QMİ SƏDRİ RAMAZAN BAYRAMINI TƏBRİK EDİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə azərbaycanlı həmvətənlərin, habelə bütün müsəlmanların Ramazan bayramını təbrik edib.

QMİ mətbuat mərkəzinin yaydığı məlumata görə təbrikdə deyilir:

Bismillahir-Rəhmanir-Rəhim!

Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!

İslam aləminin əziz günü – mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Müsəlman dünyasında Eydül-Fitr – Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrə

yliyin və xeyir-bərəkətin qovuşduğu mübarək gündür. Ayeyi-şərifdə Uca Rəbbimizin  Ramazanın mahiyyətinə verdiyi dəyər çox böyükdür: “Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazli olduğu aydır” (Bəqərə, 185). Biz Azərbaycan müsəlmanları Ramazanın ruzi və nemətinə yetişdiyimiz üçün Allah-Taalanın mərhəmətinə şükür edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlətimizin başçısı, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Bu ilki Ramazan bayramı bizim üçün  daha dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin  süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq – qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad edilib. Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün ailə üzvərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.

Allaha çox şükürlər olsun ki, hər yeni Ramazan bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Dözvlət rəhbərimizin fövqəladə səyləri nəticəsində ölkəmiz bugün beynəlxalq səhnədə mühüm layihələri həyata keçirən, qlobal iqlim problemlərinə həsr olunmuş GOP-29 Forumuna, Ümumdünya Dni Liderlərinin Bakı toplantısına, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər nüfuzlu tədbirlərə evsahibliyi edən dövlətə çevrilmiş, dünyanın siyasi arenasında qətiyyətli söz sahibi haqqını qazanmışdır. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində və müdrik islahatlarda görür, hər sahədə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir. Bu zəfərlər bizim qürur mənbəyimiz və hər daim etdiyimiz duaların müstəcab olduğuna görə Rəbbimizə şükrümüzdür.

Əziz həmvətənlərim! Məğfirət, savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu mübarək bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşsin, inşallah! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMIN.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAKAN FİDAN: TÜRKİYƏ İSRAİLƏ QARŞI YENİ ƏKS TƏDBİRLƏR GÖRƏCƏK

Türkiyə hakimiyyəti İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında...

Bağla