QMİ SƏDRİ MÜSƏLMAN AĞSAQQALLARI ŞURASININ BAŞ KATİBİ İLƏ GÖRÜŞÜB

0

Aprelin 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəxsi dəvəti ilə Azərbaycanda səfərdə olan Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamla görüşdü.

Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə dövlət başçımız Prezident İlham Əliyevin qlobal təşəbbüsləri və himayəsi ilə Azərbaycanın beynəlxalq müstəvidə dinlər, mədəniyyətlərarası dialoq və əməkdaşlıq prosesinə əməli töhfələrindən bəhs edərək, ölkəmizin bu sahədə evsahibliyi etdiyi ümumdünya əhəmiyyətli mötəbər tədbirlər barədə qonağı məlumatlandırdı. QMİ sədri A. Paşazadə Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğylayaraq, şəxsinin  Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini ölkəmizin və dini mərkəzin bu istiqamətdə səylərinə verilən böyük dəyər olduğunu qeyd etdi.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını Şeyxülislam A. Paşazadəyə çatdırdı. Bildirdi ki, müsəlman aləminin parlaq şəxsiyyətlərindən olan Şeyxülislam Allahşükür Paşazadə ilə hər bir görüş onun üçün xüsusi dəyər kəsb edir və təmsil etdiyi Müsəlman Ağsaqqalları Şurasında belə bir mötəbər, nüfuzlu dini liderin üzv olmasından şərəf duyur. Salamlara görə minnətdarlığını bildirən QMİ sədri A.Paşazadə onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş etdi və Əl-Əzhər Şeyxinin dünyadakı nüfuzunun qlobal dinlərarası dialoq prosesində, habelə İslamdaxili anlaşma və əməkdaşlıq yönündə real nəticələrin alınmasında böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

QMİ sədri A.Paşazadə Azərbaycanda 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi, AR Mədəniyyət Naziriliyi və Qafqaz Müsəlmanları İdarəsinin həmtəşkilatçılığı ilə dini liderlərin plenar iclasının, Bakı və Şuşada görüşünün  keçiriləcəyi barədə danışdı, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın bu foruma dəvətli olduğunu məmnunluqla qeyd etdi. Şeyxülislam həzrətləri, həmçinin, Müsəlman Ağsaqqalları Şurasının COP28-də təşkil etdiyi iqlim naminə dini pavilyonu və Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə keçirilən tədbirdə iştirakını xatırladaraq, bu il Azərbaycanın evsahibliyi etdiyi COP29 çərçivəsində də bu uğurlu təcrübənin davam və inkişaf etdiriləcəyinə əmin olduğunu qeyd etdi.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi xüsusi vurğulandı. Müsəlman Ağsaqqalları Şurası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın gələcək perspektivləri və birgə tədbirlər müzakirə edildi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türkiyə PA komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə...

Bağla