QİYAMƏTİN BİR ƏLAMƏTİ – VAXTIN QISALMASI

0

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Elm yox olmadıqca, zəlzələlər çoxalmadıqca, zaman qısalmadıqca, hərc, yəni cinayətlər artmadıqca və əlinizdəki var-dövlət aşıb-daşmadıqca qiyamət qopmaz“. (Buxari, İstisqa, 27). Gördüyümüz kimi hədisdə Allah Rəsulu (s.ə.s) qiyamətin bir əlaməti olaraq zamanın qısalmasına diqqət çəkir. Elə isə biz hədisdə keçən “zamanın qısalması” ifadəsini necə başa düşməliyik!?

Məlum olduğu kimi insanların istifadə etdiyi “zaman” məfhumu Allah qatındakı zaman məfhumundan fərqlidir. Belə ki, bir ayədə Uca Allah Öz dərgahında bir günün insanların hesabıyla min ilə bərabər olduğunu buyurur. (Həc, 22/47). İnsanların istifadə etdiyi zaman anlayışı günəş və ya ayın hərəkətinə görə tənzimlənmiş və bir gün 24 saat olaraq qəbul edilmişdir. İnsanlıq var olduğu gündən bəri bu nizam dəyişməmiş və qiyamətə qədər də belə davam edəcəkdir. Təbiətin bir qanunu olaraq günəş və ya aya görə nizamlanan vaxt məfhumunda hər hansı bir dəyişiklik olmadığına görə elə isə hədisdə keçən “zamanın qısalması” ifadəsinin altında yatan məna nədir?!

Hədisi şərh edən alimlər “zamanın qısalması” ifadəsinə iki fərqli şəkildə izah vermişlər. İlk olaraq bu ifadə ilə “qiyamətin yaxınlaşması”, ikinci olaraq isə “vaxtın dəyərsizləşməsi (bərəkətsizləşməsi)” kimi mənaların nəzərdə tutulduğu üzərində durulmuşdur. Bu şərhlərin hər ikisi hədisdə keçən ifadəni müəyyən qədər izah etsə də günümüzün pəncərəsindən baxdığımızda ikinci açıqlama daha real görülməkdədir. Belə ki, Allah Rəsulu (s.ə.s) bir hədisində vaxtın qısalmasına diqqət çəkmiş və ilin ay kimi, ayın həftə kimi, həftənin gün kimi, günün bir an kimi gəlib keçəcəyini buyurmuşdur. (Tirmizi, Zöhd, 24). Bu hədis ilə bərabər “zamanın qısalması” ifadəsini belə anlamaq mümkündür: Müasir həyatın intensivliyinə görə zaman bərəkətini itirəcək, zamanın nə qədər sürətlə keçdiyi, necə su kimi axıb getdiyi başa düşülməyəcək. Bu hədisin Rəsulullahın (s.ə.s) özünəməxsus bir izah üslubu ilə möminləri yaxşılığa təşviq etmə və pis davranışlardan çəkindirmə məqsədi daşıyan bir xəbərdarlıq kimi qiymətləndirilməsi daha doğru olar. Allah Rəsulu (s.ə.s) ümmətini bu mövzularda diqqətli davranmağa təşviq etmiş, onları xəbərdar etmiş, onlara vad-dövlət, elm, zaman kimi maddi və mənəvi dəyərləri yaxşı istifadə etməyi tapşırmışdır.

Nəticə olaraq, dövrümüzdə vaxtın su kimi axıb keçdiyini inkar edən heç kəs yoxdur. Allah Rəsulu (s.ə.s) bunu xüsusi olaraq vurğulamaqla həyatın faniliyinə diqqət çəkmiş və bu qısa zamanın insanın axirətini qazanmaq üçün önəmli fürsət olduğunu buyurmuşdur. 

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir”

"Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir". Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib....

Bağla