“QARABAĞ MÜHARİBƏSİNDƏ UĞURA VASİTƏÇİ OLMAQ BİZİM ÜÇÜN BÖYÜK ŞƏRƏFDİR”

0

“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 qırıcıları dövrünün sona çatacağını da proqnozlaşdırırıq”.

Bu fikirləri “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.

“İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta beşinci nəsil təyyarələrin belə, sonunu gətirəcək. Gələcəyin ən güclü hərbi hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq”, – deyə o bildirib.

“Baykar” şirkətinin rəhbəri qeyd edib ki, bu mövzu Qarabağ müharibəsindən sonra müzakirə edilib. “Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir. İnkişafa davam etsək, hər hansı bir xarici və ya daxili təsiri olmasa, belə davam edəcək.

Biz hazırda bu texnologiyaya böyük marağı müşahidə edirik. İllərdir “Bayraktar”ın gəlirlərinin 70 faizindən çoxu ixracatdandır. Bu, müdafiə sənayesi üçün rekord göstəricidir”.

“Qardaşım Haluk Bayraktara Ukraynada fəxri fərman verildi, həm də yeni medal aldı. Atama, mənə və qardaşıma Qarabağ müharibəsindən sonra ordenlər verildi. Belə bir müharibədə müvəffəqiyyətə vasitəçi olmaq bizim üçün böyük şərəfdir”, – deyə Secuk Bayraktar əlavə edib.

O, qeyd edib ki, hazırda bir çox ölkələr Türkiyədən pilotsuz təyyarə almaq istəyirlər. Artıq 10-dan çox ölkə ilə müqavilə imzalanıb, 5 ölkəyə ixrac edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Selçuk Bayraktarı qəbul edib. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ACIDƏRƏ TÜRK ŞƏHİDLİYİNƏ YÜRÜŞ KEÇİRİLİB – VİDEO

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə...

Bağla