də gənclərlə və ictimaiyyətlə iş sahəsində bacarıqların inkişaf etdirilməsi hədəflənir.
Seminar-treninqin ilk günündə “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası” mövzusunda təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məscidlərin yalnız ibadət yeri deyil, eyni zamanda təhsil, gənclərlə dialoq və sosial dəstək funksiyalarını da daşımalı olduğunu bildirib. O qeyd edib ki, din xadimləri gənclərin mənəvi böhran yaşadığı hallarda profilaktik addımlar atmalı, onları radikal şəbəkələrin təsirindən qorumalıdırlar. Bundan başqa, rəqəmsal dövrün tələblərinə uyğun olaraq din xadimləri sosial şəbəkələrdə passiv izləyici deyil, qısa videolar, podkastlar və canlı yayımlarla operativ elmi cavablar verən aktiv kontent yaradıcısına çevrilməlidirlər. O, həmçinin Azərbaycanın milli-mənəvi dəyərlərə və məzhəblərarası vəhdətə söykənən modelinin xarici təhdidlərə qarşı etibarlı sipər olduğunu deyib.
Daha sonra Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu “Dialoq mədəniyyəti və dini-mənəvi xidmət” mövzusundakı təqdimatında din xadimlərinin təsirli xitabət texnikalarına yiyələnməsinin vacibliyini vurğulayaraq, auditoriya ilə canlı təmas qurmağın əhəmiyyətini diqqətə çatdırıb. C.Nəzəroğlu din xadimlərinin Azərbaycan dilinin orfoepiya normalarına riayət etmələrinin, başqa dillərin aksent və ləhcə təsirlərindən yayınmalarının vacibliyinə toxunub. O, həmçinin müzakirələrdə məzhəb fərqliliklərindən qaçaraq ortaq mənəvi dəyərlərin önə çəkilməsinin əhəmiyyətindən danışıb.
Seminar-treninqin ikinci günündə “Din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılması” mövzusunda təqdimat edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, “İlahiyyat” məscidinin imamı Vüqar Səmədov bildirib ki, din xadiminin başlıca vəzifəsi cəmiyyətin dini-mənəvi tələbatlarının dolğun şəkildə qarşılanmasını təmin etməkdir. Bunun üçün isə təkcə dini elmlərlə kifayətlənmək yetərli deyil, sosial, psixoloji və fəlsəfi bilik və bacarıqların da mütəmadi inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, cəmiyyətin mənəvi ehtiyaclarına həssas yanaşmaq və sosial şəbəkələrdə aktiv olmaq müasir dövrdə dini fəaliyyətin səmərəliliyini artıran əsas amillərdəndir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev “Sosial media və dini maarifləndirmə” mövzusunda məruzə edib. O, müasir dövrdə insanlara doğru məlumatın vaxtında çatdırılmasının əhəmiyyətindən danışaraq bildirib ki, dini maarifləndirmə yalnız məscid və kitabxanalarla məhdudlaşa bilməz. Din xadimləri sosial şəbəkələrdə fəal görünməli, gənclərin suallarına məntiqli cavablar verərək informasiya məkanında boşluğun radikallaşma, xurafat və dezinformasiya ilə doldurulmasının qarşısını almalıdırlar. C.Əliyev qeyd edib ki, sosial şəbəkələrdə aparılan təbliğatda əsas məqsəd cəmiyyətə və dövlətə faydalı olmaqdır. Bu prosesdə təbliğatın düzgünlük, şəffaflıq, sadəlik, hörmət və səbir kimi beş əsas prinsipinə riayət olunmalı, auditoriyada rəqəmsal immunitet formalaşdırılmalıdır.
Qeyd edək ki, seminar-treninqin keçirilməsindəki əsas məqsəd din xadimlərinin intellektual səviyyəsini artıraraq onların peşəkar fəaliyyətini dövrün tələblərinə uyğunlaşdırmaq və vahid platforma yaratmaqdır. Bu kimi təşəbbüslər din xadimlərinin cəmiyyətə inteqrasiyasını dərinləşdirir, milli-mənəvi irsimizin yaşadılmasına və radikal meyillərlə effektiv mübarizəyə xidmət edir.



